Yerli müəssisə və təşkilatlar da borc içində batır

Yerli müəssisə və təşkilatlar da borc içində batır Nemət Əliyev

Ölkə iqtisadiyyatı təhdid altına düşüb

Yalnız dövlət borcu deyil, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların qarşılıqlı borcları (debitor və kreditor) da sürətlə artmaqdadır. Yerli müəssisə və təşkilatlar borc içərisində batır. Hökumət və deputatlar isə hələ də inkişaf nağıllarının təsirindən çıxa bilmirlər. Problem isə sürətlə böyüməkdədir.



DSK-nın açıqladığı məlumatlardan aydın olur ki, müəssisə və təşkilatların borc öhdəlikləri 2015-ci ildə 35,6 milyard manata yüksəlib. Bu, ÜDM-in 65,4 faizindən çoxdur. Borc öhdəlikləri 2004-cü ilin əvvəllində 10 milyarda yaxın olub. Lakin sonrakı dövrdə bu göstərici sürətlə artmağa başlayıb. Əgər 2004-2009-cu illərdə borc öhdəlikləri cəmi 8 milyarda yaxın artmışdısa, 2010-2015-ci illərdə 19 milyard manat artıb. Başqa sözlə, 2-ci beş ildə borclanma əvvəlki beş ilə nəzərən 2,4 dəfə sürətlənib.

Borc öhdəliklərinin 28%-ə qədəri elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların, 27%-i emal sənayesində fəaliyyət göstərən müəssisə və təşkilatların, 13%-i tikinti sektorunun, 10%-i isə nəqliyyat xidməti ilə məşğul olan müəssisələrin payına düşür.

2015-ci ildə müəssisə və təşkilatların debitor borcları, yəni alacaqları borc 17,8 milyard manat təşkil edib. Debitor borcların orta illik artımı 2004-2009-cu illərdə 1,1 milyard manat olmuşdusa, 2010-2015-ci illərdə 1,5 milyard manat olub. Bu göstərici son beş ildə 1,3 dəfə böyüyüb. Deməli, debitor borcların böyümə sürəti nisbətən aşağı olub. Bu səbəbdən də borc öhdəlikləri borc üzrə tələb göstəricisini 2 dəfə və ya 18 milyard manata yaxın üstələyib.

Qarşılıqlı borclar üst-üstə 2015-ci ildə 53,4 milyard manat təşkil edib ki, bu da təxminən illik ÜDM-in həcminə bərabərdir.

Beləliklə, aşağıdakı 3 mühüm nəticəyə gəlirik:
1) 2009-2015-ci illərdə müəssisə və təşkilatların qarşılıqlı borcları sürətlə böyüyüb;
2) Müəssisə və təşkilatların maliyyə vəziyyəti kəskin şəkildə pisləşib;
3) Ardıcıllıq, mütəmadi tənzimləmə və ciddi nəzarət tələb edən bu böyük problemin həlli istiqamətində hər hansı diqqət çəkən fəaliyyət həyata keçirilməyib və ya bu istiqamətdə atılmış addımların səmərəsi olmayıb.

Bilmək lazımdır ki, qaldıqca və böyüdükcə borclar müəssisə və təşkilatların fəaliyyətinə təhdid yaratmaqla iqtisadi fəallığa ciddi zərbə vurur.

Təsərrüfatsızlıq ölkənin baş bəlasına çevrilib

Bəs təsərrüfatsızlıq içərisində batmaqda olan iqtisadiyyatla öyünməyə dəyərmi? Nədən iqtisadi-biznes fəaliyyəti ilə məşğul olan müəssisələr-sahibkarlar bu vəziyyətə gətirilib? Bu nə qaydadır, necə idarəetmədir, hansı düzəndir? Fikrimcə, ilk növbədə Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Gömrük Komitəsi bütün bunların ağlabatan izahatını verməlidir.

Rəsmi məlumatlara görə 2015-ci ildə mədənçıxarma sənayesində fəaliyyət göstərmiş müəssisə və təşkilatların 49%-i zərərlə işləyib. Xatırladaq ki, nisbətən gözəgəlimli olan bu sahədə fəaliyyət göstərən müəssisələrin 2004-cü ildə 33%-i zərər etsə də, 2008-ci ildə bu göstərici hətta 80%-ə qədər yüksəlmiş, 2013-cü ildə isə 41%-ə düşmüşdür. Deməli, 2013-cü ildən başlayaraq belə müəssisələrin sayı yenidən artmağa başlayıb. Diqqət edirsinizsə, hətta xam neft hasilatının və neft gəlirlərinin artmaqda olduğu dövrlərdə də zərərlə işləyən müəssisələrin payı xeyli yüksək olub.

2015-ci ildə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi ilə məşğul olan müəssisələrin xərcləri gəlirlərini 250 milyon manat üstələyib. Yəni, burada 2015-ci ildə nəinki mənfəət əldə etmək mümkün olmayıb, əksinə 250 milyon manat zərər edilib. Burada zərərlə çalışan müəssisə və təşkilatların payı 55%-dən yüksəyə qalxıb.

Emal sənayesində çalışan müəssisələrin, əgər 2004-cü ildə 7,4%-i zərərlə işləyirdisə, 2015-ci ildə bu göstərici 45%-ə yüksəlib.

2011-ci ildə 31%-i zərərlə fəaliyyət göstərmiş ticarət müəssisələrinin payı 2015-ci ildə 47%-ə yüksəlib.

Zərər məbləğinin sürətlə böyüməsi diqqəti cəlb edən növbəti problemdir. Ümumi zərər məbləği 2013-cü ilə nəzərən 2015-ci ildə (2 il ərzində) 1,1 milyard manat artaraq 2,7 milyarda yüksəlib.


Trendlərin kəskin düşdüyü, iqtisadi fəallığın xeyli zəiflədiyi 2016-cı ildə zərərlə fəaliyyət göstərən müəssisələrin daha sürətlə artması heç bir şübhə doğurmur.

Yazı iqtisadçı-ekspertin facebook səhifəsindən götürülüb
Tarix: 23-01-2017, 08:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}