Avropada palma yağının qadağan olunması tələbləri artır


Alman İstehlakçılar Assosiasiyası (DVA) "Aldi”, "Spar” və "Lidl” kimi iri şirkətləri supermarketlərdə tərkibində palma yağı olmayan məhsulların satışına təminat verəcək xüsusi rəflər quraşdırmağa çağırıb.

AZƏRTAC Assosiasiyanın mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, Almaniyada alıcıların hər bir məhsulun tərkibində olan inqrediyentlərin siyahısı ilə tanış olmasına təminat verilməsi tələb olunur və əhalinin öz pulu hesabına potensial ekoloji fəlakət mənbəyi olan sənaye sahələrini dəstəkləmək istəmədiyi bildirilir. DVA-da qeyd ediblər ki, təşəbbüsün əsas məqsədi tropik meşələrin qırılmasının qarşısını almaqdır. Assosiasiya əlavə edib ki, tərkibində palma yağı və palma qozu yağı olan ərzaq məhsulları ayrıca qoyulmalı, bu məhsulların satıldığı stendlərdə əlavə informasiya lövhələri yerləşdirilməlidir.

DVA bildirib ki, palma yağı istehsal edən sənayeçilərin maraqlarını təmin etmək üçün hər gün 20 hektarlıq tropik meşə məhv edilir. Ekspertlərin qənaətinə görə, bu, ekoloji fəaliyyətlə nəticələnə bilər. Əldə edilən palma yağının əsas hissəsindən bio-yanacaq istehsalında istifadə olunsa da, artıq bu gün ucuz olması səbəbindən həmin yağ bir çox qida məhsulları və kosmetika sənayesində də tətbiq edilir. Assosiasiyada əlavə ediblər ki, tropik meşələrin məhvi iqlim dəyişmələrinə gətirib çıxarır. Məhz bu meşələrin sayəsində havadan karbon qazını filtrə etmək mümkün olur.

Palma yağı otaq temperaturunda bərkiyir və digər yağlarla yaxşıca qarışır. O, məsələn, günəbaxan yağı kimi yüksək temperaturda xarab olmur. Palma yağını "üçüncü dünya” adlanan ölkələrdə istehsal edirlər. Bu istehsalın 85 faizi İndoneziya və Malayziyanın payına düşür. Sənəddə qeyd olunur ki, 2017-ci ildə Avropa İttifaqında 7,7 milyon ton pama yağından istifadə olunub ki, bunun da yarısı bio-yanacaq istehsalına aiddir. Dünyada isə hər il orta hesablar hər adama 8 kiloqram palma yağı istehlak olunur.


Tarix: 4-09-2019, 14:00
Xəbəri paylaş





Xəbər lenti