Məşhur professor iki məmuru yıxıb-sürüdü - Faktlar

Məşhur professor iki məmuru yıxıb-sürüdü - Faktlar Bank-maliyyə sektorundakı problemlər ölkənin makroiqtisadi vəziyyətinə ciddi təsir göstərməkdə davam edir

Təsadüfi deyil ki, ölkə başçısı Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında ölkə iqtisadiyyatına ciddi zərbənin məhz bank sektorundan gəldiyini bildirmişdir. Ümumilikdə, böyük "neft pullarının" ölkəyə gəldiyi vaxtdan bank sektorunda baş verən proseslərin struktur təhlili bu sahədə çox ciddi problemlərin olmasını göstərir. Belə ki, bank sektorunun idarəetməsindəki ciddi nöqsanlar bu sahədə struktur disbalansa səbəb olmuşdur. Respublikada fəaliyyət göstərən bankların böyük əksəriyyəti iqtisadi qanunlara zidd olaraq milli iqtisadiyyatın real sektorunun "uzun pullarla" təmin olunmasına deyil, idxalın stimullaşdırılması, fundamental bazaya söykənməyən istehlak kreditlərinin milli iqtisadiyyat üçün təhlükəli səviyyəyə çatdırılması kimi zərərli istiqamətlərdə fəaliyyət göstərmişlər ki, nəticədə bank sektorunda problemli kreditlərin, eyni zamanda ümumilikdə zərərli "toksik" aktivlərin səviyyəsi kritik həddə çatmışdır.


Mərkəzi Bank rəhbərliyinin uzun illər apardığı məzənnə siyasəti nəticəsində ölkənin qeyri-neft sektorunun inkişafı, o cümlədən ixrac potensialı deyil, idxal stimullaşdırılmışdır ki, bu da milli iqtisadiyyatının əsas problemlərindən birinə çevrilmişdir. Eyni zamanda kredit siyasətindəki problemlər ölkə banklarını kredit resursları üçün Mərkəzi Banka deyil, xarici kredit mənbələrinə üz tutmağa məcbur etmişdir ki, bu da milli iqtisadiyyatın ən böyük "baş ağrılarından" olan "dollarlaşmanın" əsas səbəblərindəndir. Bundan başqa, kommersiya banklarının sayı ilə bağlı və digər sistem məzmunlu problemlər mövcud olmuşdur ki, bunlara görə məsuliyyət sözsüz ki, ölkənin pul-kredit siyasətinə cavabdeh olan Mərkəzi Bank üzərindədir. Keçən il əsasən bu problemlərin həlli üçün, yəni ölkənin bank-maliyyə sektorunun sağlamlaşdırılması məqsədi ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 illik fəaliyyəti isə təəssüf ki, bu problemlərin həllindən daha çox dərinləşməsi ilə nəticələnməkdədir. Belə ki, nə bankların fəaliyyət mexanizminin təkmilləşdirilməsi, nə ümumilikdə pul siyasətinin real sektora yönəldilməsi istiqamətində, nə kredit təşkilatlarının sayının optimallaşdırılması və maliyyə sabitliyinin bərqərar olunması, nə "üzən məzənnəyə" keçid baxımından Palatanın fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. 1 il ərzində bankların əks-dollarlaşma siyasətində lazımi nəticələrə nail olunmamış, kredit siyasəti real sektora yönəldilməmiş, bankların sayı optimallaşdırılmamış, maliyyə və valyuta bazarında sabitlikdən danışmaq olmaz, ölkədə həyata keçirilən məzənnə siyasəti isə sistemsiz və qeyri-konstruktivdir.

Ölkə iqtisadiyyatı "staqflyasiya tələsinə" düşdüyü halda, görünür, Mərkəzi Bank və Palata rəhbərliyi iqtisadiyyatın dinamik inkişafı ilə bağlı öz missiyasını yalnız sərt monetar siyasət vasitəsilə inflyasiyanın cilovlanması səylərində görür. Halbuki, müasir iqtisadiyyatda bu növ sadə və primitiv siyasət həyata keçirmək ən azı ona görə zərərlidir ki, makroiqtisadi göstəricilər, bildiyimiz kimi, heç də yalnız inflyasiyadan ibarət deyil. Eyni zamanda, elmi cəhətdən artıq çoxdan əsaslandırılmışdır ki, inflyasiyaya təsir edən amillər heç də yalnız pul kütləsinin azaldılmasına və ya artırılmasına bağlı deyil, iqtisadiyyatda inflyasiyaya birbaşa və dolayısı təsir göstərən xarici ticarət, kapital hərəkəti, işgüzar fəallığ,real sektorun dinamikası, fiskal siyasət, innovasiyalar, istehsal və tədavül xərclərinin optimallaşdırılması, texnologiyaların tətbiqi, əməyin məhsuldarlığı və digər mühüm amillər var. Ümumilikdə, inflyasiya və digər makroiqtisadi göstəricilər Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının menecmentinin makroiqtisadi proseslərə yanaşmasında əks olunandan daha mürəkkəb kateqoriyalardır. Təəssüf ki, Mərkəzi Bank və Palata menecmenti ölkə rəhbərliyinin yüksək etimadı qarşılığında adekvat iqtisadi siyasət həyata keçirə bilmir, elmi əsaslara söykənən, ölkə iqtisadiyyatı üçün konstruktiv ola biləcək məsləhətləşmə və diskussiyalardan isə çəkinir.

Məşhur professor iki məmuru yıxıb-sürüdü - Faktlar
İqtisad üzrə elmlər doktoru,
Professor Elşad Məmmədov

Tarix: 28-01-2017, 05:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}