7 manat vergi ödəyən ticarət obyekti: Gizli iqtisadiyyatı “çiçəkləndirən əl”lər


7 manat vergi ödəyən ticarət obyekti: Gizli iqtisadiyyatı “çiçəkləndirən əl”lər

Nazim Bəydəmirli: “Azərbaycanda ÜDM-in 80 faizinə bərabər kölgə iqtisadiyyatı var”

Azərbaycanın ən böyük problemlərindən biri də gizli  iqtisadiyyatdır. Kölgə iqtisadiyatı ilə bağlı, hətta dövlət məmurları, deputatlar da həyəcan təbili çalırlar. Vergidən yayınmaların, ikili müsahibatlığın qarşısının alınması istiqamətində görülən işlər isə hələ ki, effekt vermir. Lerikdə yerləşən "Relax” istirahət mərkəzində aparılan yoxlamalar və bu yoxlamaların nəticələrinin cəmiyyətə açıqlanması ölkəmizdə kölgə iqtisadiyyatının hansı şəkildə inkişaf etdiyini bir daha üzə çıxardı. 

Xatırladaq ki, yoxlamaların nəticəsində bəlli olub ki, 14 hektardan çox sahəsi olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, ötən il cəmi 10 726 manat vergi ödənilib. Bu ilin ötən dövrü ərzində ödənilən verginin məbləği isə xüsusilə ”gülünc” olub. Bu il mərkəzin rəhbərliyinin dövlət büdcəsinə yalnız 972 manat məbləğində vergi ödəməyə “əli gəlib”. 

Qeyd edək ki, iqtisadçıların hesablamalarına görə, bu,  hər bir obyektin 7 ay ərzində orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirməsi deməkdir. Hər bir obyektin aylıq vergi ödənişi isə orta hesabla 7 manatdan az olub. Sahə hesabı ilə isə hər sotdandan istifadəyə görə ödənilən verginin məbləği 70 qəpik edib.

Bu faktın üzə çıxması ölkəmizdə gizli iqtisadiyyatın miqyasını göstərməklə yanaşı, həm də o cəhətdən təəssüf doğurur ki, yüksək səviyyəli vergidən yayınmanın baş verdiyi bu fakt baş vermiş cinayət hadisəsindən sonra cəmiyyətə açıqlanıb. 

Qeyd edək ki, rəsmi məlumata görə, təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onların əraziyə daxil olmasına imkan verilməyib. Hətta Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, Vergilər Nazirliyinin və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomobillərə daş parçaları ilə zədələr yetiriblər. Faktla bağlı cinayət işi başlanıb.

Onu da qeyd edək ki, ”Relax”-la bağlı fakt digər iri sahibkarlıq subyektlərinin də kölgə iqtisadiyyatına xidmət etməsi məsələsini gündəmə gətirir. Çünki rəsmi etiraf olunmasa da, arxasında vəzifəli məmurların dayandığı bir çox iri sahibkarlıq subyektlərinin, o cümlədən də ticarət obyektlərinin vergidən yayınması ilə bağlı məlumatlar yayılmaqdadır. 

Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bütün vergi ödəyiciləri qanun qarşısında eyni hüquq və vəzifələri daşımalıdırlar:

“Çox təəssüf edirəm ki, hər qalmaqallı hadisədən və ya hansısa iri ranqlı məmur işdən çıxarıldıqdan və ya gözdən düşdükdən sonra onun haqqında müxtəlif yazılar dərc olunur və çoxsaylı gizli biznes obyektləri üzə çıxır. Baxmayaraq ki, qanunvericiliklə birbaşa qadağan olunur ki, dövlət vəzifəsində çalışanlar, həm də deputatlar birbaşa bizneslə məşğul ola bilməzlər. Son hadisə birbaşa kölgə iqtisadiyyatının durumunu göstərir. Doğrudur, hökumət rəsmiləri, təqribən, 8-10, bəzən 18, beynəlxalq təşkilatlar isə, təqribən, 40 faiz kölgə iqtisadiyyatının olduğunu bildirirlər, amma mən hesab edirəm ki, Azərbaycanda ÜDM-in 80 faizinə bərabər kölgə iqtisadiyyatı var. Gürcüstanda ciddi islahatlar başlanana qədər, gizli iqtisadiyyatın səviyyəsinə görə, bu ölkə dünyada üçüncü yerdə idi. Qonşu ölkədə kölgə iqtisadiyyatının həcmi 68 faiz civarında idi. İslahatlardan sonra Gürcüstan bu göstəricinin ən az olduğu ölkələr arasında birinci onluğa daxil oldu və hətta bu məsələdə İsveçrə kimi şəffaflığın təmin olunduğu ölkəni üstələdi”.

Nazim Bəydəmirli deyir ki, Azərbaycanda kölgə iqtisadiyyatını yaradan heç də kiçik və orta sahibkarlıq yox, məmur sahibliyi, iri holdinqlər, müxtəlif maliyyə mexanizmlərindən istifadə edərək, dövlət satınalmalarında qeyri-şəffaf şəkildə yüksək məbləğli vəsaitləri mənimsəyən şirkətlərdir: 

“Onlar öz resurslarından istifadə edərək, həm də vergidən yayınmaqla bu vəsaitləri qazanırlar. Təəssüf edirəm ki, arxasında məmur, deputat və ya digər şəxslər olan şirkətlər haqqında cəmiyyətdə müsbət fikirlər yoxdur. Bu da dövlət büdcəsinə inam və etibarı azaldır. Büdcə xərclərinin şəffaf olmaması, həm də vergi ödəyicilərinin bilərəkdən maliyyə maxinasiyalarına getmələrinə şərait yaradır. Yəni vergi ödəyicisi düşünür ki, onsuz da onun verdiyi vəsait mənimsənilir, ona görə də vergidən yayınır. Amma Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra həm maarifləndirmə, həm də inzibatçılıqla bağlı vergi ödəyiciləri ilə ciddi işlər aparılır. Fazil Məmmədov nazir olan zaman audit yoxlaması adı ilə müxtəlif şirkətlərə illik tələb qoyulurdu, şirkətlərin fəaliyyətinin davamlı olub-olmamasından asılı olmayaraq, onları qeyri-qanuni ödənişlər etməyə məcbur edirdilər. Müsbət haldır ki, nazir dəyişildikdən sonra audit yoxlamaları ləğv olunub və vergi ödəyicilərindən tələb olunur ki, fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirin bir hissəsini dövlətə ödəsinlər. Bu qanuni tələbdir və buna hamı riayət etməlidir. Bu baxımdan, düşünürəm ki, biz cəmiyyət olaraq həm də Mikayıl Cabbarova kömək etməli, onun apardığı işlərə dəstək göstərməliyik. Verginin ödənilməsi vacibdir, amma bu hamıya şamil olunmalıdır. Bir nəfərin üstünə gedib, başqalarına göz yummaq olmaz”. 

Xatirə Nəsirova


Tarix: 22-08-2019, 14:48
Xəbəri paylaş





Xəbər lenti