İqtisadçı Natiq Cəfərli: İndiki halda benzinin ucuzlaşması mümkünsüzdür


Hökumət benzinin qiymətinin qalxmaması üçün qərar verdi - AZƏRBAYCANDA

Avtomobil benzinləri gömrük rüsumundan azad edilib. 

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq. 

Maraqlıdır, benzin gömrük rüsumundan azad ediləcəksə, qiymətlərdə ucuzlaşma olacaqmı? 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında indiki halda benzinin ucuzlaşmasının mümkünsüzlüyünü deyib:

“Gömrük rüsumunun götürülməsi tələbi odur ki, benzinin qiyməti bahalaşmasın. Çünki 92 markalı benzinlə bağlı Azərbaycanda artıq problem var. Yerli istehsal tamamilə yerli tələbatı ödəyə bilmir. Əsasən də Azərbaycan hökuməti Rusiyadan benzin almağa məcbur qalıb. Neft ölkəsi olmasına baxmayaraq, neftayırma zavodlarının köhnə olması, bu illər ərzində normal, keyfiyyətli benzin istehsal edə bilən zavodların qurulmaması bu vəziyyətin yaranmasına səbəb olub. 92 markalı benzin çatışmır və bu çatışmazlığa görə də xaricdən idxal olunur. Bu idxalın rüsumunun götürülməsi qiymətin artmamasına görədir. Addım buna hesablanıb. Yəni Azərbaycan neft ölkəsi olmasına baxmayaraq xaricdən alınan benzinə möhtac qalıb. Gömrük rüsumlarının ləğv olunması birbaşa 92 markalı benzinin qiymətinin qalxmamasına hesablanmış addımdır”. 

Ekspertin fikrincə, benzin faktiki qiymətindən aşağı düşməyəcək: 

“Düşünmürəm ki, benzinin ucuzlaşması ilə bağlı hər hansı bir addım atılsın. Bu, indiki halda  mümkün görünmür. Əksinə benzinin bahalaşmamasının özü artıq insanların xeyrinə olan məsələdir. Yəni gömrük rüsumu yerində qalsaydı, benzinin qiymətlərini qaldırmaq məcburiyyətində qalardılar”. 

Tarix: 28-08-2019, 14:45
Xəbəri paylaş





Xəbər lenti