İpoteka bazarında son durum: Şərtlər niyə yüngülləşmir?


İpoteka bazarında son durum: Şərtlər niyə yüngülləşmir?

Ölkəmizdə mənzil problem ciddi xarakter daşıyır. 

Bu problemin həlli üçün müxtəlif layihələr həyata keçirilsə də, bu evsizliyin köklü şəkildə aradan qaldırılması üçün yetərli deyil. “Güzəştli mənzil” layihəsi ilə bağlı ağır şərtlərin irəli sürülməsi sosial cəhətdən aşağı olan təbəqənin, o cümlədən də özəl sektorda çalışanların bu layihədən yararlanmasını əngəlləyir. Məlumdur ki, əhalinin üz tutduğu variantlardan biri də ipoteka kreditlərinin əldə edilməsi  yolu ilə mənzillərə sahiblənməkdir. Amma bu istiqamətdə vətəndaşların informasiyaları da yetərli deyil. 

Hazırda ipoteka kreditləşməsi ilə bağlı durum necədir?

Qeyd edək ki, ölkəmizdə ipoteka kreditləşməsi "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci ildə verdiyi Fərmanla "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

“Cümhuriyət” qəzetinin İpoteka və Kredit Zəmanət Fonduna istinadən məlumatına görə, indiyə qədər 26 848 ipoteka krediti verilib, verilmiş ipoteka kreditləri üzrə məbləğ isə 1 milyard 324 milyon 736 min 210 manatdır. Kreditləşmə adi və güzəştli ipoteka kreditləri formasında həyata keçirilir. Kreditlər üzrə maksimal məbləğ 150 000 manat, güzəştli kreditlər üzrə 100 000 manatdır. Maksimal müddət ipoteka kreditləri üzrə 25 il, güzəştli şərtlərlə verilən kreditlər isə isə 30 ildir. Adi kreditlər üzrə minimal ilkin ödəniş 15 faiz, güzəştlilər üçün isə 10 fazidir. Maksimal illik faiz dərəcəsi zəmanət verilməmiş kreditlər üzrə müvafiq olaraq 8 və 4 faiz, zəmanət verilmiş kreditlər üzrə isə müvafiq olaraq 7 və 3,7 faizdir.

Hazırda müvəkkil təşkilat olaraq ölkədə fəaliyyət göstərən 26 bank ipoteka kreditləşməsini həyata keçirir. Eləcə də 19 sığorta şirkəti müvəkil təşkilat olaraq Fondla əməkdaşlıq edir.

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

1. Kredit Azərbaycan manatı ilə verilməlidir;
2. Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
3. Kredit üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;
4. Güzəştli ipoteka krediti, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti güzəştli ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınmasına verilməlidir;
5. Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixinə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;
6. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;
7. Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz;
8. Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
9. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
10. İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
11. İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
12. Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
13. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
14. Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
15. İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır;
16. İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz;
17. Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər;
18. Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri - ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər;
19. İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilə bilər;
20. İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir;  
21. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, ipoteka krediti üzrə öhdəliklər tam icra olunanadək ipoteka krediti hesabına alınmış yaşayış sahəsinin özgənünküləşdirilməsinə icazə verilmir;
22. Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.  
İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

* Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
* Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
* Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
* Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
* Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
* Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
* İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı    (I, II və ya III yer).
* Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
* Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
* Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
* Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
* ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

Qanunvericiliyə, əsasən, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. 

Sonda qeyd edək ki, “Cümhuriyət” qəzeti olaraq ipoteka kreditləşməsi üzrə vacib məlumat və şərtləri təqdim etdik. Bu prosesdə şəffaflığın nə dərəcədə təmin olunması və qeyd olunan tələb və şərtlərə necə əməl olunması müzakirə mövzusudur. 


Tarix: 13-09-2019, 09:39
Xəbəri paylaş





Xəbər lenti