Rusiya qapıları bağlayır: Azərbaycanlılar üçün yeni bazar


Rusiya qapıları bağlayır: Azərbaycanlılar üçün yeni bazar

Şimal qonşumuz Rusiya Azərbaycanın həm də ən böyük ixrac bazarıdır. 

İstehsal olunan kənd təsərrüfatı malları dadlı olsa da, təchizatın beynəlxalq standartlara uyğun olmaması, həm də qablaşdırılmadakı problemlər digər ölkələrin bazarlarını ölkəmizin üzünə bağlayır. Amma artıq Rusiya bazarlarının da üzümüzə qapanacağı təhlükəsi var.  Belə ki, Rusiya hökuməti meyvə-tərəvəzin sərhəddən keçirilməsi qaydalarını sərtləşdirəcək. Rusiya mətbuatının yazdığına görə, yeni qaydalar bu ilin avqustun 19-dan etibarən qüvvəyə minəcək.

Belə ki, bundan sonra baqaj və ya əl yükündə fitosanitar sertifikatı olmadan sərhəddən 5 kq-dək meyvə-tərəvəz və hər birində 15 gül olmaq şərti ilə 3 buketin keçirilməsinə icazə veriləcək.

Daha çox meyvə-tərəvəzin ölkədən çıxarılması üçün isə fitosanitar sertifikatlar tələb olunacaq. İndiyədək belə sertifikat tələb olunmurdu. Əgər sertifikat təqdim edilməsə, məhsullar ya ölkəyə geri qaytarılacaq, ya da sahibkar hesabına məhv ediləcək. Qaydaların bütün növ nəqliyyat vasitələrinə şamil olunacağı da yayılan xəbərlər arasındadır. Məlumdur ki, Azərbaycanın iqtisadiyyatının gələcəyi qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Ölkəmizdə aqrar potensial böyük olduğu üçün ekspertlər hesab edirlər ki, bu sahəyə invetisiya qoymaq və ixracı stimullaşdırmaqla ölkə iqtisadiyyatının güclənməsinə nail olmaq mümkündür. Amma göründüyü kimi, proseslər bizdən asılı olmayan səbəblərdən əksinə inkişaf edir. Azərbaycan ixrac sektorunda malik olduğu ən böyük bazarı itirmək üzrədir.

İqtisadçı ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya qaydaları sərtləşdirmədən əvvəl də bir neçə dəfə Azərbaycan məhsullarını geri qaytarıb: 

“Rusiyanın öz müttəfiqlərini dəyişmək niyyəti aydın görünür. Azərbaycandan gələn kənd təsərrüfatı mallarının yerinə daxili bazarının daha geniş hissəsini Türkiyənin üzərinə açmaq niyyətindədir. Çünki bizim bölgədə kənd təsərrüfatı sektorunun ən zəif inkişaf etdiyi ölkə Azərbaycandır. Ona görə də Rusiyanın avqustun 19-dan etibarən tətbiq edəcəyi qaydalara görə ən çox əziyyət çəkən tərəf Azərbaycan olacaq, yəni həmin “süzgəc”dən Azərbaycan fermerləri keçə bilməyəcək. Hesab edirəm ki, qarşıdakı dövrdə Azərbaycan ixracatçısı Rusiya bazarının böyük bir hissəsini itirəcək”.

İqtisadçı hesab edir ki, bu maneələri aşmaq üçün yalnız kənd təsərrüfatı inkişaf etdirilməlidir: 

“Son zamanlar Azərbaycan mətbuatı geri qaytarılan məhsulların tərkibində hansısa zərərvericinin olduğu haqda məlumat vermişdi. Amma mən Rusiyanın Fitosanitar Xidmətinin saytından məlumat əldə etdim ki, Azərbaycandan idxal olunan məhsulların geri qaytarılmasına onların tərkibində nitratların çox olması səbəb olub. Amoniom turşusu meyvə-tərəzlərə verilən zaman onlar həm dadlı, həm də daha tez böyüyərək, gözəgəlimli olur. Amma həmin bitkilərin tərkibi yoxlanılan zaman nitratların daha çox olduğu üzə çıxır və o, standartlara uyğun olmayan məsul hesab edilir. Azərbaycan fermerlərinin isə bu barədə məlumatı yoxdur və istəyirlər ki, gübrəni daha çox verərək məhsulu daha gözəgəlimli etsinlər”.

Akif Nəsirlinin fikrincə, ölkədə həm kənd təsərrüfatına maddi dəstək verilməli, həm də maarifləndirmə işləri aparılmalıdır: 

“Yəni toxum təminatı, maddi yardımla yanaşı, fermerlər maarifləndirilməlidir. Çünki Azərbaycan kənd təsərrüfatı potensialı olan ölkədir, elə etməliyik ki, məhsul ixrac edərkən qarşımıza bu cür maneələr çıxmasın. İndidən başlamaq lazımdır. Nə qədər tez başlasaq, o qədər yaxşıdır. Hələlik bu istiqamətdə heç bir iş görmürük”.

Xatirə Nəsirova


Tarix: 24-07-2019, 14:59
Xəbəri paylaş





Xəbər lenti