Türkiyəyə axan Azərbaycan milyonları: Pul ölkədən niyə çıxarılır?


Türkiyəyə axan Azərbaycan milyonları: Pul ölkədən niyə çıxarılır?

Bu ilin yanvar-iyul aylarında Türkiyədə Azərbaycan kapitalı olan 109 şirkət qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 şirkət çoxdur. 

Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumatına görə, 2019-cu ilin yeddi ayı ərzində Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 15 milyon 278 min türk lirəsi olduğu halda, 2018-ci ilin eyni dövründə bu rəqəm 33 milyon 919 min türk lirəsi təşkil edib.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti, ümumi kapitalı 11 milyon 521 min türk lirəsi olan İstanbulda (89 şirkət) qeydiyyata alınıb. Göstərilən müddətdə Türkiyənin Antalya vilayətində Azərbaycan kapitalı ilə 8 şirkət qeydiyyata alınıb. Bu ilin yeddi ayı ərzində Antalya əyalətində qeydə alınan Azərbaycan şirkətlərinin ümumi kapitalı 1 milyon 777 min lirə təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında Türkiyədə üç mədən, 12 sənaye, 11 tikinti, topdan və pərakəndə ticarətdə 53 şirkət, 6 turizm şirkəti, eyni zamanda Azərbaycan kapitalı olan 1 maliyyə və sığorta şirkəti qeydiyyata alınıb. Azərbaycan kapitalı ilə qalan 23 şirkət iqtisadiyyatın digər sahələrində iştirak edir. Hesabat dövründə qeydə alınan topdan və pərakəndə ticarətdə 53 şirkətin ümumi kapitalı 8 milyon 373 min lirə təşkil edib.

Qeyd edək ki, bir müddət əvvəl hökumət xarici investisiyaların Azərbaycan iqtisadiyyatına cəlb edilməsi üçün iqtisadi inkişaf strategiyası müəyyənləşdirmişdi. Neft-qaz gəlirlərindən asılılıq səviyyəsinin azaldılmasına nail olmaq istəyən hökumət qeyri-neft sektoru sahələrinə birbaşa xarici investisiyaların (BXİ) cəlb edilməsini hədəfləmişdi. Görünən odur ki, hökumət, nəinki xarici investorlarda, heç yerli sərmayəçilərdə də kifayət qədər maraq yarada bilməyib.

Avrasiya və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivələrində aparılan araşdırmalarda Azərbaycanla bağlı ortaya çıxan nəticələr maraq doğurur. Məsələn, Avrasiya İnkişaf Bankının “MDB ölkələrində qarşılıqlı investisiyaların Monitorinqi-2017” hesabatında göstərilir ki, Azərbaycanın MDB ölkələrinə qoyduğu investisiyanın məbləği (illər üzrə toplam) 2016-cı ildə 2.4 milyard ABŞ dolları səviyyəsinə çatıb, halbuki həmin ölkələrdən Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyanın məbləği 0.91 milyard ABŞ dolları (bunun 0.89 milyard dolları Rusiyanın payına düşür) olub. 

Avrasiya İnkişaf Bankının “Avrasiya İqtisadi Birliyi və Avrasiya materiki ölkələri: birbaşa investisiyaların monitorinqi və analizi - 2017” adlı digər bir tədqiqatına əsasən Azərbaycan Avrasiya İqtisadi Birliyindən kənarda olan MDB ölkələri arasında kapital ixracına görə liderdir: son 5 ildə (2012-2016-cı illər nəzərdə tutulur) MDB-dən kənar Avrasiya ölkələrinə Azərbaycandan daxil olan BXİ-nin orta illik artım tempi 41 faiz olub. Həmin tədqiqata görə, 2016-cı ilin sonuna qeyd edilən regionda Azərbaycanın toplam (ümumi) BXİ-nin məbləği 16.9 milyard ABŞ dolları məbləğində olub ki, bunun da dörddə üçü Türkiyə iqtisadiyyatına yönəldilib.

2012-2017-ci illər Azərbaycanın qeyr-neft sektoruna cəlb edilmiş birbaşa xarici investisiyaların (BXİ) həcminə görə, Türkiyə şirkətləri (bir neçə il istisna olmaqla) üstün mövqeyə malik olub. Bundan başqa ABŞ, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Fransa və Rusiyadan demək olar hər il Azərbaycanın qeyri-neft sektoruna müəyyən qədər investisiyalar daxil olub. Amma son 2-3 ildə Rusiya və İsveçrədən gələn investisiyanın daha sürətlə artması baş verib. Ölkənin qeyri-neft sektoruna daxil olan BXİ-nin məbləğində 2015-ci ildəki azalmadan sonra 2016-cı ildə baş verən kəskin artımda İsveçrə, Rusiya və Türkiyədən daxil olan vəsaitlər həlledici rol oynayıb: həmin il qeydə alınan 1.7 milyard ABŞ dolları məbləğində BXİ-nın 1.04 milyard dolları, yaxud 61.0 faizi bu 3 ölkənin payına düşüb.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyənin məlum göstəricisi Azərbaycanın investor şirkətlərinin sayının artması kimi qəbul olunur:

“Statistik məlumat olaraq Azərbaycanın daha çox investor ölkə kimi reytinqini artırır. Bununla yanaşı, yerli şirkətlərin xarici ölkələrdə qeydiyyata alınması, ölkədən kapital axını kimi də dəyərləndirilə bilər. Bu, kapital axını kimi birmənalı şəkildə qəbul oluna bilməz. Əgər o şirkətləri araşdırsaq, onların Azərbaycanda da fəaliyyət göstərdiyi məlum olacaq. Bu o deməkdir ki, şirkət böyüyür, şaxələnir və artıq şirkət öz bacarığını digər ölkələrdə də göstərə bilir. Türkiyədə biznes mühitinin olması göstəricisi Azərbaycan şirkətlərini ora cəlb edir. Əgər biznes mühiti olmasa, heç bir şirkət gedib başqa ölkədə vaxt itirməz, ofis və ya nümayəndəlik açmaz və heç kimə də əməkhaqqı verməz. Yəni gedilən ölkədə müsbət biznes göstəricilərinin olduğu öncədən araşdırılır və iş adamları bilir ki, oradan mənfəət əldə edə bilərlər. Nəticədə işgüzar mühit Azərbaycan şirkətlərini Türkiyəyə cəlb edir”.

“Rusiya Azərbaycanın ən güclü və əlverişli müttəfiqidir”

Ekspertin sözlərinə görə, Azərbaycan şirkətləri üçün ən əlverişli bazar Rusiyadır: 

“Tarixən Rusiya bazarı Azərbaycan üçün maraqlı olub. Nə qədər Türkiyə ilə dilimiz, dinimiz, kökümüz bir olsa da, Azərbaycanın iqtisadi müttəfiqi Rusiyadır. İlk növbədə Rusiya azərbaycanlıların sayca ən çox yaşadığı və işlədiyi yerdir. İqtisadi nöqteyi-nəzərdən Rusiya Azərbaycanın ən güclü və əlverişli müttəfiqidir. Analoji marağın Ukraynada da artdığını demək olar. Bu gün Ukraynada kifayət qədər Azərbaycan şirkətləri fəaliyyət göstərir. O cümlədən Orta Asiya ölkələrində - Qazaxıstanda, Qırğızıstanda da yerli şirkətlər mövcuddur. Bu siyahıya, hətta İraqı da əlavə etmək olar. Sayca az olsa da, Avropada da Azərbaycan şirkətləri var”.

Yeganə Oqtayqızı

Tarix: 11-09-2019, 16:58
Xəbəri paylaş





Xəbər lenti