İstanbuldakı partlayışa görə 22 şübhəli saxlanıb

İstanbulun mərkəzi ticarət küçəsində partlayışa görə indiyədək 22 şübhəli saxlanıb. TRT dövlət televiziyası bombanı qoymaqda şübhəli bilinən qadının saxlanması videosunu yayıb.
Daxili işlər naziri Süleyman Soylu hücuma görə PKK-nın və Suriyada kürd silahlı qruplaşması olan YPG-nin məsuliyyət daşıdığını bildirib. Ankara YPG-ni PKK-nın qanadı sayır.
Soylunun sözlərinə görə, hücum əmri Kobanidə verilib, hücumu törədən şəxs Suriyanın digər şəhəri Afrindən də keçib. Son illər Türkiyə qüvvələri Suriyanın bu iki şimal şəhərində YPG-yə qarşı əməliyyatlar aparıb.
Qıvrım saçlı, üstündə “New York” yazılmış bənövşəyi koftalı qadının polis şöbəsinə gətirilməsi görüntüləri yayılıb. Polis mənzildə axtarış zamanı itdən istifadə edib, qızıl, pul, sursat aşkarlanıb.
Hücumda həlak olan 6 türkiyəli hərəsinin iki üzvü olmaqla üç ailədəndir.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Prezident seçkisi öncəsi

“Reuters” yazır ki, bu hücum 2023-cü ilin iyununda gərgin keçəcəyi gözlənən prezident seçkiləri öncəsi Türkiyədə daha çox insidentin baş verə biləcəyi sarıdan narahatlığı gücləndirib.
2015-ci ildə, noyabr seçkisi ərəfəsində Ankara ilə PKK arasında atəşkəs pozulub, bir sıra hücumlar həyata keçirilib. Sonuncu böyük hücum isə 2017-ci ildə Yeni il gecəsi İstanbulda gecə klubunda baş verib, 39 nəfər öldürülüb.
Kürd, islamçı, solçu silahlılar İstanbulda əvvəllər də hücumlar təşkil edib.
Türkiyə 2019-cu ildə Suriyanın şimalında YPG-yə qarşı üç əməliyyat gerçəkləşdirib, yüz kilometrlərlə ərazini tutub. Bu ilin əvvəlində Prezident Rəcəb Tayyib Ərdoğan daha bir əməliyyatın qaçılmaz olduğunu deyirdi.

ABŞ-ın YPG-yə dəstəyi

ABŞ Suriyadakı münaqişədə YPG-ni dəstəkləyir və bu da NATO üzvü Türkiyə ilə fikir ayrılığına səbəb olur.
Dünənki hücumu bir sıra ölkələr pisləyib, ABŞ, Avropa İttifaqı (Aİ), Misir, Ukrayna və Yunanıstan başsağlığı verib.
Türkiyə isə Vaşinqton və digərlərinin YPG-yə dəstəyini partlayışla əlaqələndirib.
Prezidentin kommunikasiya idarəsinin direktoru Fahrettin Altun deyib ki, belə hücumlar “bəzi ölkələrin terrorçu təşkilatlara dəstəyinin birbaşa və dolayısı ilə nəticəsidir”.
Soylu ABŞ-nin başsağlığını “qatilin cinayət yerinə ilk qaçanlardan biri olmasına” bənzədib.
PKK 1984-cü ildən Türkiyə dövlətinə qarşı qiyamçılıqla məşğuldur, toqquşmalarda 40 mindən çox insan həlak olub. Türkiyə, Aİ və ABŞ PKK-nı terrorçu təşkilat sayır.
2016-cı ilin dekabrında İstanbulda futbol stadionunda qoşa partlayışlarda 38 nəfər həlak olub, 155 nəfər yaralanıb. Bu hücumlara görə PKK-nın qanadı məsuliyyət götürüb.
Azadlıq radiosu
Tarix: 14-11-2022, 21:16
Xəbəri paylaş





Xəbər lenti