Atilla Yıldırım: "Mənim Azərbaycan kökənim var"


 

"5 oyundur qələbə qazana bilmirdik. Bizim üçün xoş deyildi. Bu, komandamıza yaraşmayan vəziyyət idi. Belə gedişata doğma meydanımızda oynadığımız ilk matçda qələbə qazanıb, son vermək istəyirdik. Qələbə qazanmaq istəyimizi ilk dəqiqədən rəqibimizə hiss etdirdik. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Bunun davamını gətirmək istəyirik".

"Report" xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın futbolçusu Atilla Yıldırım "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

28 yaşlı hücumçu daha sonra jutnalistlərin suallarını cavablandırıb:

- Doğma meydanda bu mövsüm ilk dəfə idi ki, oynayırdınız, bu, sizin üçün necə hiss idi?

- Əlbəttə öz meydanımızda, azarkeşlərimizin önündə oynamaq fərqli hisslərdir. Onların bizə dəstək olması rəqibimizi də həyəcanlandırır. Qələbə qazana bilmədiyiniz 5 matça baxanda evdə oynayacağımız matçları bu stadionda oynasaydıq düşünürəm ki, daha başqa nəticələr alardıq. Çünki azarkeşlər bizə əlavə güc verir.

- Vurduğunuz qol haqqında nə deyə bilərsiniz, qapıçının səhvi oldumu?

- Qapıçının səhvi də oldu, amma mən də həmin zonaya qaçdım, qapıçı da mənim gəldiyimi gördü və müəyyən qədər həyəcanlandı.

- Komandanın yeni baş məşqçisi Ayxan Abbasov haqqında nə deyə bilərsiniz? Onun komandaya qazandırdığı yeni özəlliklər nədir?

- Baş məşqçimizin istədiklərini meydanda yerinə gətirməyə çalışırıq. Bu gün "Səbail" komandasına qol epizodu vermədik. Baş məşqçimizin göstərişlərini tam yerinə gətirsək, daha da inkişaf edəcəyik.

- 13 matçda 2 dəfə fərqlənə bilmisiniz, sizin fikrinizcə bu az deyilmi?

- Bütün matçlara baxsaq, epizodları nəzərə alsaq, qol sayım normaldır. Gərək qol epizodu yaradasan ki, qol da vurasan.

- Hollandiya mətbuatında sizinlə bağlı bir yazı var idi: - Azərbaycanla heç bir kök bağlılığının olmadığını demisiniz. Bu haqda nə deyə bilərsiniz?

- Həmin səhv aradan qaldırıldı. Mətbuatda yanlış qeyd olunmuşdu. Mətbuatda bu aralar bəzi xətalar olur. Əgər izləyirsinizsə, "Fənərbaxça"nın baş məşqçisi Ervin Kumanın da dedikləri səhv şəkikdə mətbuatda qeyd olunmuşdu. Amma komanda açıqlama verdi ki, məşqçimizin sözləri təhrif olunub.

- Yəni Azərbaycan kökəniniz var?

- Bəzi mətbuat orqanları daha çox oxunmaq üçün bu yollara əl atırlar. Bəli, mənim Azərbaycan kökənim var.

- Premyer Liqada artıq bütün rəqiblərlə qarşılaşmısınız, sizcə, "Sumqayıt"ın potensialı neçənci yerdə mübarizə aparmağa çatır?

- İlk gəldiyim vaxtdan bəri deyirəm ki, bu cür keyfiyyətli komanda ilı avrokuboklara vəsiqə verən yerlərdən birini tuta bilərik. Qara zolaqda idik və bu nəticələr bizə yaraşmırdı. İndi qələbə qazandıq və ümid edirəm ki, qara zolaqdan çıxdıq.

- İlk dövrənin son turunda lider "Netçi"ni büdrədə biləcəksiniz?

- Hər oyunun özünə məxsus planı olur. Biz də meydana hər matçda qələbə üçün çıxırıq. Həmin görüşdə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Ötən mövsüm də "Sumqayıt" bu stadionda əksər matçlarda qalib gəlirdi, bundan sonra da burada həmin nəticələri görmək olarmı?

- Bayaq da dediyim kimi, düşünürəm ki, evdə keçirəcəyimiz görüşləri bu meydanda oynasaydıq, fərqli nəticələr alardıq. Çünki, doğma meydan və azarkeş amili önəmlidir. Azarkeş futbolçuları irəliyə aparan qüvvədir.

Tarix: 2-12-2018, 08:47
Xəbəri paylaş





Xəbər lenti