Ağ Evin "bahalı dollar" siyasəti: DAVAM EDƏCƏK

Ağ Evin "bahalı dollar" siyasəti: DAVAM EDƏCƏK
Bahalı dollar siyasəti sonrakı illərdə də davam edəcək

“ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1% - 1,25% səviyyəsindən 1,25% - 1,50 faizədək artırıb. Bunun əsas səbəbi makroiqtisadi göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsidir”.

Cebhe.info xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.




O qeyd edib ki, hazırda ABŞ-da iqtisadi aktivlik kifayət qədər yüksəkdir, əmək bazarı isə çox yaxşı göstəricilər nümayiş etdirir:

“Bu fonda bahalı dollar siyasətinin gələn ildə və ondan sonrakı illərdə də davam etdiriləcəyi gözlənilir. İlkin proqnozlara görə 2018-ci ildə uçot dərəcəsinin 2,100 faizə, 2019-cu ilin sonuna 2,700 faizə, 2020-ci ilin sonuna isə 3,100 faizə yüksəldilməsi nəzərdə tutulur. Uzun illər aparılan ucuz dollar siyasəti ABŞ iqtisadiyyatında nəzərdə tutulan yüksəlişin əldə olunması ilə nəticələndi və məhz bundan sonra mərhələlər üzrə dolların bahalanması siyasəti yürüdülməyə başlandı. Bu, çox düşünülmüş və ardıcıl şəkildə həyata keçirilən uğurlu bir siyasətdir. Bu siyasətin başlıca məqsədi ABŞ iqtisadiyyatına daha çox investisiyalar cəlb etmək yolu ilə onun sürətli inkişafına nail olmaqdır. Prezident Trampın siyasi müstəvidə nümayiş etdirdiyi bütün çılğınlıqlara baxmayaraq, investorların ABŞ iqtisadiyyatına güvəni azalmadı. Belə ki, onun prezidentliyinin biri ili iqtisadi müstəvidə daha çox uğurların əldə olunması ilə yadda qaldı”.

İqtisadçı qeyd edib ki, uçot dərəcəsinin bu şəkildə qaldırılması dünyanın bir saylı valyutasının başqa valyutalara nisbətən möhkəmlənməsi ilə nəticələnəcək:

“Lakin burada digər milli valyutaların özlərini necə apara bilməsi həmən ölkələrin iqtisadi durumundan və ixrac imkanlarından bilavasitə asılı olacaqdır. İqtisadiyyatı neftlə bağlı olan ölkələr bu sırada iqtisadiyyatın real sektorunun sürətli inkişafına çalışmalı və bu sektordan ixracın həcminin artırılmasına nail olmalıdırlar. Biz də bu yolu tutmalıyıq. Çünki milli valyutamızın taleyi bundan çox asılıdır”.

Yeganə Oqtayqızı
Tarix: 15-12-2017, 17:17
Xəbəri paylaş





Xəbər lenti