2018-ci il digər sahələrdə olduğu kimi idmanda da fərqli hadisələrlə yadda qaldı. Uğurlarımız, uğursuzluqlarımız oldu...
Bu sahəni daim araşdıran idman jurnalistləri 2018-ci ilin yekunu ilə bağlı fikirlərini Modern.az-a bölüşüblər. Həmkarlarımızın dəyərləndirməsindən məlum olur ki, 2018-ci il idmanımızda o qədər də uğurlu il hesab edilmir:
“Futbol +” qəzetinin baş redaktoru Mahir Rüstəmli vurğulayıb ki, 2018-ci ildə idmanımız standart hadisələrlə geridə qaldı:
“Əvvəlki illərdə olduğu kimi, bu il də bir çox beynəlxalq yarışlar Azərbaycanda keçirildi. Amma bu il də komanda idman növlərinə nisbətən fərdi idman sahələrində müəyyən nailiyyətlərimiz qeyd edildi.
Başa çatmaqda olan 2018-ci ildə Azərbaycan klubları Avrokuboklarda son yeddi ildə ən zəif nəticəsini göstərdi. Bundan başqa, Azərbaycan futbolu üzrə milli yığmamız Millətlər Liqasında zəif nəticə göstərdi. Biz ümid edirdik ki, “B qrupu”nda lider olub, ən azı Avropa Çümpionatının final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirəcək. Təəssüf ki, bu da alınmadı.
Voleybol üzrə milli komandamız Yaponiyada 15-ci yerə çıxdı. Bu da yüksək nəticə hesab oluna bilməz.
Milli komandamızda ümumilikdə 400 gün çəkən Qurban Qurbanov erası başa çatdı. Bu isə azarkeşlərdə növbəti ümidsizliyi yaratdı”.
Baş redaktorun fikrincə, Şəhriyar Məmmədyarovun Dünya Şahmat Turnirində yaxşı nəticələr əldə etməsi bu sahədə stimulu bir qədər artırdı:
“Fərdi idman növlərində Dünya və Avropa Çempinatlarında uğurlu nəticə göstərən idmançılarımız oldu. Güləş üzrə Eldəniz Əzizli uğurlu nəticə əldə etdi. Amma bu cür nailiyyətlər az qala hər il təkrarlanır. Ona görə, Azərbaycan idmanı üçün 2018-ci il qeyri-adi bir hadisə ilə yadda qalmadı. Ölkə adi idman ilini yaşadı”.
“Report” İnformasiya Agentliyinin idman yazarı Şamo Quliyev deyib ki, komanda yarışlarında Azərbaycanın futbol yığması Millətlər Liqasına “pley-off”a vəsiqə qazana bilməsə də, Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” ardıcıl 5-ci mövsüm Avrokuboklarda qrupa düşdü. Ş. Quliyev futbolla bərabər, idmanın digər sahələrində qazandığımız uğurları da sadalayıb:
“Güləşçi Eldəniz Əzizli Avropa və dünya çempionu oldu. Mariya Stadnik isə Avropa çempionu və Dünya çempionatının gümüş medalını qazandı. Şahmatçımız Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində ikinci yeri tutdu. Karateçimiz İrina Zaretska dünya çempionu olmaqla yanaşı, Avropa çempionatının gümüş medalına sahib çıxdı.
Cüdoçulardan Uşangi Kokauri Dünya çempionatında ikinci oldu, Hidayət Heydərov isə Avropa Çempionatının gümüş, Dünya Çempionatının bürünc medalına yiyələndi. Həmçinin sərbəst güləşçi Turan Bayramov cüdoçu Vüqar Talıbov və gimnast Yelizaveta Luzan yeniyetmələr arasında olimpiya çempionu oldular”.
Həmkarımız xatırladır ki, Azərbaycan 2018-ci ildə də bir sıra mötəbər beynəlxalq yarışlara da ev sahibliyi etdi. Şamo Quliyev buna misal olaraq, Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran Prisi, Cüdo üzrə dünya çempionatı, batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı, BMX üzrə dünya çempionatını da xatırladıb:
“Şəmkirdə isə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi “ShamkirChess” superturniri keçirildi. Ümumilikdə, 2018-ci ili idman sahəsi üçün nisbətən uğurlu il hesab etmək olar”.
Goal.az saytının əməkdaşı Zeynəb Əlizadə isə düşünür ki, ötən illə müqayisədə bu il idman sahəsində sakitlik oldu:
“Futbol üzrə milli komandamızın Millətlər Liqasında mübarizəni dayandırmasından daha çox, Qurban Qurbanovun məşqçi postundan getməsi səs-küy yaratdı. U-19 yığmamızın tarixində ilk dəfə mərhələ adlaması əlamətdar hadisələrdən biri idi.
Digər idman növlərinə gəlincə, “Formula 1” Azərbaycan qran-prisi ötən il olduğu kimi, bu il də ilin ən yaxşı yarışı seçildi. Cüdo üzrə Dünya Çempionatı da Bakıda keçirildi. Amma təəssüf ki, cüdoçularımız bu yarışda uğursuz çıxış etdilər. Güləşçimiz Eldəniz Əzizlinin dünya çempionu olmasını isə ilin uğurları sırasında göstərmək olar”.
“Yeniçağ.az”ın əməkdaşı Emin Səfərov bir çox həmkarının əksinə, 2018-ci ilin məhsuldar keçdiyini düşünür. Onun fikrincə, ölkəmizdə baş tutan idman yarışlarının siyahısına baxarkən bu qənaətə gəlmək olar:
“Amma mənə görə əsas sual bu yox, həmin yarışların ölkə idmanına hansı faydaları verməsidir. Bu mənada yalnız Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatını fərqləndirmək istəyərdim. “Formula 1” üzrə Azərbaycan Qran Prisi kimi yarışlar isə göstəridən başqa bir şey deyil. Təəssüf ki, məhsuldarlıq ənənəvi şəkildə davam etmir. Bir müddət əvvəl hansısa yarışda uğur qazanan idmançımız, növbəti turnirdə fiaskoya uğrayır. Bizim idmançılarımızın “xəstəliyi” odur ki, bir yarışa fokslanıb, uğur qazanaraq, pulunu alırlar və bununla da karyerasının zirvəsində olduğunu düşünürlər. Ev, maşın alıb, özünə şərait quran idmançı artıq idman sahəsində bütün uğurlara imza atdığını zənn edir. Nəticədə onda arxayınlıq, boşluq yaranır. Bu da istər-istəməz Azərbaycanın beynəlxalq arenada qazanacağı nəticələrə mənfi təsir göstərir”.
Futbol sahəsinə gəldikdə isə, Emin Səfərov deyib ki, problemlər və potensialımız göz önündədir:
“Ölkə futbolunda inkişafdan söhbət belə gedə bilməz. AFFA-nın başbilənləri pafoslu cümlələrlə ictimaiyyətin başını aldatmaqla məşğuldur. “Anası ağlar qalan” futbolumuzun göz yaşını siləcəyinə əmin olduğumuz Qurban Qurbanovun planlı şəkildə Millidən uzaqlaşdırması da bunun əyani sübutudur. İndiki AFFA rəhbərliyi vəzifədə olduğu, yalnız özünün və ətrafının cibini düşündüyü müddət ərzində hansısa inkişafı gözləmək ağılsızlıq olar. Yalnız fərdi şəkildə "Qarabağ"ın ənənəvi olaraq Avrokuboklarda uğurlu çıxışını qeyd etmək lazımdır ki, bu da klubun yürütdüyü düzgün siyasətin nəticəsidir. Təəssüf ki, AFFA rəhbərliyi də məhz bu uğurun kölgəsində gizlənib”.
“Kaspi” qəzetinin idman yazarı Natiq Muxtarlı öz sahəsinə uyğun, yalnız futbolu şərh edib. N.Muxtarlının fikrincə, 2018-ci ili Azərbaycan futbolunun bərbad idarəçiliyinin təzahürü kimi xarakterizə etmək daha məntiqli olar:
“Bu il bir daha əmin olduq ki, Azərbaycan futbolunun idarəetmə sistemi iflic vəziyyətindədir. Bu sahədəki idarəçilərin verdikləri qərarlar diletantlığın nümayişidir. Azərbaycan yığma komandası ən zəiflərin yer aldığı Millətlər Liqasının ən aşağı divizionunda da qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədi.
“Qarabağ” isə Avrokubokların qrup mərhələsində çıxış etdiyi müddətdə ən zəif nəticəni məhz bu il göstərdi. Azərbaycan futbolu tənəzzülə doğru “məhsuldar il”i geridə qoydu. Qurban Qurbanovun yığmanın baş məşqçi postuna gətirilməsi səhv addım idi. Məhz bu addım 2018-ci ildə tənəzzülü sürətləndirdi. Qurban Qurbanovun yığmada nəticə əldə edə bilməyəcəyi əvvəldən məlum idi. Üstəlik, bir əldə iki qarpız tutmaq “Qarabağ”ın da zəifləməsini şərtləndirdi. Qurban Qurbanov “Qarabağ”ın maraqlarını yığmanın maraqlarına qurban verməyə məcbur oldu ki, bu da əks effekti verdi.
İş adamları, sahibkarlar Azərbaycanın futbol təsərrüfatına 2018-ci ildə də maraq göstərmədilər. Azərbaycan çempionatı “Bakı çempionatı” statusuna düşdü. 2017-ci ildə heç olmasa Gəncədə futbol vardısa, 2018-ci ildə Azərbaycanın ən böyük ikinci şəhərində də futbol “öldü”.
Amma əvəzində futbol təsərrüfatında intriqalar “məhsuldarlığı” ilə seçildi. AFFA-dakı qruplaşmaların “oyunları” sağlam idarəçiliyin formalaşmasına mane olur. Azərbaycanın bölgələrində klubların olmamağı bir yana, uşaq futbolunun durumu daha da acınacaqlı hala gəldi. AFFA demək olar ki, bölgə anlayışını leksikonundan silib. Onlar üçün sadəcə, Bakıda bir-iki süni örtüklü meydança və 2-3 manatlıq “kitayski” toplarla ora-bura qaçan 200-300 uşaq var. Bax, AFFA-nın uşaq futbolunun inkişaf konsepsiyası budur. AFFA-da rəhbərlik, idarəçilər dəyişməsə, 2019-cu ildə “tənəzzül məhsuldarlığımız” daha yüksək olacaq”.
“CBC Sport”un şərhçisi Elnur Məmmədli isə bunları çatdırıb:
“2018-ci ilin yekunlarına diqqət yetirdikdə öncə ölkəmiz üçün ənənəvi idman növlərinə baxmaq olar. Bu il Yunan-roma güləşi üzrə milli komandamızın üzvü Eldəniz Əzizli parlaq qələbələri ilə bizi sevindirdi. O, əvvəlcə Rusiyadakı Avropa çempionatında, daha sonra isə Macarıstandakı dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Mariya Stadnik 7 qat Avropa çempionu oldu. Cüdo üzrə Dünya Çempionatına ilk dəfə Bakı ev sahibliyi etdi. Təəssüf ki, cüdoçularımızın qazancı bu yarışda yalnız gümüş və bürünc medallar oldu. Bakı növbəti dəfə “Formula-1” yarışlarını qəbul etdi ki, buna da artıq hamımız öyrəşmişik”.
E. Məmmədli də digər həmkarları kimi futboldakı nəticələri bir o qədər də uğurlu saymır:
“"Qarabağ" ötən mövsüm Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmışdısa, bu dəfə Avropa Liqasında analoji uğuru təkrarladılar. Milli komandamız isə Millətlər Liqasında ümidləri doğrultmadı. Komandamız qrupda 2-ci yeri tutaraq, mübarizəni dayandırdı. İlin son ayının əsas hadisəsi isə Qurban Qurbanovun milli komandanın baş məşqçi postundan göndərilməsi oldu. Ümumilikdə, 2018-ci ildə Azərbaycan idmançılarının nəticələri qənaətbəxş sayıla bilər”.
2018-ci ilin Azərbaycan idmanı üçün o qədər də yaddaqalan uğurlarla əlamətdar olmadığını deyən Oxu.az-ın idman yazarı Səbuhi Musayev kütləviyi nəzərə alaraqq, öncə futbolun şərhindən başladı:
“Qurban Qurbanovun rəhbərliyi altında milli komandamız ilk dəfə gücünü Millətlər Liqasında sınadı. Ancaq komandamız ümidləri doğrulda bilməyib, qrupda qaldı. Nəticədə AFFA Qurban Qurbanovla heç bir il tamam olmamış yolları ayırdı. Onun digər komandası "Qarabağ" isə ümidləri qismən doğrultdu. Ötən mövsüm biz Çempionlar Liqasında "Qarabağ"ın oyunlarına baxmışdıqsa, bu dəfə nisbətən aşağı səviyyəli Avropa Liqasında onları seyr etməli olduq. Bununla belə, düşünürəm ki, "Arsenal" kimi İngiltərə, "Sportinq" kimi Portuqaliya nəhənginin Bakıya gətirilməsi də yerli azarkeşlər üçün maraqlı oldu. Ancaq Bakıda "Sportinq"ə 1:6 hesablı yenilgi futbol ictimaiyyətimizi çox üzdü.
Güləşdə yunan-Roma idmançısı Eldəniz Əzizlinin əvvəl Avropa, sonra dünya çempionu olması fərdi idman növlərində ən yaxşı nəticəmiz sayılmalıdır. Həmçinin ukraynalı legionerimiz İrina Zaretskayanın dünya çempionu olaraq həm öz ölkəsinin, həm də Azərbaycanın ilk qadın karateçisi kimi tarixə düşməsi maraqlı məqamdır. Üzücü məqamlardan biri kimi dünya şöhrətli karateçimiz Rafael Ağayevin beşinci dəfə dünya çempionu ola bilməməsi, ukraynalı güləşçimiz Mariya Stadnikin yenə finalda "yapon sindromu" ilə üzləşməsini qeyd edə bilərəm. Komanda yarışlarında qadın voleybol millimiz bizi Yaponiyadakı dünya çempionatında təmsil etdi. Ancaq komandamız istədiyimiz kimi çıxış edə bilmədi. Dünya çempionatı zamanı millimizin baş məşqçisi Faiq Qarayevin özünü pis hiss etməsi, Yaponiyada xəstəxanaya düşməsi və nəticədə millidən ayrılması vurğulanası məqamlardandır”.
Qol.az saytının redaktoru Aydın Bağırov da 2018-ci ildə futbol sahəsinin durumuna toxunub. O hesab edir ki, bu il Azərbaycan futbolu üçün mənfi nüanslarla yadda qaldı:
“2018-ci il futbol sahəsində uğursuz il kimi tarixə düşdü. Demək olar, müsbət dəyərləndirəcəyim heç nə yoxdur. İlk növbədə milli komandamızın Millətlər Liqasında uğursuz çıxışı baş tutdu. Biz gözləyirdik ki, komandamız ən azından final mərhələsinə vəsiqə qazanacaq, amma baş tutmadı.
Klub komandalarımızın Avropa Liqasındakı uğursuzluğunu da qeyd etməliyik. Düzdür, “Qarabağ” komandası Avropa Liqasının qrupuna düşə bildi. Amma ümumilikdə ötən illə müqayisədə bu il “Qarabağ” üçün də uğursuz olub.
Ölkə çempionatının səviyyəsi də bu il bir qədər aşağı düşdü. Futbolumuzdakı problemlər 2018-də də həll olunmamış qaldı. Bu il Qurban Qurbanovun Millinin məşqçi postundan vaxtından əvvəl istefaya göndərilməsini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, ona qarşı bu davranış bütün peşəkar və mənəvi qaydalardan uzaq idi. Azərbaycan futbolunda heç bir izi olmayan insanların Qurban Qurbanov kimi peşəkara sayğısız davranışı düzgün deyildi. O, Milli Komandada qalmalı, problemlərin həllini davam etdirməli idi. Bu məsələdə AFFA rəhbərliyi tərəfindən Qurban Qurbanova heç bir dəstək olunmadı”.
“İdman Azərbaycan” telekanalının şərhçisi Ramiz Mirzəzadə də 2018-ci ildə “Qarabağ”ın fəaliyyətinə diqqət çəkib:
“Bu komanda cari ildə də ölkəmizi beynəlxalq arenada uğurla təmsil etməyə çalışdı. Milli Komandamızın yeni baş məşqçi ilə uğursuzluğa düçar olması təbii ki, mənfi hal kimi yadda qaldı.
Digər idman növlərinə gəlincə, mənə görə bu il yenidən dirçəlmək yolunda olan cüdomuz əvvəlki reytinqini bərpa etməyə çalışdı.
Gənc və yeniyetmə güləşçilərimizin uğurlarını da unuda bilmərik. Böyüklərdə nə qədər durğunluq müşahidə olunsa da, gələcək vəd edən güləşçilərimiz ümidləri doğrultmağı bacardı. Məsələn, Eldəniz Əzizlinin dünya çempionu olması bu il güləş sahəsindəki uğurlardan biridir. Fikrimcə, ən uğurlu idman sahələri 2018-ci ildə də cüdo və güləş olaraq qaldı”.
Ölkəmizdə keçirilən beynəlxalq yarışlardan da danışan Ramiz Mirzəzadə “Formula 1” üzrə növbəti Azərbaycan Qran Prisini vurğulayıb:
“Bu da öz növbəsində paytaxtımızda keçiriləcən yarışın illik təqvimdəki ən baxımlı yarış kimi yadda qalaraq, təsdiqini tapdı”.