Dollara qarşı “qızıl müharibə”


Dollara qarşı “qızıl müharibə”: QAZANDIRI

Əlvan metallar bazarlarında qızılın bir unsiyası 1422 dollaradır.

Analitiklər qiymətin 1415 dollar üzərində möhkəmlənəcəyi təqdirdə qızılın 1430 dollara kimi bahalaşmasını proqnozlaşdırır. ABŞ-ın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs”a görə, şok riskindən qaçmaq istəyən investorlar yapon yenini qızıldan daha ucuz bir seçim kimi qəbul edə bilərlər. "Goldman" analitiklərinin həftənin əvvəlində yaydığı hesabatda qızılın qiymətinin artım tempinin yüksəldiyi, bunun isə ənənəvi olaraq etibarlı aktivlərə əsaslanan maliyyə alətləri ilə yapon yenində edilən müdaxilələrə görə daha bahalı olduğu vurğulanıb.

Qızılın qiymətindəki volatilliyə və satınalma maliyyə alətlərinin hazırda daha baha olduğuna diqqət çəkilən hesabatda yeni bir maliyyə aləti daha cəlbedici görünür. 

Qızıl dəstəkli birja ticarət fondlarında (ETF) qızılın miqdarı qlobal böyümə və  geosiyasi narahatlıqlar, həmçinin mərkəzi bankların pul təşviqini yenidən bərpa etmək planlarının təsiri ilə 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Bu il bazarlarda satılan qızıl 11 faiz, yapon yeni isə dollar qarşısında 1.6 faiz dəyər qazanıb. “Goldman” analitikləri ABŞ-ın dolları zəiflətmək üçün müdaxiləsindən həm yenin, həm də qızılın faydalana biləcəyini söyləyirlər. 

Ümumiyyətlə, hazırda ABŞ dollarının qlobal valyuta ehtiyatlarında payı azalıb. Dünyanın mərkəzi banklarının balanslarında Amerika dövlət istiqrazlarının sayı da ən aşağı göstəriciyə düşüb. Dollardan imtina etməklə yanaşı, dövlətlər 2019-cu ildən qızıl ehtiyatlarını artırırlar. Belə ki, ABŞ dövlət borcunun ən böyük xarici sahibi olan (1,1 trilyon dollar) Çin bu göstəriciyə görə, liderdir. Ticarət müharibəsi səbəbindən Pekin bu il ərzində 60 milyard dollar dəyərində xəzinə istiqrazlarından imtina edib. Apreldə isə Çin əlavə olaraq 20 milyard dollar dəyərində  ABŞ istiqrazlarını sataraq bu ehtiyatları son iki ildə ən aşağı həddə endirib.


Avropa Mərkəzi Bankının hesabatına əsasən, Rusiyanın valyuta ehtiyatlarında avronun payı artaraq 39 faiz olub. ABŞ dollarının payı isə 27 faizə düşüb. Yuanın payı isə 17 faizə qalxıb. Bir çox ölkələrin məqsədi ABŞ-ın sanksiya təhdidlərinə cavab olaraq dollardan asılılığı azaltmaqdır.

İqtisadçı-ekspert Natiq Cəfərli  “Cümhuriyət” qəzetinə bildirib ki, dünyada iqtisadi, siyasi, hərbi gərginlik artdıqca bir çox investorlar üçün qızıl hələ də cəlbedici yatırım mənbəyi olaraq qalır: “XVII-XVIII əsrlərdə dünya ticarəti qloballaşmağa başlayandan və XIX əsrin sonu XIX əsrlərdə birjalar yaranandan qızıl həmişə etibarlı mənbə olub. Qızıl bir çox investorlar üçün Amerika dollarına qarşı alternativ yatırım mənbəyi sayılır. Bu gün dünya “qan çanağı”na bənzəyir. Həm ticarət, həm valyuta müharibələri gedir. Yapon yeni ilə bağlı baş verənlər də valyuta müharibələrinin tərkib hissəsidir. Bundan əlavə, İran ətrafında artan geosiyasi gərginlik müharibə təhlükəsini daha da reallaşdırır. Bütün bu geosiyasi və iqtisadi gərginliklərin artması investorlar, eləcə də banklar üçün qızılı cəlbedici investisiya alətinə çevirib. Ənənəvi olaraq belə təlatümlü dövrlərdə qızıl “güvənli liman” rolunu oynamağa başlayır. Ona görə də qiymətlərdə son 2 ildə tendensiya həmişə yüksəlməyə doğru olub və qızılın bir unsiyası 1200 dollardan 1400 dollara qədər bahalaşıb”. 

Analitik hesab edir ki, qızılın qiymətindəki artım trendi dolların əleyhinə aparılan proses deyil:“Əslində, qızılın qiyməti dollar müqabilində müəyyənləşir. Yəni dünya bazarında qızılın bir unsiyasının qiyməti dollarla müəyyənləşir və bütün füçers müqavilələri dollarla bağlanır. Qənaətimcə, bu, gərginliyin artması ilə bağlıdır. Nə vaxt dünyada siyasi, iqtisadi, hərbi gərginliklər azalsa, uzlaşma dili bərqərar olmağa başlasa, qızılın qiymətində yenidən ucuzlaşma müşahidə edə bilərik”.
Yeganə Oqtayqızı


Tarix: 25-07-2019, 08:49
Xəbəri paylaş





Xəbər lenti