Bahalı dollar: Dünya üçün risk yaradır


Bahalı dollar: Dünya üçün risk yaradır

ABŞ-ın investisiya bankı və maliyyə xidmətləri şirkəti "Morgan Stanley"in Araşdırma şöbəsinin Qlobal Xarici Valyuta Strategiyasının baş direktoru Hans Redeker, ABŞ iqtisadiyyatının gələn il yavaşlayacağını, Federal Ehtiyatlar Sisteminin (FED) 2019-cu ildə faiz artımına fasilə verəcəyini, bunların da dolların ucuzlaşmasına səbəb olacağını deyib. Redeker açıqlamasında, hazırda Avropa, Yaponiya və Çin kimi böyük iqtisadiyyatların qlobal maliyyə bazarlarına daha az investisiya etdiklərinə diqqət çəkib: “Bu səbəbdən dollara tələb azalacaq. Borcunuz yaratdığı zaman onu satın alacaq birilərinə ehtiyac yaranır. Bu vəziyyətdə qlobal kapitalın əlverişliliyinə baxarsız, sərmayə daxilolmaları da çətinləşir".

Qurumun noyabr ayı hesabatına görə, dollar indeksi 2019-cu ilin son rübündə hazırkı 97 səviyyələrindən 85-ə, 2020-ci ilin sonunda isə 81-ə enəcək.

Hans Redeker, xarici fondların girişləri ilə dolların bu il gücləndiyini, ancaq daha yaxşı gəlir əldə edən investorların öz vəsaitini ABŞ-dan çıxaracağını da qeyd edib. O, hazırda da bəzi inkişaf edən ölkə bazarlarının ABŞ-a nisbətən daha yaxşı dividendlər təmin etdiyini də bildirib.

“Morgan Stanley”, bu həftənin əvvəlində inkişaf etməkdə olan bazar səhmlərinə dair tövsiyələrini “çəki artırmaq”, ABŞ hissə sənədləri üçün “ağırlığı azaltmaq” təklifi vermişdi. Qurum, gələn il inkişaf etməkdə olan bazarlarda sabit bir böyümə gözlədiyini bildirib.

Qlobal investisiya bankı "Goldman Sachs" da, dolların 2019-cu ildə ABŞ iqtisadiyyatında yavaşlama ilə dəyərdən düşəcəyi barədə proqnoz verib. "Goldman" analitikləri, dolların 2019-cu ildə ABŞ iqtisadiyyatının artım sürətinin düşməsilə ucuzlaşacağını gözləyirlər. Bank FED-in mərhələli faiz artımları və prezident Donald Trampın vergi güzəştlərinin təsirinin azalması ilə ABŞ iqtisadiyyatında artımın əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırır. Qurumun noyabrın 27-də yaydığı hesabata görə, hazırda 3.5 faiz artan ABŞ iqtisadiyyatı 2019-un sonuna qədər 1.75 faizə qədər geriləyə bilər. 2018-ci ildə orta hesabla inkişafın 2.9 faiz olacağını proqnozlaşdıran bank, 2019-cu ildə iqtisadi artımın orta hesabla 2.5 faizə düşməsini gözləyir. Bankın məlumatına görə, Latın Amerikası valyutaları gələn il inkişaf etməkdə olan bazarlarda daha yaxşı performans göstərəcək. Qısa müddətdə İsveç kronu, Kanada, Avstraliya və Yeni Zelandiya dolları, eləcə də İsrail şekelinin məzənnəsi yüksək olacaq.

Bank mütəxəssislərinin hesabatında FED-in böyük ehtimalla dekabrda faiz artıracağı qeyd olunub. Bundan əlavə, 2019-cu ildə 4 dəfə faiz artımı gözlənildiyini və maliyyələşmə faizinin 3.25-3.50 faiz aralığına qalxacağı proqnozlaşdırılır. FED sədri Cerom Pauell isə, FED-in faizlərinin neytral səviyyədən bir az aşağı olduğunu deyib.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, son 5 ildə dolların müxtəlif fasilələrlə digər dönərli valyutalara qarşı möhkəmlənmə və ucuzlaşma prosesi gedib: 

“Dolların son möhkəmlənmə prosesi 2014-cü ilin üçüncü rübünə təsadüf edib. Avqustun axırı, sentyabrın əvvəlindən başlayaraq dollar avro ilə müqayisədə 1.39 səviyyəsindən 1.05-ə qədər möhkəmlənib. Paralel olaraq da neftin qiymətinin enməsi də müşahidə edildi. Son dövrdə dolların məzənnəsində müxtəlif istiqamətlərdə dəyişiklik baş verib. Əgər uçot dərəcəsi ilə bağlı proseslər gələn il də belə davam edərsə, bu zaman şübhəsiz ki, dolların ucuzlaşması prosesi gedəcək. Ancaq bəzi hallarda verilən proqnozların əksi olur, buna da dünya birjalarında həcm hərəkətləri şərait yaradır”.

Analitik hesab edir ki, dolların ucuzlaşması ABŞ iqtisadiyyatında mənfi tendensiyanın baş verəcəyinə dəlalət etmir: 

“Dolların ucuzlaşması gözlənilənin əksinə olaraq, ticarət dövriyyəsinin artımı ilə nəticələnə bilər. Həmçinin dolların maraq dairəsi, cazibədarlığı artacaq. Adətən iqtisadiyyatı güclü olan milli valyutanın ucuzlaşması, heç də pis fon yaratmır. Bunun müsbət tərəfləri də var. İqtisadiyyat sağlam şəkildə olduğu halda ən azından eksport potensialı artır. Əks halda, əgər milli valyuta dəyərin itirərsə, bu zaman makroiqtisadi formada tarazlıq pozulur. Ancaq iqtisadiyyatı güclü dövlətlərin milli valyutasının ucuzlaşması həm iqtisadiyyatı stimullaşdırır, həm də valyutanın cazibədarlıq dairəsini artırır. Yəni, sahibkarlar, biznesmenlər daha çox dollar zonasında ticarət etməyə maraqlı olurlar. Bu nöqteyi-nəzərdən dollar ucuzlaşa bilər. Nəzərə almaq lazımdır ki, 2014-cu ildə möhkəmlənmə prosesi keçən dolların 2019-cu ildə 5 ili tamam olacaq. Hesab edirəm ki, artıq yumşalma prosesi də gedə bilər”.

Dolların manata, o cümlədən digər valyutalara qarşı nisbətinə gəlincə, Fuad İbrahimov deyib ki, ABŞ milli valyutasının manata nisbətdə ucuzlaşması getməyəcək: 

“Birinci, dolların ucuzlaşması deyəndə, burada söhbət onun digər dönərli valyutalara qarşı olan nisbətindən gedir. Yəni, funt-sterlinq, avro, yapon yeni və yaxud Avstraliya dolları əsas götürülür. Keçid dövrü iqtisadiyyatlı və yaxud dönərli valyutası olmayan ölkələrin milli valyutalarına dolların ucuzlaşmasının aidiyyəti yoxdur. 

Bu baxımdan ən azından manata təzyiq yumşala bilər. Bu zaman biz sabit şəkildə iqtisadiyyatdakı əskikləri tamamlaya bilərik. Dolların möhkəmlənmə prosesi gedərsə, şübhəsiz ki, bu zaman manata təzyiqlər qalmış olur. Doğrudur, biz hələlik bunu uğurla həyata keçirdə bilirik, yəni, dolları 1.70 civarında saxlayırıq. Amma təzyiqlərin olması digər makroiqtisadi göstəricilərin həyata keçirilməsinə maneələr törədir. Bəzən məcburiyyət qarşısında süni alətlərdən istifadə etmək gərək olur. Dollar dünya bazarlarında ucuzlaşma siyasətini həyata keçirsə, az da olsa, Azərbaycana töhfəsi ola bilər. Amma bu o demək deyil ki, manat dollara qarşı möhkəmlənir. Bu haqda danışmaq hələ tezdir”.(Cebhe.info)


Tarix: 1-12-2018, 21:25
Xəbəri paylaş





Xəbər lenti