Siqaret və spirtli içkilərin bahalaşması qaçaqmalçılığı artıracaq

Siqaret və spirtli içkilərin bahalaşması qaçaqmalçılığı artıracaq
Ekspert: “Bahalaşma ölkədə ümumi qiymət artımına, inflyasiyanın güclənməsinə səbəb olacaq”

Yeni ilin ilk günlərindən Azərbaycana gətirilən bir sıra məhsulların gömrük-idxal rüsumları artırılır. Belə məhsullar arasında tütün məmulatları və alkoqollu içkilər, o cümlədən etil spirti də var. Bu məhsulların idxalına tətbiq olunan aksiz vergisi 2 dəfə artırılır.


Qeyd edək ki, Azərbaycanda demək olar ki, əksər ailələrdə alkoqollu içkilər və ya siqaretdən istifadə edənlər var. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkələrində əhaliyə 30,9 milyard manatlıq məhsul satılıb. Bunun 1 milyard 435,2 min manatı alkoqollu içkilər və tütün məmulatlarının payına düşür. Bu, əhalinin, yəni ailə təsərrüfatlarının ümumi xərcləmələrində alkoqollu içkilər və tütün məmulatlarının təxminən 4,6 faiz paya malik olması deməkdir.

Nəzərə alsaq ki, xüsusilə rayon yerlərində kustar yolla hazırlanmış spirtli içkilərdən istifadə çox geniş yayılıb, üstəlik, qaçaqmalçılıqla ölkəyə gətirilərək satılan siqaretlərə hər yerdə rast gəlmək olur və bu məhsulların satışı qeydiyyata salınmır, onda ən azı bu iki məhsulun əhalinin ümumi xərcləmələrindəki payının daha çox olduğunu söyləyə bilərik.

Bu qədər istehlak edilən məhsulların böyük bir hissəsi xaricdən idxal olunmaqdadır. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 11 ayında Azərbaycana 141,501 milyon dollarlıq tütün və tütün məmulatları idxal olunub. Spirtli və spirtsiz içkilərin, sirkənin idxalı isə 59,873 milyon dollar təşkil edib.

Ölkədə siqaretlərin illik istehlakı 11 milyard ədədə yaxındır. Bunun cəmi 1,6 milyard ədədi yerli istehsal hesabına təmin olunur. Qalan 9,4 milyard ədəd siqaret isə idxal olunur. Bu isə aksizlərin artmasının Azərbaycanda istehlak olunan hər 11 siqaretdən azı 9-nun qiymətini yüksəldəcəyi deməkdir.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, aksiz vergisinin artması alkoqollu içkilər və tütün məmulatları ilə bağlı bir neçə istiqamətdə ciddi dəyişikliklərə səbəb olacaq: “Əvvəla, onu qeyd edim ki, büdcə daxilolmalarında çətinlik yaşayan ölkələrin demək olar ki, hamısı bu yoldan istifadə edir. Yəni alkoqollu içkilər və tütün məmulatlarının vergi və gömrük rüsumlarını artırır. Bunun da səbəbi odur ki, bu iki məhsul sosial əhəmiyyətli məhsul hesab olunmur. Ona görə də hökumətlər buna daha rahatlıqla gedə bilirlər. Bu baxımdan, Azərbaycan hökumətinin büdcəyə əlavə vəsaitlər daxil etmək cəhdi başadüşüləndir. Lakin burada diqqət yetirilməli olan bir neçə məsələ var. Onlardan birincisi budur ki, tütün məmulatlarının qonşu ölkələrdə bizdən daha ucuz olması qaçaqmalçılıq kimi neqativ halların çoxalmasına gətirib çıxaracaq. Diqqət yetirmisinizsə, son aylarda ölkəyə qaçaqmal yolu ilə siqaret idxalı faktlarının sayı həddindən çox artıb. Demək olar ki, hər gün gömrükdən bununla bağlı yeni məlumat açıqlanır. Hətta ən güclü dövlətlərdə belə qaçaqmalın qarşısını bütünlüklə almaq mümkün olmur. Buna görə də hazırda Bakının bir çox yerlərində qaçaq yolla gətirilən aksizsiz siqaretlər satılır. Aksizlər artandan sonra bu kimi halların da sayı daha da çoxalacaq. Yəni hökumət aksizləri artırmaqla büdcəyə daxilomaları artırmağı hədəfləyir, amma bu, əks-effekt də verə bilər: qeydiyyatdan yayınmaqla idxal arta, rəsmi idxal isə azalar ki, bu da büdcəyə daha az vəsaitin gəlməsinə səbəb olar”.

Siqaret və spirtli içkilərin bahalaşması qaçaqmalçılığı artıracaq

Alkoqollu içkilərə gəlincə, ekspert burada daha ciddi bir təhlükənin yaranması ehtimalını böyük hesab edir: “Burada daha ciddi məsələləri gündəmə gətirəcək. Aksizlər həm xarici içkiləri, həm də xammalın bahalaşması ilə ondan istifadə edən yerli istehsal məhsullarını bahalaşdıracaq. Bu isə evlərdə, gizli sexlərdə qanunsuz istehsal olunan, keyfiyyət standartlarına cavab verməyən alkoqollu içkilərdən istifadəni çoxaldacaq. Bu isə əhalinin sağlamlığına böyük təhlükə deməkdir. Bir neçə il əvvəl Rusiyada alkoqollu içkilərin qiymətini qaldırdılar, satışına məhdudiyyət tətbiq etdilər. Bu, ölkədə standartdankənar, saxta içkilərdən istifadənin kütləvi hal almasına, çoxsaylı və kütləvi zəhərlənmələrin olmasına, ölüm hadisələrinə gətirib çıxartdı. Nəticədə hökumət geriyə addım ataraq məhdudlaşdırıcı qərarları ləğv etməyə, alkoqollu içkilərin qiymət tənzimlənməsi metoduna keçməyə məcbur oldu. Demək istəyirəm ki, alkoqollu içkilərin bahalaşması Azərbaycanda da eyni effekti verə bilər”.

N.Cəfərli onu da qeyd edir ki, tütün məmulatları və alkoqollu içkilərin bahalaşmasından ailə büdcəsinə də xeyli zərər dəyəcək. Eyni zamanda bu bahalaşma ölkədə ümumi qiymət artımına, inflyasiyanın güclənməsinə səbəb olacaq: “Rəsmi məlumatlara görə, tütün məmulatları və spirtli içkilərin əhalinin istehlakında ciddi paya malikdir. Bu isə onların bahalaşmasından əhalinin zərər çəkəcəyini göstərir. Digər tərəfdən, hökumət gələn il üçün birrəqəmli inflyasiyaya nail olmağı hədəf götürüb. Amma çoxsaylı məhsulların idxalında aksiz və vergilərin artırılması bu hədəfə nail olunmasına ciddi əngəl yaradacaq”.

DÜNYA,
“Yeni Müsavat”
Tarix: 29-12-2017, 09:43
Xəbəri paylaş





Xəbər lenti