Dollar yox, neft bazarı hədəfdə


Dollar yox, neft bazarı hədəfdə

Qlobal bazarlar hələ xeyli müddət əvvəldən ABŞ Mərkəzi Bankının (FED) Açıq Bazar Komitəsinin bu gün axşam saatlarında baş tutacaq iclasına fokuslanıb. 

Ekspertlər faizin 2,50%-dən 2,25%-ə endiriləcəyinin gözlənildiyini təxmin edirdi. 

Bəzi müşahidəçilər faizin 50 bənd azaldılacağı proqnozunu versələr də, əksər gözləntilər FED-in böyük bir həmlədən çəkinərək faizi 25 bənd azaldacağı istiqamətində idi. Həmçinin FED-in tarixin ən yüksək səviyyələrindəki iqtisadi artımı və yenidən canlanan inflyasiyanı davam etdirmək üçün gələcək həmlələr üçün də açıq qapı qoyacağı ehtimalı vardı.

ABŞ prezidenti Donald Tramp FED-dən daha böyük nisbətdə faiz endirimi gözlədiyini hər zaman söyləyib. O, dəfələrlə faiz artırmaqla FED-in səhv etdiyini və tezliklə faizi aşağı salmağa çağırıb.

ABŞ Mərkəzi Bankı sonuncu dəfə faizi ötən ilin dekabr ayında artırdıqdan sonra, ilin birinci yarısında gözləmə mövqeyi tutmuşdu. FED rəsmiləri faizi daha da artırmağı nəzərdə tuturdular. Lakin səngiyən qlobal iqtisadi artım, aşağı inflyasiya FED-i yenidən faiz endirməyə məcbur edir. Qeyd edək ki, FED iyun ayı iclasında siyasət nisbətini 2.25-2.50 faiz səviyyəsində dəyişməz saxlamışdı.

Maraqlıdır, FED faiz dərəcəsini artırsa və ya dəyişməz saxlasa, valyutaların məzənnəsinə necə təsir göstərəcək?

İqtisadçı-ekspert Elman Sadıqov Cebhe.info-ya bildirib ki, FED faiz dərəcələrini 0.25 faiz aşağı salmaqla növbəti mərhələdə əlində müəyyən təsir vasitələrini saxlamaq istəyir: 

“Ümumiyyətlə, hədəf 2 faiz ətrafındadır. Qənaətimcə, FED növbəti toplantılarında daha 0.25 bənd aşağı salacaq. Hazırda maliyyə bazarları 0.25 faiz bəndi aşağı salınmasını nəzərə alıb. Həm səhm, həm də valyuta bazarında artıq bu amil nəzərə alınıb.

Əgər faizlər aşağı salınmasa, maliyyə bazarlarında ciddi bir ajiotaj yarana bilər. Son 2 ildə istiqraz bazarlarında apardığım müşahidələrə əsasən deyə bilərəm ki, hazırda bazarlarda formalaşmaqda olan risklilik, illik gəlirliliyin ciddi şəkildə aşağı düşməsi və bu sahədə formalaşan gərginlik FED-dən faiz dərəcəsinin aşağı salmasını tələb edir. Məlumdur ki, dünyanın ən güclü iqtisadiyyatı ABŞ iqtisadiyyatıdır. Lakin ABŞ Federal Ehtiyatlar Bankı, Yaponiya, Avropa və.s digər dövlətlərin mərkəzi banklarının illik faiz dərəcələri arasında ciddi fərq var. Sinxronlaşmanın pozulması bazarlara ciddi təsir göstərməkdədir və dolayı yolla Amerika ya da mənfi təsir edir. Bu səbəbdən də bazar reallıqları faiz dərəcəsinin aşağı salınmasını şərtləndirir. Həm sinxronlaşmanın pozulması, həm istiqraz bazarındakı mövcud vəziyyət, həm də Tramp Administrasiyasının tələbi bir çox real iqtisadi faktorlara əsaslanan məsələdir. Hesab edirəm ki, Açıq Bazar Komitəsinin (FOMC) qərarından sonra FED sədri Cerom Pauell açıqlamasında hazırda dünyada formalaşmaqda olan qeyri-müəyyənliyə diqqət çəkəcək. Bundan əlavə, FED sədri ABŞ-Çin arasında ticarət müharibəsi ilə bağlı narahatçılığını da dilə gətirəcək. Bütün bunlar dolların faiz dərəcəsinin aşağı düşməsini şərtləndirən əsas amillərdəndir”.

Analitik onu da qeyd edib ki, hazırda bazarlar faiz dərəcələrinin 0.25 faiz punkta edirilməsi amilini nəzərə alıb:

“Digər tərəfdən, "Brexit” məsələsi funt sterlinqin kursuna ciddi bir şəkildə təsir edib. Əgər faiz dərəcələri aşağı düşərsə, funt və avronun məzənnəsində nisbətən bahalaşmanın şahidi olacağıq. Nəzəri cəhətdən bir az volatilliyin olacağı ehtimalı var, nisbətən qeydə alınan bahalaşma çox cüzi olacaq. Çünki hazırda Avropa Mərkəz Bankının faiz dərəcələri sıfır ətrafındadır. Həmçinin Britaniya iqtisadiyyatının göstəriciləri heç də ürəkaçan deyil. Məhz bu səbəbdən faiz dərəcələri aşağı düşsə, digər valyutaların məzənnəsinin ciddi şəkildə bahalaşmasına səbəb olmayacaq. Çünki avro, yapon yeni, funt sterlinqin məxsus olduğu ölkələrin iqtisadiyyatında problemlər mövcuddur ki, bu da həmin dönərli valyutaların bahalşmasına imkan verməyəcək”.

“Faiz dərəcələrinin azaldılması neftin kəskin ucuzlaşması ehtimalını azaldır”

Elman Sadıqov ABŞ-ın ucuz dollar tərəfdarı olduğuna diqqət çəkib: 

“Faiz dərəcələri nə qədər aşağı düşərsə, bu, dolların o qədər güclənməyəcəyi deməkdir. Bu zaman neftin qiymətinin kəskin şəkildə aşağı düşmə ehtimalı da azalmış olur. Faiz dərəcəsinin aşağı düşməsi o qədər də müsbət təsir etməsə belə, neftin qiymətində cüzi artım müşahidə edə bilərik. Çünki neft bazarı tamamilə fərqli faktorlar əsasında idarə olunur. Burada faiz dərəcəsi o qədər də önəmli rol oynamır. Faiz dərəcələrinin aşağı düşməsi neft bazarına güclü təsir etməyəcək, amma neftin kəskin şəkildə ucuzlaşması ehtimalını azaltmış olur”.

Yeganə Oqtayqızı

Tarix: 1-08-2019, 07:48
Xəbəri paylaş





Xəbər lenti