Ölkədə gizli artım: Yağ, yumurta, çay, “Milla” südləri bahalaşıb - Gəlişmə

Ölkədə gizli artım: Yağ, yumurta, çay, “Milla” südləri bahalaşıb - Gəlişmə
Ölkədə gizli və sakit şəkildə bahalaşma gedir

Palitika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, ağartı məhsullarının qiyməti, yağ, yumurta, çay günbəgün qalxır.

Artıq “Milla” (“AZFP Co. LTD” MMC) şirkəti ağartı məhsullarının qiymətini yenidən qaldırıb. Firmanın süd, xama, qatıq məhsulları bahalaşıb.

Hazırda “Milla”südləri 2 manat 10 qəpiyə qalxıb. Firmanın xamaları isə 1 manat 61 qəpik olub.

“Milla” qatıqları 2 manat, ayranlar 60 qəpikdir. Qiymət əsasən süd məhsullarında qeydə alınıb. Dünənə kimi 1 manat 70 qəpik olan “Milla” südləri indi 2 manat 10 qəpikdir.

Bundan əlavə, yumurta, kərə yağı bahalaşıb və ucuzlaşma qeydə alınmayıb.

Təbii, əgər «Milla» Süd Emalı Zavodu monopolist mövqeyini bir kənara qoyub digər müəssisələrin də normal fəaliyyət göstərməsinə imkan verərsə, o zaman ölkədə süd və süd məhsullarının qiyməti xeyli aşağı düşər.

Lakin AZFP Co. LTD inhisarçı mövqeyini qoruman, daha çox gəlir əldə etmək məqsədilə buna imkan vermir.

Bir sözlə, bu vəziyyət adıçəkilən şirkətə xeyir gətirsə də, istehlakçıların cibinə ciddi şəkildə zərər vurur.

Hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davamlı xarakter daşıyır və onun səviyyəsi də getdikcə qalxır. Odur ki, anbar qalığının artımından bu faktor da nəzərə alınmalıdır.

Anbarlarda hazır məhsul qalığının artımını əsasən 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq istehsalçıların onları satışa çıxarmamasıdır.

Digər tərəfdən də bəzi məhsullar qiymətində gözlənilən qiymət artımını nəzərə alaraq istehsalçılar onları baha qiymətə satmaq niyyəti ilə həmin malları bir müddət anbarlarda saxlayır və qiymət bahalaşarkən satmağa üstünlük verir.

Palitika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, dövlət tərəfindən iqtisadiyyatın liberallaşdırılması və şəffaf idarəçilik modelinə keçid mərhələli şəkildə aparılır.

Sadəcə, ölkə iqtisadiyyatına çomaq soxan monopolistlər hələ də “at oynadır”lar. Seçkiyə bir il qalmış gömrük inhisarçılarının hökuməti şantaj edərək sabotaja başlaması, kərə yağı və s. məhsulların qiymətini süni şəkildə qaldırması iqtidara zərbədir.

Əhalini narazı salmaq və seçkiqabağı hakimiyyətə qarşı qoymaq, sosial gərginliyi artırmaq məhz iqtisadi təxribatdır.

İki ildir iqtisadiyyatımız itkilərlə üzləşir, biz ilk növbədə həmin itkiləri bərpa etməliyik. Ötən il iqtisadi geriləmə 3,8 faiz olub, bu ilin 9 ayı ərzində 1 faizə qədər tənəzzül də onun üzərinə gəlib.

Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı 2015-ci illə müqayisədə təxminən 5 faiz kiçilib.

İlk növbədə, milli iqtisadiyyatı 2015-ci il səviyyəsinə çatdırmalıyıq. Bunun üçün də iqtisadiyyatın bərpa dövrü başlamalıdır.

Azərbaycan prezidentinin göstərişləri var, yerli istehsal artırılır, idxaldan asılılıq azaldılır, bürokratik əngəllər aradan qaldırılır. Ancaq gömrük generalları hakimiyyətin siyasətinə qarşı getməkdədirlər.

Kərə yağı ilə bərabər ət məhsulları da bahalaşıb. Qiymətlərin optimallaşması üçün ilk növbədə monopoliya aradan qaldırılmalıdır.

Xüsusilə də idxalda mal və məhsulların gömrük dəyərinin düzgün müəyyənləşdirilməsinə nail olmaq lazımdır.

Gömrük dəyəri bəzi məhsular üzrə şişirdilir, bəziləri üzrə endirilir, bu da qiymət rəqabətinə mənfi təsir göstərir. Bir qrup məhsullar gömrük qeydiyyatına alınmır.

İdxal olunan məhsulların qiyməti ilə pərakəndə satışda olan məhsulun qiyməti arasında böyük fərq var.

Bunu yaradan əsasən inhisarçı şirkətlərdir, onlar istədikləri qiymətləri bazarda diqtə edə bilirlər. Ona görə də bu iki qiymət arasında fərqi aşkara çıxaran monitorinqlər aparılmalıdır.

Palitika.Az
Tarix: 21-12-2017, 22:20
Xəbəri paylaş





Xəbər lenti