Dünya üçün “QIZIL TƏLƏ"


Dünya üçün “QIZIL TƏLƏ"

“Qızılla hər hansı bir ölkəni  çökdürmk mümkündür”. 

Bu sözləri bir zamanlar amerikalı milyarder Corc Soros deyib. Hələ 2016-ci ildə C.Sorosa məxsus "Soros Fund Management" (fondun sərəncamında Soros ailəsinə məxsus 30 mlrd. dollar var) səhmlərinin bir hissəsini sataraq, əldə olunan vəsaitə qızıl və qızıl hasilatı ilə məşğul olan şirkətlərin səhmlərini alıb. Analitiklər o zaman hesab edirdilər ki, C. Sorosun bu addımı olduqca təhlükəlidir. Xatırladaq ki, C. Soros İngiltərə Mərkəzi Bankının "qatili" kimi tarixə düşüb. Soros bu “marağını” bir neşə il sonra qızılın bahalaşacağı ilə izah edib. Artıq deyəsən, Sorosun dediyi o dövr gəlib, qızıl bahalaşır və daha da bahalaşacağı proqnozları var. 

Bəzi tədqiqatçılar ehtimal edir ki, hətta II Dünya Müharibəsinin başlanmasına da dolayısı ilə qızıl səbəbkar olub. Belə ki, iddialara görə, I Dünya Müharibəsindən sonra qızılın dəyərinin qəsdən dəyişdirilməsi Almaniyanı müflis və borclu vəziyyətə saldı ki, bu da Hitleri yeni cahan savaşı başlamağa vadar etdi. Hazırda da dünyanın gərginləşən iqtisadi mənzərəsində qızılın qiyməti bahalaşmaqda davam edir. 

Hazırda 1.8 faiz yüksələn qızılın unsiyası 1565 dollar civarındadır.  Bu, isə 2013-cü ildən bu yana ən yüksək səviyyədir.

Qızılın bahalaşması beynəlxalq iqtisadiyyatda baş verən bir sıra proseslərlə əlaqələndirilir. Qlobal investisiya bankı UBS AG, qlobal iqtisadiyyatdakı yavaşlama və mərkəzi banklarının faizləri aşağı salmaları ilə əlaqədar olaraq qızılın unsiyasının qiymətinin daha da yüksələcəyini və 1600 dolları  görəcəyi proqnozunu verib. "Marja" xəbər verir ki, iqtisadi səngimənin daha da dərinləşməsi riski var və buna bağlı olaraq mərkəzi bankların pul siyasətlərini daha da yumşaldacaqları və faizləri aşağı salacağı gözlənilir. Bankın hesabatında da bildirilir ki,  qızılın unsiyasının qiyməti qarşıdakı üç aylıq dövrdə 1600 dollar səviyyəsini görə bilər. UBS-in analitikləri hazırladıqları hesabatda qeyd olunub: "ABŞ ilə Çin arasında ticarət müharibəsi yeni bir səviyyəyə çatıb. Qızıl "etibarlı liman" keyfiyyətini göstərdi və qızılda, mayın ortasında girdiyimiz mövqeyimizə davam edirik".

UBS üç aylıq əməliyyat lenti proqnozunu 1450 dollar ilə 1600 dollar olaraq açıqlayıb. Əlavə olaraq altı aylıq proqnozunu 1600 dollara və 12 aylıq proqnozunu isə 1650 dollara qaldırıb. Daha əvvəlki proqnozlarında isə bank altı ay və 12 aylıq proqnozun hər ikisini də 1500 dollar olaraq təyin etmişdi. UBS-in analitikləri, eyni zamanda, vəziyyətin dəyişəcəyi halda proqnozların doğrulmayacağı ehtimalını istisna etmir: “Proqnozumuza qarşı əsas risklər, Trampın geri addım atması və ya Çinin güzəştə gedərək təzyiqi azaltması, 2020-dəki ABŞ Prezident seçkiləri öncəsi bir ticarət müqaviləsi bağlanması olar". Qeyd edək ki, qızılın unsiyasının qiyməti 1565 dolları görməsindən sonra  ABŞ Prezidenti Donald Trampın Çinin danışıqlara yenidən başlamaq istədiyinə dair açıqlamasına görə bir qədər geriləyib. 

İqtisadçı Pərviz Heydərov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qızılın dünya iqtisadiyyatında əhəmiyyətli rolu ilk növbədə onun yatırım vasitəsi olmasındadır:

“Məlum olduğu kimi, hər bir ölkənin öz milli valyutası var. Həmin valyutanın dəyərini ölkənin iqtisadi gücü müəyyən edir. Uzun müddətdir ki, dünya valyutası rolunda ABŞ dolları çıxış edir. Çünki ABŞ dolları yeganə valyutadır ki, onun arxasında dünya iqtisadiyyatının dörddə bir hissəsi qədər gücü olan ABŞ dayanır. Qızıl isə bütün milli valyutaların münasibətlərində ölçü vahidi rolunda çıxış edən qiymətli metaldır. Qızıl ona görə yatırım vaistəsidir ki, bu və ya digər ölkələrin iqtisadiyyatı, milli valyutası müəyyən “şok”-lar yaşadıqda investorlar öz ehtiyatlarını məhz bu qiymətli metal formasında həyata keçirirlər”. 

İqtisadçı qızılın bahalaşacağı ilə bağlı proqnozları real hesab edir: 

“İstər indiki dövrə qədər olan, istər hazırkı prosesləri analiz etsək, görərik ki, qızılın həmişə o zaman qiyməti qalxır ki, dünyanın aparıcı ölkələrinin iqtisadiyyatı ciddi böhranla üzləşir, dünya üçün ciddi və irimiqyaslı müharibə üzə çıxır və s. Real vəziyyətdə də qızılın dəyərə minmək ehtimalı böyükdür. Məlum olduğu kimi, dünya iqtisadiyyatının aparıcı ölkələrinin arasında ciddi ticarət anlaşılmazlığı mövcuddur ki, buna “ticarət müharibəsi” də deyirlər. ABŞ-la Çin, o cümlədən ABŞ-la Avropa Birliyi ölkələri arasında güclü iqtisadi rəqabət mövcuddur, idxal və ixrac əməliyyatlarında ciddi təhdid xarakterli addımlar həyata keçirilməkdədir. Bu da iqtisadi fəaliyyətlə məşğul olan investorları öz risklərini sığortalamaq məcburiyyətində qoyur. Hazırda ehtiyatlarını ABŞ dollarında saxlayan hər bir dünya miqyaslı investor real vəziyyətdən ehtiyatlanaraq, öz vəsaitlərini qızıla yatırırlar. Belə bir informasiyalar qeydə alınmaqdadır. Bu da proqnoz verməyə əsas verir ki, əgər idxal-ixrac əməliyyatlarında münasibətlər gərginləşməkdə davam edərsə, bu qızılın bahalaşmasına və yatırım vasitəsi kimi rolunun artmasına gətirib çıxaracaq”.

Bəs, indiki məqamda qızılla hər hansı bir ölkənin məqsədli şəkildə müflis edilməsi mümkündürmü?

Pərviz Heydərov deyir ki, hazırkı durum milli valyutaların dəyərinin aşağı salınması ilə əlaqədar olaraq dövlətlər öz qızıl ehtiyatlarını artırmağa çalışır: 

“Digər proseslər onların hər birinin qızıl ehtiyatlarını artırması ilə paralel baş verir. Bu mənada iri  dövlətlər arasında qızılla bağlı böyük münaqişənin yaranmasına səbəb ola bilməz. ABŞ-ın da, Çinin də, digər ölkələrin də ehtiyatlarının bir qismi qızılda yatırılıb. Hər hansı ölkə görsə ki, iqtisadi artımı təmin etmək üçün milli valyutanın dəyərinin aşağı salınması effekt vermir, o zaman qızıl ehtiyatlarını artırmağa çalışacaqlar. Bu da qızılın qiymətinin qalxmasına zəmin yaradacaq. Amma qeyd edim ki, bu da mütləq proqnoz deyir, bu dünya iqtisadiyyatında gedən kəskin rəqabətin nə ilə nəticələnəcəyinə və nə vaxtadək gedəcəyindən asılıdır”. 

Xatirə Nəsirova


Tarix: 27-08-2019, 22:44
Xəbəri paylaş





Xəbər lenti