“Dağıdılmış büdcəni pinəçinin, qarsonun vergisi ilə doldurmaq gülüncdür”

“Dağıdılmış büdcəni pinəçinin, qarsonun vergisi ilə doldurmaq gülüncdür” Məlum olduğu kimi, Azərbaycanda dövlət qurumlarının, bankların, iri şirkətlərin vergi borcu silinib.

Maraqlıdır, bu qurumların vergi borclarını silmək və eyni zamanda pinəçilərə, bağbanlara, dayələrə vergi tətbiq etmək nə dərəcədə məntiqlidir? Bütövlükdə, mövcud vergi siyasətini nə dərəcədə düzgün və optimal hesab edilə bilər?


24saat.org-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy hökumətin vergi siyasətini kəskin tənqid edib:

“Burada təəccüblü bir şey yoxdur. İşdir, bu hakimiyyət sabah monopolist-oliqarx-nazirlərin tabeçiliyində olan şirkətləri vergidən tam azad etsə, onlara hətta subsidiya ayırsa belə təəccüblənməyə gərək yox. Azərbaycanda xalqın yaşayış səviyyəsi hökumət üçün elə də əhəmiyyətli deyil.

Əhəmiyyətli olan vəzifəli şəxslərin komfort yaşamını təmin etməkdir. Ehtiyac içində məşəqqətli həyat sürən vətəndaşın deyil, büdcəni talayanların yanındadır, hökumət. İqtisadi islahatlar bəyan edənlər, korrupsiyaya qarşı mübarizə apardıqlarını gözə soxanlar nədənsə unudurlar ki, əlboyda Azərbaycanda 7-dən 77-yə hər kəs kimlərin büdcəni dağıtdığını, kimlərin dövləti talan etdiyini, kimlərin korrupsiyanın başında dayandığını yaxşı bilir, təkcə hökumət onu bilmir. Dağıdılmış xəzinəni pinəçinin, dəlləyin, dayənin, qarsonun vergisi ilə doldurmaq gülüncdür. Vergi ilk növbədə bu, dövləti talan edənlərə şamil olunmalıdır. Təəssüfki, Azərbaycanda VERGİ arxalı məmurlara, monopolistlərə və korrupsionerlərə yaxın dura bilmir. Bu durumda heç bir vergi siyasətindən danışmaq yersizdir. Məşhur bir deyim var, Uinston Çerçillin adı ilə bağlayırlar: “Vergidən və ölümdən qaçmaq olmaz”. Azərbaycanda vergi kimlərdənsə qaçmaqdadır”.




Seymur Əliyev
Tarix: 18-01-2017, 09:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}