Mingəçevirin ad günündə ucuz “atəşfəşanlıq şousu”


Təşkilatçıların səhlənkarlığı ictimai fəalın yaralanmasına səbəb olub

Noyabrın 11-də axşam saatlarında Mingəçevir şəhərinin 74 illiyi münasibətilə icra hakmiyyəti tərəfindən teatr meydanının qarşısında atəşfəşanlıq təşkil olunub. Şəhər rəhbərliyi üçün əyləncəyə çevrilən törən Mingəçevirdən olan ictimai fəal İbrahim Türksoya baha başa gəlib. Belə ki, yağmurlu havada düzgün quraşdırılmayan və yaxud da istifadə olunan məlzəmələrin keyfiyyətsizliyi səbəbindən atəşfəşanlığın qığılcımları mərasimi seyr etməyə toplaşanların üzərinə tökülməyə başlayıb. Nəticədə ictimai fəal İbrahim Türksoy yaralanıb.
Zərərçəkən dərhal şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
İ.Türksoyun sözlərinə görə, xoşbəxtlikdən atəşfəşanlığın qurbanı təkcə özü olub: “Ətrafda körpə uşaqlar da var idi. Allahdan onlara bir şey olmadı. Məncə, ucuz şounun nəticəsi belə olmalı idi. Əlimdə, sinəmdə deşiklər var. Sağ qulağım yerə düşən qığılcımlar səbəbindən parçalanıb. Qulağımda gurultu hiss edirəm. Narahatam, eşitməmdə problem yarana biləcəyindən qorxuram”.
İbrahim Türksoy əlavə edib ki, artıq baş verən insidentlə əlaqədar məhkəməyə müraciət etməyə hazırlaşır: “Vəkilimlə danışmışam. Məhkəməyə müraciət edəcəyəm. Belə hoqqabazlıq olmaz. Kimlərsə büdcədən pul siləcək deyə, insanların həyatını, sağlamlığını təhlükəyə atmaq olmaz”.

Tarix: 13-11-2022, 09:12
Xəbəri paylaş





Xəbər lenti