İşıq limitinin ləğvi məsələsi gündəmdən çıxdı?


İqtisadçı: “Qaz və işığa limitin tam aradan götürülməsi üçün bütün imkanlar var və buna getmək lazımdır”

Azərbaycanda qaz limitinin artırılmasından sonra elektrik enerjisinə tətbiq olunan limitin də artırılacağı və ya aradan qaldırılması məsələsi gündəmə gətirildi. Məsələ Milli Məclisdə də müzakirə edildi. Deputatlar işıq limitinin ləğvi ilə bağlı ziddiyyətli fikirlər bildirsələr də, ictimaiyyətdə bu limitin ləğvi ilə bağlı fikirlər dəstəkləndi. İqtisadçılar da bildirdilər ki, ölkənin hazırkı iqtisadi vəziyyəti işıq limitinin ləğvinə imkan verir. Lakin hələ ki bu xüsusda heç bir addım atılmayıb.

Ekspertlər bildirirlər ki, yay aylarında insanların elektrik enerjisinə olan tələbatı daha da artır. Ona görə də hazırkı zamanda bu limitin aradan qaldırılması hər kəs üçün faydalı olardı. Deputat Fazil Mustafa da Milli Məclisdə ictimaiyyətdə müzakirə edilən bu məsələni qabardaraq, aşağıdakıları söyləmişdi: “Biz Milli Məclisdə qazın limitinin aradan qaldırılması ilə bağlı məsələ qaldırmışdıq. Prezidentin tapşırığından sonra limit müəyyən qədər artırıldı. Bu, müsbət addımdır. Hesab edirəm ki, elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır”, - deyə o qeyd etmişdi.

O əlavə etmişdi ki, elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti yaxşı deyil: “Yay mövsümü kondisionerin, qış mövsümündə isə soyuq hava elektrik enerjisindən daha çox istifadə etməyi qaçılmaz edir. Hesab edirəm ki, elektrik enerjisi ilə bağlı limit aradan qaldırılmalıdır”.

FikrÉt Yusifov ile ilgili görsel sonucu

Məsələ barədə danışan iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, hazırda elektrik enerjisinin qiymətlərinin qaldırılmasından söhbət gedə bilməz. İqtisadçının sözlərinə görə, tətbiq edilən limitin ləğvi üçün lazımi şərait mövcuddur: “İşıq və qaza tətbiq edilən limitin tamamilə aradan qaldırılması lazımdır. Bunun üçün bizim hər bir formada kifayət qədər imkanlarımız var. İşıq və qaz xidmətini təqdim edən monopolistlərin özlərinin çox böyük rezervləri mövcuddur. Əgər bu ehtiyatlardan düzgün istifadə edilərsə, tətbiq olunan limitlərə də heç bir ehtiyac qalmaz. Sadə vətəndaşlar və iş adamları limitdən artıq istifadə etdikləri qaza, işığa görə əlavə ödənişlər edirlərsə, deməli, bu əlavə ödənişlər nəticə etibarilə onların istehsal etdikləri, gördükləri işin maya dəyərini şişirdir. Maya dəyəri də şişirsə, avtomatik olaraq qiymətlər artır. Məhsulun, xidmətin qiyməti artan zaman isə bunu yenə də əhali ödəyir. Bu, bir tərəfdən əhalinin gəlirlərinin, vəsaitlərinin itkisinə səbəb olur. Digər yandan isə vətəndaş özü də qazı, işığı istifadə edir və bu zaman da limiti keçirsə, əlavə vəsait ödəmiş olur. Məlumdur ki, qazın limiti bir qədər artırıldı. Lakin düşünürəm ki, bu da kifayət etmir. Əgər istinad olunsa da ki, qaz və işığın istehsalında xərclər çox olduğu üçün limit tətbiq edilir, o zaman bunu sübut etmək lazımdır. Mən təkrar edirəm ki, o müəssisələrdə ehtiyatlar mövcuddur. Sadəcə olaraq, biz həmin xidmət və məhsulların maya dəyərini əsalı şəkildə təftiş edərsək, oradan kifayət qədər rezerv çıxarmaq mümkün olar. Bu da bizə imkan verər ki, həm işığı, həm də qazı əhaliyə əvvəlki qiyməti ilə sataq. Hətta bir qədər də qiymətləri aşağı salmaq olar. Bunu mən bir iqtisadçı alim kimi deyirəm və incəlikləri də kifayət qədər bilirəm”.

Ekspertə görə, hazırda işıq və ya qazın qiymətlərinin qaldırılmasından söhbət gedə bilməz: “Kifayət qədər ehtiyat var. Qiymətləri qaldırmaq üçün hər hansı əsas yoxdur. Əgər buna baxmayaraq, qiymətlərdə artım olarsa, bu, sosial gərginliyin də artmasına səbəb olar. O baxımdan da düşünürəm ki, qiymətləri qaldırmaqdan söhbət də gedə bilməz. Əksinə, limitin tamamilə aradan götürülməsi baş verməlidir. Bunun üçün bütün imkanlar var və buna da getmək lazımdır. Əgər belə edərlərsə, həm insanların güzəranına, həm də şirkət və müəssisələrin işinə müsbət təsir olar”.//“Yeni Müsavat”//


Tarix: 27-07-2019, 10:27
Xəbəri paylaş





Xəbər lenti