Bakıda nəqliyyatın sahibsiz qalmış monitorları: Milyonlar “buxarlandı”


Bakıda nəqliyyatın sahibsiz qalmış monitorları: Milyonlar “buxarlandı”

Bu gün avtobus dayanacaqlarında quraşdırılan monitorlar işləmir. 

Bir müddət əvvəl dayanacaqlarda avtobusların gəlmə intervalını göstərən monitorlar quraşdırılsa da, nədənsə onlardan heç bir məlumat almaq mümkün deyil.

Sərnişinlərin işini asanlaşdırmaq üçün, yəni avtobusların neçə dəqiqədən bir dayanacağa gələcəyini öyrənmək üçün quraşdırılan bu monitorların işləməsi, təəssüflər olsun ki, qısa müddətli oldu. Avtobuslarda gediş haqqı qaldırılsa da, texniki problemlər həll edilmir.

Bəs sərnişinlər necə məlumatlanmalıdır?

Cebhe.info-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bu problemin yaxın zamanda aradan qaldırılacağını deyib:

“Avtobusların gəlmə intervalını göstərən monitorların işləməməsinin bir neçə səbəbi var. Belə ki, monitorlar bizdən öncə quraşdırılıb və quraşdırılan zaman da yaradılan sistemdə müəyyən çatışmazlıqlar olub. Digər bir yandan bu monitorların işləməməsi müxtəlif vaxtlarda yollarda koordinasiyasız işlərin aparılması olub.

Müxtəlif təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən qazıntı işləri zamanı monitorları qidalandıran xətlər optik naqillər yararsız hala salınıb. Ona görə də monitorlar bu gün işləmir. Bakı Nəqliyyat Agentliyi ötən dövr ərzində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) fəaliyyətinin təkmilləşdirilməsi dayanıqlı sistem əsasında fəaliyyət göstərməsi istiqamətində mühüm işlər görüb.

Bununla bağlı müxtəlif xarici ölkə şəhərlərinin aidiyyəti qurumları ilə də sıx əməkdaşlıq edilir. Bunlar hamısı zaman alan məsələlərdir. Lakin bildirmək istərdim ki, işlərin böyük bir qismi artıq yekunlaşıb və yaxın vaxtlarda dayanacaqlarda sərnişinlərimizin məlumatlandırılması ən müasir İKT imkanlarından istifadə edilməklə təmin ediləcək. Çətin proses olsa da, agentlik tərəfindən bu istiqamətdə iş aparılır ki, dövlətin çəkdiyi xərclər nəticəsiz qalmasın və camaatımız rahat şəkildə bu sistemdən istifadə edə bilsinlər".

Xatırladaq ki, Bakıda avtobusların gəlmə intervalını göstərən monitorların quraşdırılması üçün Cənubi Koreyanın “SK C&C” şirkəti ilə razılıq 2008-ci ildə əldə olunub. Amma onun gətirilməsi və quraşdırılması 2012-ci ilə təsadüf edib.

Paytaxtımızda bu sistemin işləməsi üçün təkcə dayanacaqlara 611-dən çox avadanlıq quraşdırılıb. Dayanacaqlarda qurulmuş monitorlar külli miqdarda vəsait hesabına başa gəlsə də, hazırda həmin cihazlar işlək vəziyyətdə deyil.


Tarix: 21-08-2019, 16:20
Xəbəri paylaş





Xəbər lenti