Ermənistanın ərazi iddiaları olmasaydı...

Ermənistanın ərazi iddiaları olmasaydı... Qazanclı çıxan ermənilər olardı; bu gün Rusiyanın özü belə Ermənistanın inkişafında maraqlı deyil

Cənubi Qafqazın ən qanlı nöqtəsi, heç şübhəsiz, Dağlıq Qarabağdır. Ermənilərin əsassız ərazi iddiaları üzündən bu bölgədə başlayan münaqişə böyük müharibəyə yol açmaqla həm Ermənistan, həm Azərbaycan, həm də bütövlükdə Cənubi Qafqazın sosial-iqtisadi, siyasi inkişafına ağır zərbə vurmaqda davam edir. Bəs bu münaqişə olmasaydı - ermənilər Azərbaycana qarşı ərazi iddiası qaldırmasaydılar regionda sosial-iqtisadi və siyasi vəziyyət indikindən nə qədər fərqli olardı?


İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu öncə onu bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi bitməyincə Ermənistanla hər hansı iqtisadi əlaqənin qurulmasını qeyri-mümkün sayır: “Münaqişə olmasaydı, bu, bölgənin sosial-iqtisadi həyatına necə təsir edərdi" sualına gəlincə, bizim ən böyük gəlirimiz turizmdən olardı. Bu gün Gürcüstana çox sayda turist gəlir - ildə 7 milyon nəfərə yaxın. Azərbaycana isə ən yaxşı halda 2-2,5 milyon. Münaqişə olmasaydı, biz daha çox sayda tursit cəlb edə bilərdik. Çünki bir çox turistlər Gürcüstan üzərindən Ermənistana gedirlər deyə, bizə gələ bilmirlər. Yaxud bizə gəlirlər deyə Gürcüstana gedə bilmirlər. Burada yeganə qazanan tərəf Gürcüstandır - Ermənistan da itirir, biz də. Bölgədə normal münasibətlər olsaydı, hər iki ölkə turizmdən böyük qazanclar əldə edə bilərdi."

Bölgədə ticari münasibətlərə gəlincə, burada itirən daha çox ermənilərdir: “Biz Ermənistandan çox az sayda nəsə ala bilərdik - onların ixrac potensialı elə də yüksək deyil. 2016-cı ildə Ermənistanın ixracatı 2 milyard dollar olub ki, onun da əsas hissəsini dağ-mədən sənayesi məhsulları təşkil edib. Bu məbləğ Ermənistan üçün kiçik göstərici deyil. Ötən il ermənilərin ixracatda əsas tərəfdaşları Rusiya, Bolqarıstan, Gürcüstan, Almaniya olub. İdxalda isə əsas tərəfdaşları Rusiya, Almaniya, Gürcüstan, Çin və İtaliyadır. Biz Ermənistandan müəyyən tütün məmulatları, içkilər, qızıl-brilyant ala bilərdik. Yeri gəlmişkən, Ermənistan qızılı bizim işğal altında olan ərazilərimizdən çıxarır. Ötən il onlar 140 milyon dollarlıq qızıl, 106 milyon dollarlıq brilyant ixrac olunub. Haradandır bu qədər qızıl, Ermənistanın öz ərazisində bu qədər istehsala imkan verəcək qızıl yatağı yoxdur ki?”

Q.İbadoğlu deyir ki, Ermənistan Azərbaycandan çox sayda məhsul ala bilərdi: “Xüsusilə sərhəd ticarət mərkəzləri yaranardı: kənd təsərrüfatı, sənaye məhsulları ala bilərdilər. Ermənistanın bu münaqişədən ən böyük itkiləri, heç şübhəsiz, regional layihələrdən kənarda qalmasıdır - Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Qars dəmiryol xətti, Cənubi Qafqaz Qaz Boru Kəməri. Bütün bunların hamısı Ermənistandan kənar keçdi. Bunlar strateji baxımdan Ermənistan üçün böyük itkilərdir. Bu gün Ermənistan heç bir regional inteqrasiyada iştirak etmir. Yəni bu əlaqələrdən daha çox ermənilər qazana bilərdi, nəinki biz”.

Ekspert hesab edir ki, əslində Ermənistanla iqtisadi əlaqələrin olmaması daha məqsədəuyğundur: “Çünki ermənilər heç vaxt etibarlı tərəfdaş olmayıblar. Onlarla hansısa regional layihədə iştirak təhlükəli və qeyri-mötəbər olardı.”

Erməni, kürd, katalonlar - özlərinə zərər vuran “iddialılar”

Ermənistanın ərazi iddiaları olmasaydı...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə ermənilərin indiki vəziyyətini İraq Kürdüstanı ilə müqayisə edir: “Kürdüstan muxtariyyəti müstəqillik referendumu keçirməzdən öncə Türkiyə və İranla, Bağdadla çox sıx münasibətləri vardı. Ticari-iqtisadi əlaqələri gün-gündən genişlənirdi, türk iş adamları ora böyük yatırımlar qoyurdular. Kərkük kimi neft-qazla zəngin əraziyə nəzarəti də ələ almışdı. İndi bunların heç biri yoxdur - çünki müstəqillik eşqinə düşdülər. Bütün əlaqələr itirildi, ticarət öldü, Türkiyə sərhədi bağladı, Ərbil hava limanı böyük gəlirlərdən məhrum oldu, nəhayət, Kərkük əldən çıxdı. Ermənilər də onlar kimi. Vaxtında Azərbaycana qarşı ərazi iddiasına düşməsəydilər, geniş muxtariyyətlə kifayətlənsəydilər, indi Gürcüstanın qazandıqları onların olardı. Bütün boru xətləri Ermənistandan keçərdi, çünki ən qısa yol oradandır. Ermənistanın Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri, regional əməkdaşlıq olacaqdı. Həm Ermənistan, həm də Dağlıq Qarabağ ermənilərinin sosial-iqtisadi durumu bundan dəfələrlə yüksək olacaqdı. İndi Dağlıq Qarabağla yanaşı digər əraziləri də tutublar, amma yaşamağa adam tapmırlar, səfalət içindədilər. Ermənistan gün-gündən boşalır. Yəni bu münaqişədən biz nə qədər əziyyət çəkiriksə, bir o qədər də onlara əziyyət veririk. Necə ki, bu gün Qusarda, Qəbələdə turizm inkişaf edir, eləcə də Şuşada, Xankəndində inkişaf edəcəkdi. Azərbaycan böyük sərmayələr qoyacaqdı bölgəyə. Bütün bunlardan məhrum oldular, üstəlik, ordan-burdan tapdıqlarını da silahlanmaya yönəldir. Çünki Azərbaycan böyük gəlirləri ilə ordusunu ən müasir silahlarla təmin edir. Ermənilər də ən azı geri qalmamaq üçün əllərinə gələni silaha-sursata verməyə məcburdular, nəinki sosial rifaha. Bu baxımdan, daha bir misal Kataloniyadır. Katalonlar geniş muxtariyyətə malik idi, Barselona dünyanın turizm mərkəzlərindən biriydi, yüksək inkişaf əldə etmişdi. İndi muxtariyyətini də itirdi, bölgədəki böhran turizmə təsirsiz olmayacaq.

Mərkəz rəhbəri bildirir ki, ermənilərin ən böyük dəstəkçisi olan Rusiyanın özü belə Ermənistanın inkişafında maraqlı deyil - ölkənin bütün iri müəssisələri, əsas iqtisadi strukturları rusların əlindədir: “İnkişaf varsa, niyə əhali Ermənistanı tərk edir? Burada əlbəttə, müharibə faktoru böyük rol oynayır - heç kim gedib Qarabağda ölmək istəmir. Digər faktor, elə həmin müharibə üzündən sosial-iqtisadi şəraitin ağırlaşmasıdır. Ermənilər hansısa dövlətlərdən, qurumlardan siyasi dəstək ala bilərlər, lakin bu dəstək nə ərazi iddialarını reallaşdırmalarında, nə də sosial-iqtisadi durumlarını yaxşılaşdırmalarında onlara hansısa real xeyir gətirməyib.”

Dünya SAKİT
Tarix: 28-10-2017, 10:19
Xəbəri paylaş





Xəbər lenti