Bakıda kazinoların açılması müzakirələri


Prezident Zelenski Ukraynada kazinoları açır: bəs Azərbaycanda?

Prezident Vladimir Zelenski 2019-cu ilin dekabrına qədər kazinoların açılması üçün hüquqi bazanın yaradılmasına göstəriş verib. Ukrayna prezidenti məsələ ilə bağlı Nazirlər Kabineti və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüş də keçirib. Ukrayna mətbuatı xəbər yayıb ki, qumar oyunlarının qanuni əsaslarla fəaliyyət göstərməsi üçün qanun layihəsinin hazırlanması nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, qonşu Gürcüstanda da kazinoların fəaliyyəti leqaldır. Varlı turistlər Gürcüstana axın edirlər və ölkə iqtisadiyyatı kazinolardan kifayət qədər böyük vəsait qazanır.

 “Forbes” jurnalının hesablamalarına görə, 2015-ci ildə dünyada bu kimi oyunlardan əldə olunan gəlirin məbləği 423 milyard dollar təşkil edib. Buraya  121 milyard dollar gəlirlə lotereya, 118 milyard dollarla idman mərc oyunları və yarış totalizatorları, 37 milyard dollarlıq gəlirlə onlayn kazino-oyunlar, 67 milyard dollarla ABŞ-ın offlayn kazinoları, 61 milyard dollarla Asiya və Avstraliyanın kazinoları, 12 milyard dollarlıq gəlirlə dünyadakı digər kazinolar aiddir.

Hazırda qumar biznesinin genişliyinə görə dünyada birinci yeri ABŞ tutur. Bu biznesin ilk qanuniləşdiyi ölkələrdən biri də məhz ABŞ-dır. Ondan sonrakı sıralamada Avropanın cırtdan ölkəsi olan Monako, Malta, Böyük Britaniya, Kamboca, Hindistan və Çin gəlir.

Azərbaycanda da kazinoların açılması məsələsi tez-tez gündəmə gətirilir. Hətta bir zamanlar təkliflər vardı ki, “Xəzər adaları”nda kazinolar fəaliyyətə başlasın. Bu kazinolara yerli əhali deyil, turistlər buraxılsın. İqtisadçılar hesab edirdilər ki, kazinoların açılması Azərbaycan iqtisadiyyatına yardım edib, ölkəyə turist axınının təmin olunmasında faydalı olar. Qeyd edək ki, Azərbaycanda 1998-ci ildən etibarən kazinoların fəaliyyəti qadağandır.

Vüqar Bayramov ile ilgili görsel sonucu

Eyni zamanda bu məsələ ilə bağlı bəzi iqtisadçılar hesab edirlər ki, kazino dövrü artıq keçmişdə qalıb. Məsələn, iqtisadçı Vüqar Bayramov bildirib ki, milyardları ölkəyə kazinolar deyil, qeyri-neft sektorunun inkişafı gətirə bilər:  “Kazinolarla iqtisadiyyatı inkişaf etdirmək utopiyası artıq çox keçmişdə qaldı. Azərbaycanda turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsə, kazinolar bərpa edilmədən də bu sektoru inkişaf etdirmək mümkündür. Kazinoların fəaliyyətinin bərpa edilməsi ”çirkli pullar"ın yuyulmasına gətirib çıxara bilər. Xüsusən də qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pullar rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər. Belə oyunlarda maraqlı olan xarici turistin kazino oyunları üçün vizasız Gürcüstana deyil, bahalı Azərbaycana gələcəyi ağlabatan deyil".

ÆhmÉd QÉÅÉmoÄlu ile ilgili görsel sonucu

Məsələnin sosial tərəfləri barədə “Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, Azərbaycanda kazinoların açılması cəmiyyəti uçuruma apara bilər: “Hansı cəmiyyətdə ki, mənəvi  dəyərlər öndə olur, o cəmiyyətlər öz-özünü tənzimləyə bilir. Həmin cəmiyyətlərdə bir ahəng yaranır. Maddi dəyərlər öndə, mənəvi dəyərlər arxa planda olan cəmiyyətdə isə çox böyük problemlər yaranır. Hansı ki, biz artıq öz cəmiyyətimizdə bunu müşahidə edib, ən eybəcər hallar barəsində, demək olar ki, hər gün məlumat alırıq. Belə davam etsə, bir neçə il sonra daha fəlakətli və xoşagəlməz halların şahidi olacağıq. Bu, cəmiyyətin qanunauyğunluğudur. Bütün bunlar heç kimin istəyi ilə baş vermir. Azərbaycan cəmiyyətinə nəzər salsaq biz çox şeyi görərik. Bu cəmiyyət elə bir haldadır ki, hər şey bir-birinə qarışıb. Ortada xaotik vəziyyət var. Biz burada indiki və yaxın onilliklərdə ən çox diqqəti ona verməliyik ki, Azərbaycan özünün min illərdən bəri gələn yaxşı dəyərlərini itirməsin. Bir millət və xalq olaraq bunları qorumaq lazımdır. Biz mənəvi dəyərlərə üstünlük verməliyik. Çünki mənəvi, əxlaqı dəyərlərin öndə olması, bu cəmiyyəti yeganə xilas edə biləcək vasitədir. İndiki vaxtda, etdiyimiz halların baş verdiyi bir zamanda Azərbaycanda kazinoların açılması uyğun hal deyil”.

Ekspert bildirib ki, Azərbaycan kiçik bir dövlətdir və burada 2-3 kazinonun açılmasına cəmiyyət dərhal reaksiya verəcək: “Hesab edirəm ki, bu, cəmiyyətdə yeni bir dəyişikliyin yaranmasına səbəb olacaq. Nəticədə qeyd etdiyimiz mənəvi dəyərlərə zərbə görəcəyik. Kazinoların açılması heç yerdə, heç zaman mənəvi dəyərlərin inkişafına kömək etməyib. Əksinə, ona zərbə olub. Amerika, Rusiya, Çin kimi dövlətlərdə kazinolar fəaliyyət göstərə bilər. Bu kimi dövlətlərdə mümkündür ki, kazinoların əks-sədası o qədər də olmur. Heç bir kazinoların həmin dövlətlərdə cəmiyyətə də təsiri olmaz. Lakin düşünürəm ki,  Azərbaycan kimi kiçik və həssas bir yerdə kazinoların açılması normal nəticə ilə bitməz. İkincisi də indi elə bir zamandır ki, heç bir dəyər və humanitar siyasət oturuşmayıb. Belə bir halda kazinoların açılması bu məsələləri bir qədər də qarışdırar. Nəticədə mənəvi dəyərlər daha da pərakəndə hal alıb sıxışdırılar. Ölkəmizdə kazinoların açılması yalnız bir sıra adamların ciblərinə fayda verə bilər. Yalnız maddiyyat haqqında düşünən zaman kazinoların açılmasını dəstəkləmək olar. Ancaq xalqın mənəvi dəyərlərini düşünürüksə, kazinoların açılması yolverilməzdir”. 

Tarix: 4-09-2019, 10:19
Xəbəri paylaş





Xəbər lenti