Neft Fondunun aktivləri risk altında - SƏBƏB

Neft Fondunun aktivləri risk altında - SƏBƏB Həftənin ilk iş günü ABŞ və dünya fond bazarında baş verən ciddi sarsıntı hələ də dünya mətbuatının, analitik mərkəzlərin gündəmindən düşmür. Qeyd edək ki, ikinci gün də ABŞ fond birjaları enişlə başlasalar da, günü 1.8-2,3 faiz yüksəlişlə başa vurublar.

Dünya mətbuatının yazdığına görə, fond bazarları 2011-ci ilin avqustundan bəri belə eniş görməmişdilər. Hələ də analitiklər bu sarsıntının ciddi böhran, yaxud adi korreksiya əlaməti olduğu barədə yekdil fikrə gələ bilməyiblər. Optimistlər hesab edirlər ki, bu, adi korreksiyadır - 405 ticarət günü ərzində birjalarda 6 və daha yüksək faizli korreksiya olmayıb, bu isə presedenti olmayan uzun müddət sayılır. Buna əsaslanan optimistlər yaxın 2-3 həftədən sonra kotirovkalarda yenidən yüksəliş başlanacağını proqnozlaşdırırlar.

Pessimistlər isə baş verənlərin adi korreksiya deyil, maliyyə böhranının əlaməti olduğu qənaətindədilər.

Amerikalı milyarder Karl Aykan CNBC telekanalına müsahibəsində bildirib ki, bazar ertəsi baş verənlərin yaxın gələcəkdə qeydə alınacaq daha ciddi, hətta Böyük depressiya dövründəkindən daha dağıdıcı sarsıntıların xəbərçisi olduğuna əmindir.

Onu da qeyd edək ki, ABŞ və dünya fond bazarında baş verən dəyişikliklər Azərbaycana təsirsiz ötüşmür. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) vəsaitlərinin bir hissəsi məhz səhm bazarına yatırılıb. Fond birjalarında baş verən enişdən Neft Fondunun itkiləri ilə bağlı quruma ünvanladığımız sorğuya verilən cavaba görə, 31 dekabr 2017-ci il tarixinə ARDNF-nin investisiya portfelində səhm maliyyə alətinə yatırımlar Asiya regionu üzrə 0,82 faiz (294 milyon ABŞ dolları), ABŞ üzrə isə 4,73 faiz (1,7 milyard ABŞ dolları) təşkil edir: “Bundan əlavə, qeyd etmək istərdik ki, 31 dekabr 2017-ci il tarixinə ARDNF-nin Asiya regionu üzrə bütün maliyyə alətlərinə yatırımlar investisiya portfelinin 26,16 faizini (9,4 milyard ABŞ dolları), ABŞ üzrə isə 23,80 faizini (8,5 milyard ABŞ dolları) təşkil edir”.

ABŞ və Asiya fond birjalarında müşahidə olunan enmələrin Dövlət Neft Fondunun aktivlərinə təsiri varmı? Fonddan “Yeni Müsavat”a verilən məlumata görə, hazırda ARDNF-nin ümumi investisiya portfelində səhm investisiyalarının çəkisi 11 faiz təşkil edir ki, burada da ABŞ-ın payı təxminən 40 faizə bərabərdir: “Təbii ki, ABŞ, Asiya ölkələri də daxil olmaqla, dünya səhm bazarında baş verən qiymət enmələri ARDNF-nin də investisiyalarına təsirsiz ötüşməmişdir. Lakin ARDNF-nin vəsaitlərinin həcmində səhmlər yuxarıda qeyd edildiyi kimi, daha az hissəni təşkil etdiyindən ümumi gəlirlilikdə ilin əvvəlindən bəri müsbət gəlirlilik qeydə alınmışdır. Məlum olduğu kimi, ARDNF-nin investisiya portfelinin əhəmiyyətli hissəsi (təxminən 77 faiz) sabit gəlirli qiymətli kağızlara yatırılmışdır və bununla yanaşı, vəsaitlərin tərkibində daşınmaz əmlak və qızıl kimi aktivlər də mövcuddur. Təbii ki, səhm yatırımları uzun müddətdə daha yüksək gəlirlilik vəd etsə də, qısamüddətli qiymət dəyişkənliyinə daha çox məruz qalırlar. Lakin portfelin yüksək diversifikasiyasının təmin edilməsi, eləcə də əsaslı araşdırmalara söykənən mütəmadi monitorinqin aparılması bu kimi dalğalanmaların təsirinin minimuma endirilməsində müstəsna rol oynayır”.

ARDNF-nin dünən açıqladığı ümumi məlumatda isə qeyd olunur ki, ötən il fondun vəsaitlərinin 47,1 faizi dollar, 35,7 faizi avro, 5,1 faizi funtsterlinq, 1 faizi Türkiyə lirəsində, 1,1 faizi Rusiya rublunda, 1,3 faizi Koreya vonunda, 1,5 faizi Yapon yenində, 1,4 faizi Çin yuanında, 3,5 faizi qızılda, qalanı digər valyutalarda saxlanılıb.

2017-ci ildə fondun vəsaitləri üzrə ümumi gəlirlilik 2,32 faiz təşkil edib. 1,01 faiz gəlirlər səhmlərdən, 0,22 faiz daşınmaz əmlakdan, 0,65 faiz istiqrazlar və pul bazarı alətlərindən, 0,44 faiz qızıldan əldə olunub.

İl ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 83,6 milyon manat olub. Bu isə o deməkdir ki, investisiya portfelinin cəmi 14,9 faizini təşkil edən səhmlərdən fondun qazancı 471,4 milyon dollar, yaxud vəsaitlərin idarə olunmasından əldə olunan ümumi gəlirin 45 faizindən çoxu olub. Cəmi yatırımların, yəni 35 milyard 799,9 milyon dolların 76,3 faizini təşkil edən istiqrazlar və pul bazarından isə 303,6 milyon dollar, yaxud ümumi gəlirin 30 faizə yaxını qədər, 3,5 faiz vəsaitin yatırıldığı qızıl portfelindən 205,5 milyon dollar, 5,3 faiz vəsaitin yatırıldığı daşınmaz əmlak portfelindən isə 102,7 milyon dollar gəlir əldə olunub. Bu isə o deməkdir ki, fondun investisiya portfelində ən aşağı gəlirlilik istiqrazlar və pul bazarı alətləri, həmçinin daşınmaz əmlakdan əldə olunub. Ən yüksək gəlirlilik isə səhmlərdə qeydə alınıb.

Məsələ burasındadır ki, dünyanın nüfuzlu ekspertləri son həftələrdə iki sahədə köpüklərin yarandığını bildirərək, onların partlaması nəticəsində növbəti qlobal böhranın yaranacağını vurğulayırlar. Bunlardan birincisi səhm bazarıdır - bu həftənin əvvəlində bu bazar çox böyük sarsıntıya məruz qaldı. Bir günün içərisində ABŞ, Asiya və ardınca Avropa fond indeksləri indiyədək olmayan səviyyədə dəyər itirdilər. ARDNF-nin ən gəlirli aktivləri məhz səhm bazarındadır.

Köpüklərin yarandığı ikinci sahə dövlət qiymətli kağızlar bazarıdır. Analitiklər tərəfindən xüsusilə ABŞ dövlət istiqrazları sahəsində vəziyyətin daha təhlükəli həddə çatdığı qeyd olunur. ARDNF-nin vəsaitlərinin 77 faizi məhz istiqrazlar və pul bazarı alətlərinə yatırılıb. Bu isə həmin vəsaitlərlə bağlı də təhlükənin yarandığı anlamına gəlir.

Belə bir çətin situasiyada ARDNF öz vəsaitlərini qorumaq üçün son dərəcə diqqətli və çevik siyasət yürütməyə borcludur.
“Yeni Müsavat”
Tarix: 9-02-2018, 09:52
Xəbəri paylaş





Xəbər lenti