“Bizdə futbol məmur biznesinə və korrupsiyaya bağlıdır” - İttiham

 “Azərbaycanda bu günə qədər çox mənasız, bahalı, büdcəyə ziyan vuran yarışlar keçirilib, amma futbol üzrə UEFA finalının Bakıda keçirilməsi idman tədbirləri arasında ən doğru qərardır”.“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, bu final həm ölkə tanıtımı, həm də iqtisadi cəhətdən uğurlu addımdır. “Amma bizim hökumət çox ləng, köhnə, məmurların təşəbbüs məsələsində axsaq olduğuna görə PR məsələsində yenə uduzduq”.
Ekspertin sözlərinə görə, bu yarışın dörtdə-bir mərhələsindən artıq bilinirdi ki, Arsenalın finala çıxması çox yüksək ehtimaldır və o da bilinirdi ki, ermənilər Mxitaryanla bağlı hay-küy qaldıracaq, dünya mediası da bu küyə qoşulacaq: “Bu küyün öncədən qarşısını almaq mümkün idi, artıq aylar öncə bu məsələ ilə bağlı addımlar atılmalı, dünya mediası ilə iş aparılmalı idi. Hətta bizim səfir, ya digər rəsmilər Mxitaryanın evinə gedə, onunla görüşə, bütün məsələlərin həll olunacağına dair qabaqlayıcı açıqlamalar verə, PR kampaniya apara bilərdilər.
Amma həmişəki kimi yatdılar, heç bir ön addımlar atmadılar, nəticədə isə erməni gədəsi ətrafında qaldırılmış hay-küy finala kölgə saldı”.
N. Cəfərli qeyd edib ki, futbol dünyada ən çox izlənilən idman növüdür, dünya əhalisinin 40%-i futbolla maraqlanır, oyunları izləyirlər. Futbol həm də böyük iqtisadiyyat yaradan amildir, dünya futbol “iqtisadiyyatının” dəyəri 500 mlrd. dollardan çoxdur: “Bizdə isə futbol məmur biznesinə və korrupsiyaya bağlıdır, sabah ölkədə rüşvəti ləğv etsən, məmur biznesini qapatsan ölkədə futbol çempionatı bitər, oynamağa komanda qalmaz, daha betəri odur ki, uşaq-gənclər futbolu da pis gündədir, gələcəyə yatırım sıfıra yaxındır.
O gədənin, Mxitaryanın həftəlik maaşı 180000 funtdur, yəni 387 min manat, aya 1 mln. 548 min qazanır, bazar dəyəri isə 30 mln. funtdur, yəni 64 mln. 500 min manat – Bizim çempionatda çıxış edən bütün oyunçuları satsan bundan az məbləğ edir.
Qısası, futbol da ağılla, düzgün qurulmuş strategiya ilə idarə edilməlidir, Rövnəq müəllim isə strategiyadan tək anladığı neftin qiymətinin gələn həftə neçə olacağı əndişəsidir. Bizim çempionatda çıxış edən komandaların tamamına yaxını AFFA-ya məxsusdur, belə rəqabət, belə futbol, belə oyun olmaz, ona görə də bir erməni gədəsinin qiyməti bizim bütün futbolçuların qiymətindən bahadır”. 
Tarix: 29-05-2019, 14:23
Xəbəri paylaş





Xəbər lenti