Yeni gömrük rüsumları - sahibkarın, yoxsa büdcənin xeyrinədir...

Yeni gömrük rüsumları - sahibkarın, yoxsa büdcənin xeyrinədir... Fikrət Yusifov: “Artımlar əsasən qeyri-ərzaq məhsullarına şamil edilib ki, onların yerli istehsalı mövcuddur”

Nazirlər kabineti son günlərdə bir çox məhsulların idxalı ilə bağlı gömrük rüsumlarına dəyişikliklər edib. Dəyişikliklərin məğzini ümumiləşdirsək, kənd təsərrüfatı və sənaye istehsalı üçün önəmli olan xammalın gömrük faizləri azaldılıb və ya ləğv edilib, bunun əksinə yerli istehsalı olan və ya olması nəzərdə tutulan mallara tətbiq olunan gömrük rüsumları azaldılıb.


Qərarın biri neft-qaz sənayesində lazım olan maddələrin idxalı ilə bağlıdır. Gələn il yanvarın 1-dən xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlər, karboksimetilsellüloz və onun duzları istisna olmaqla, Azərbaycana idxal edilən plastmas xammalları idxal gömrük rüsumundan azad edilib.

Bundan başqa, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən foto və kino mallarına yeni gömrük rüsumları tətbiq ediləcək. O cümlədən idxal edilən partlayıcı maddələrə tətbiq edilən idxal gömrük rüsumları 3 faizdən 5 faizə artırılıb.

Yanvarın 1-dən tikinti materiallarına tətbiq olunan yeni gömrük rüsumu qüvvəyə minir. Gələn ildən mərmər və travertin, və ya əhəngli tuf daşı (emal edilməmiş və ya qaba xırdalanmış - mişarlanmış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş), qumdaşı və qranitə tətbiq edilən idxal gömrük rüsumu 15 faizdən 5 faizə endiriləcək.

Həmçinin təbii qrafit, silisiumlu qum və kvarslı qum, kvars və kvarsit, kaolin və digər kaolin gilləri, əhəng flüsu (əhəngin və ya sementin hazırlanması üçün istifadə edilən əhəngdaşı və digər əhəngli daş), sönməmiş əhəng, susuzlaşdırılmamış və ya bişməmiş dolomitə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv ediləcək. Gələn ildən şist, qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış, və ya digər üsulla düzbucaqlı formalı (kvadrat formalı daxil olmaqla) bloklara və ya plitələrə ayrılmış), gipsli bağlayıcılara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da ləğv olunacaq. Pemza və sumbata, təbii korund, təbii qranat və digər təbii abraziv materiallara tətbiq edilən 3 faiz idxal gömrük rüsumu da ləğv edilib. Sönmüş əhəng və hidravlik əhəngə tətbiq edilən idxal gömrük rüsumu isə artacaq. Bu mallar üçün gələn il yanvarın 1-dən 10 faiz deyil, 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Bundan başqa idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək.

Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.

“Hökumət bu istehsalı genişləndirmək üçün ölkə daxilində bütün imkanların reallaşdırılmasını hədəfləyir”
Yanvarın 1-dən səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə yanvar, fevral, mart və aprel aylarında gömrük idxal rüsumu tətbiq olunmayacaq. Digər aylarda isə səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə gömrük dəyərinin 5 faizi həcmində gömrük idxal rüsumu tətbiq ediləcək. İstehlak məqsədi ilə ölkəyə gətirilən düyüyə tətbiq edilən 15 faiz gömrük idxal rüsumu qüvvədə qalıb. Bundan başqa, ölkəyə toxumluq üçün gətirilən çovdara, arpaya, toxumluq qarğıdalıya, o cümlədən istehlak məqsədi ilə gətirilən qarğıdalıya tətbiq edilən gömrük idxal rüsumu ləğv edilib. Ölkəyə istehlak məqsədi ilə gətirilən çovdar və arpaya tətbiq edilən 5 faiz gömrük idxalı rüsumu isə qüvvədə qalacaq.

Bundan başqa Azərbaycana idxal edilən qızılgül və qönçələrlə bağlı tətbiq ediləcək gömrük idxal rüsumları da artırılıb, yanvarın 1-dən isə qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu alınacaq.

Eyni zamanda yanvarın 1-dən satış məqsədilə idxal ediləcək qızıl və gümüş məmulatları gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək. Xatırladaq ki, hazırda qızıl birləşmələri və gümüş 0,5 faiz gömrük idxal rüsumu ilə idxal olunur.

Bəs görəsən, iqtisadçı ekspertlər gömrük rüsumları ilə bağlı edilən dəyişiklikləri necə dəyərləndirirlər? Bu dəyişikliklər müvafiq bazarlara necə təsir edəcək?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı-ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov vurğuladı ki, gömrük rüsumları yalnız dövlət büdcəsinə daxilolmaları təmin etmək məqsədilə alınmır: “Bu rüsumların tətbiqinin hələ qədim zamanlarda bir neçə məqsədləri bəlli olub. Müasir dövrümüzdə həmən məqsədlərin ən başlıcası, büdcəyə vəsait toplamaqla bir səviyyədə dayanan, daxili bazarın qorunmasıdır. Daxili bazarı qorumaq dedikdə, söhbət hökumətin ayri-ayrı məhsulların yerli istehsalını lazımınca stimullaşdıra bilmək istəyindən gedir. Əgər hər hansı bir məhsulun yerli istehsalı üçün ölkədə bütün imkanlar mövcuddursa, bunun qarşısında yeganə maneə də məhz eyni məhsulların idxalına rüsumların çox aşağı olması ola bilər. Bir sözlə, daxildə istehsalını təşkil etmək və ya genişləndirmək istənilən məhsullara gömrük idxal rüsumları çox aşağıdırsa, deməli həmən məhsulların ölkə ərazisinə daha ucuz qiymətə gətirilməsi mümkündür. Belə olan halda isə yerli istehsalçılar artıq dediyimiz məhsulların istehsalında maraqlı ola bilməz. Çünki, xaricdən daha ucuz gətirilən eyni məhsul onun bütün maraqlarını heçə endirir”.

Yeni gömrük rüsumları - sahibkarın, yoxsa büdcənin xeyrinədir...

F.Yusifov gömrük rüsumlarına edilən dəyişiklikləri qiymətləndirərkən bildirdi ki, ümumilikdə növbəti ildə idxal rüsumlarının orta tarif dərəcəsi 1 faizə yaxın endirilib: “Gələn ildən bəzi məhsullara gömrük idxal rüsumlarının dəyişməsi ilə bağlı mətbuat səhifələrində müzakirələr gedir. Bu dəyişiklikləri araşdırdıqdan sonra isə məlum oldu ki, növbəti ildə gömrük idxal rüsumlarının orta tarif dərəcəsi bütövlükdə mövcud 9,6 faizdən 8,8 faizə endirilib, yəni gələn il üçün gömrük idxal rüsumları ümumilikdə 0,8 bənd azaldılıb. Araşdırma göstərdi ki, gömrük idxal rüsumlarında nəzərdə tutulan azalmalar ilk növbədə yerli istehsalı üçün gətirilən xammal və materiallara, toxumluq və elmi tədqiqat məqsədləri üçün gətirilən məhsullara aiddir. Ərzaq məhsullarının bir çoxu üzrə də gələn il gömrük idxal rüsumlarının kifayət qədər azaldılması nəzərdə tutulur. Məsələn, təkcə düyü üzrə gömrük idxal rüsumlarının yanvar, fevral, mart, aprel aylarında 5 faizdən 0 faizə endirilməsi, ilin qalan ayları üçün isə 15 faizdən 5 faizə endirilməsi nəzərdə tutulub. Bu siyahını genişləndirmək də olar”.

Ekspert vurğuladı ki, ərzaq məhsullarının idxalı ilə bağlı rüsumlar artırılmayıb: “Lakin bir məsələ aydındır ki, ərzaq məhsullarının idxalı ilə bağlı rüsumlar bir qayda olaraq ya azaldılıb, ya da eyni səviyyədə saxlanılıb. Artımlar isə əsasən qeyri-ərzaq məhsullarına şamil edilib ki, onların yerli istehsalı mövcuddur və hökumət bu istehsalı genişləndirmək üçün ölkə daxilində bütün imkanların reallaşdırılmasını hədəfləyir. Məsələn, daxili və xarici investorları həvəsləndirmək yolu ilə ölkədə yerli avtomobil istehsalını genişləndirmək, bu məqsədlə yeni istehsal müəssisələri yaratmaq üçün dövlət xaricdən gətirilən avtomobillərə rüsumların artırılmasını nəzərdə tutur. Mən bununla bağlı bir neçə ay öncə mətbuat səhifələrində çağırış edib yerli avtomobil sənayesinin inkişafı naminə xaricdən gətirilən avtomobillərə tətbiq olunan gömrük rüsumlarının və aksiz vergilərinin bir neçə dəfə artırılmasını təklif etmişdim. Bizim artıq Naxçıvanda, Gəncədə və Neftçalada avtomobil istehsalı zavodlarımız var. Çox yaxşı haldır ki, hökumət ölkədə bu məsələdə də dönüş yaratmaq yolunu seçib. Biz, nəhayət ki, öz ölkəmizin istehsalı olan avtomobillərdən kütləvi şəkildə istifadə edə bilmək imkanları qazanırıq. Bu sahədə qonşu İran və Türkiyə ölkələrində kifayət qədər yaxşı təcrübə mövcuddur. Hər üç zavod Azərbaycan iqtisadiyyatına bu yolla çox dividentlər verə bilər”.

N.LİFTİYEVA
Tarix: 2-12-2017, 08:29
Xəbəri paylaş





Xəbər lenti