Masallı polisində şöbə rəisi polis mayoruna atəş açıb? - DİN-dən açıqlama


"8 Oktyabr 2022-ci il tarixdə, günorta radələrində Masallı rayon Polis şöbəsinin iki əməkdaşı - İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Xəzər Şahbazovla əməliyyatçı, polis mayoru İlqar Qasımovun arasında mübahisə olub və nəticədə silahlı insident baş verib".
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalist Əfqan Sadıqov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
O bildirib ki, daha sonra İ.Qasımov X.Şahbazova atəş açıb:
"Polis şöbəsinin içində baş verən mübahisə zamanı Xəzər Şahbazov İlqar Qasımovu küçə söyüşləri ilə təhqir edib. Əsəbiləşən İlqar Qasımov “Makarov” tipli tabel silahından Xəzər Şahbazova 3 dəfə atəş açıb. Lakin əməliyyatçı polis serjantı Zamin Kazımovun müdaxiləsi nəticəsində atılan güllələr hədəfdən yan keçib. Hal-hazırda Polis şöbəsinin rəisi Azay Ağayev və rayonun Prokuroru Vəli Mustafayev baş verən insidentin ört-basdır edilməsindən ötrü şəxsi heyətlə ciddi iş aparırlar.
Aldığımız məlumata görə, polis mayoru İlqar Qasımov oktyabrın 8-də polis şöbəsinin əməliyyat qrupunda olub. O, Əfqanıstan və 1-ci Qarabağ müharibəsinin veteranıdır. Masallının Qızılavar kəndində yaşayır.
Xəzər Şahbazov isə əslən Yardımlı rayonundandır. Masallı və Yardımlı rayonlarında kriminal qruplarla yaxın əlaqələrinin olması barədə söz-söhbətlər dolaşır”.
Məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Yeniavaz.com-a açılamasında bildirib ki, yayılan iddialar uydurmadır:
“Həmin iddialar uydurmadır və heç bir əsası yoxdur. Əslində isə oktyabrın 7-də Masallı Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru İlqar Qasımov xidmətdən sonra ona təhkim olunmuş silahı növbətçi hissəyə təhvil verən zaman silahın dolu və ya boş olduğunu yoxlayarkən ehtiyatsızlıqdan bir dəfə atəş açılıb. Heç kim xəsarət almayıb, hər hansı maddi ziyan qeydə alınmayıb”.
Tarix: 11-10-2022, 14:36
Xəbəri paylaş





Xəbər lenti