Neft bazarında “sular durulmur”: Qiymət artsa da, təhlükə qalır

Neft bazarında “sular durulmur”: Qiymət artsa da, təhlükə qalır
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,35 dollar ucuzlaşaraq 69,12 dollar olub. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 67,31 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,44 dollar bahalaşaraq 63,83 dollar təşkil edib.

“Forexs” birjasının məlumatına görə beynəlxalq valyuta bazarlarında dolların ucuzlaşması nəticəsində avronun, neftin və qızılın qiymətlərində artım müşahidə edilir.Avropanın “Brent” markalı neftinin bir barel qiyməti isə 66 dollara kimi ucuzlaşdıqdan sonra fevralın 7-də 67 dolların üzərində ticarət edilməkdir.Burada da təhlillər onu göstərir ki, qiymət bu səviyyənin üzərində qalarsa, 68 və 69 dollara kimi də bahalaşa bilər.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, neft bazarlarında tarazlıq bərqərar olmayıb:

“Böyük ehtimalla qlobal neft bazarlarındakı dəyişkənlik bundan sonra da davam edəcək. Neftin qiymətinin artması üçün fundamental səbəb yoxdur.Baxmayaraq bazar təhlilçiləri iddia edirdilər ki, 2018-ci ilin birinci yarısı tələbin, ikinci yarısı isə təklifin artması ilə səciyyələnəcək.Amma biz bu gün bunun əksini görürük.Brent markalı neftin qiymətinin 70 dollar həddinə qalxmasının heç bir fundamental əsası yoxdur. Yanvarda Rusiyanın “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov və BP şirkətinin baş icraçı direktoru Robert Dadli Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda bildirdilər ki, neftin indiki qiymətləri süni şəkildə tənzimlənib. Nefti qiymətini təhdid altına alan əsas amillərdən biri ABŞ-dan gələn enerji daşıyıcılarının statistik göstəriciləridir. ABŞ-da qazma aktivliyi davam etdikcə neftin qiyməti təhdid altına düşəcək.Hazırda ABŞ-da neft qazma qurğularının sayı 759 ədəddir. Kommersiya ehtiyatlarında azalmalar başlayıb, ola bilər ki, bundan sonra da artmalar davam etsin. Bu gün neftin qiymətində cüzi dəyişikliyin səbəbi Amerika Neft İnstitutunun (APİ) proqnozu ilə bağlıdır. APİ-nin verdiyi proqnoza görə başa çatmaqda olan iş həftəsində ABŞ-ın xam neft ehtiyatlarında cüzi azalma baş verib. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 1,05 milyon barel azalaraq 418,4 milyon barel olub. Halbuki analitiklər ehtiyatların 3,15milyon barel artacağını nəzərdə tuturdu. Əvvəlki həftə isə neft ehtiyatları 3,22 milyon barel artmışdı. Beləliklə də, ABŞ-ın neft ehtiyatları son 3 həftədə 2 həftə artıqdan sonra yenidən azalıb.Hazırkı qiymət artımı bununla bağlıdır”.


Ekspert qeyd edib ki, qlobal neft bazarları həddən artıq zəifdir:

“Qlobal bazarlara çıxarılan neft həcmləri dünya iqtisadiyyatı tərəfindən həzm edilmir. Digər tərəfdən yüngül neftin qiymətində hər hansı bir artımın baş verməsidir.Bu, həm Liviyadan, həm də digər ölkələrdən yüngül neft həcmlərinin bazara çıxarılmasında problemlərin yaranması ilə bağlıdır.Hesab edirəm ki, 2018-ci ilin qarşıdakı aylarında neftin qiymətində hər hansı bir sıçrayışın hiss edilməsi məntiqdən kənardır.Bazarlarda dəyişkənlik davam edir.

Beynəlxalq Enerji Agentliyinin 2018-ci ildə ABŞ-da neft hasilatı ilə bağlı proqnozuna inansaq, ilin sonunda Amerikada hasilat 10 milyon bareli keçəcək. Digər statistik göstəricidə isə sutkalıq hasilat 10 milyon 300 min barel göstərilir.Başqa bir proqnozda isə bildirilir ki, ilin sonunda ABŞ-da sutkalıq neft hasilatı 10 milyon 800 min barel təşkil edəcək.Bu isə onu deməyə əsas verir ki, qlobal bazarlarda neftin qiymətində dəyişkənlik davam edəcək.Nəticədə hasilatçı dövlətlər çox ciddi problemlərlə üzləşəcəklər”.

Zəfər Vəliyev hesab edir ki, Avropa bazarlarında neftin qiymətinin ucuzlaşmasının bir səbəbi də emal marjının aşağı düşməsidir:

“Avropa dövlətlərində mövcud olan neft emalı zavodlarında emal marjı kəskin şəkildə aşağı düşüb. 2017-ci ildə Polşadakı və yaxud İtaliyadakı neft emalı zavodlarında emal marjı hər bareldə 9-11 dollar arası dəyişirdisə, indi bu göstərici 5-6 dollar civarındadır.Analoji problem Asiya bazarlarında da var. Sakit Okean, Asiya enerji bazarlarındakı neft emalı zavodlarında hazırda emal marjı barel hesabı ilə 6 dollara düşüb.Belə olan təqdirdə neft emalı müəssisələri xam neftin alınmasında maraqlı olmayacaq.Avropa bazarlarına kifayət qədər Yaxın Şərq ölkələrindən təmizlənmiş dizel yanacağı daxil olur.Bunun qarşılığında Avropadakı neft emalı zavodları nə mazut istehsalına, nə də təmizlənmiş dizel yanacağının istehsalına maraqlı deyillər.Ona görə də neftə olan tələbat aşağı düşüb və bu, davam edəcək”.
Yeganə Oqtayqızı
Tarix: 8-02-2018, 22:14
Xəbəri paylaş





Xəbər lenti