SOCAR-ın qadın əməkdaşına qarşı 154 500 manatlıq dələduzluq edildi


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Fərid Fərhadovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
 
İttihama görə, 1993-cü il təvəllüdlü Fərid Fərhadov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş Günay Məmmədovaya (şərti) guya Türkiyədən kişi geyimləri gətizdirib Bakı şəhəri və respublikanın rayonlarında satıb yaxşı qazanc əldə etdiyini, məşğul olduğu həmin ticarətə qadın da pul qoyacağı halda qazancla birlikdə qaytaracağına dair yalan vəd verib.
 
O, 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayının əvvəllərinə kimi Günaydan ümumilikdə 154 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
 
Daha sonra Fərid Fərhadov qadının şikayəti əsasında saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
 
Məhkəmədə Fərid Fərhadov ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
 
O, ifadəsində göstərib ki, 2018-ci ildə Günayla iş yoldaşının toy ziyafətində tanış olub, bir-birlərinin mobil telefon nömrəsini götürüb. Zərərçəkmiş şəxs ona SOCAR-da anbar müdir müavini vəzifəsində işlədiyini deyib, o, isə qadına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində çalışdığını söyləyib.
 
Həmin vaxt Fərid subay olub. O, 2020-ci ildə ailə həyatı qurub, 2021-ci ildə isə oğlu anadan olub. Fərid ailə həyatı qurduğunu zərərçəkmişdən gizlədib, ancaq onunla yaxın münasibətləri qalıb.
 
Zərərçəkmiş Günay Məmmədova dindirilərək deyib ki, təqsirləndirilən şəxs ondan biznes işi qurmaq adı ilə aldığı 154 500 manat puldan 17 000 manat qaytarsa da, 137 500 manat pulunu qaytarmayıb. O söyləyib ki, Fərid həmin pul ələ keçirərək ona qarşı dələduzluq edib.
 
Günay bildirib ki, hazırda təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəyib, onun Fəridə qarşı şikayəti və tələbi yoxdur.
Tarix: 5-11-2022, 17:09
Xəbəri paylaş





Xəbər lenti