Gömrük Komitəsi və SOCAR-ın rəqəmləri arasında FƏRQ: Bu dəfə qazda


Gömrük Komitəsi və SOCAR-ın rəqəmləri arasında FƏRQ: Bu dəfə qazda

Azərbaycan qazın ixracını 60 faizdən çox artırıb. 

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 421 milyon 244 min 970 ABŞ dolları dəyərində 7 milyard 415 milyon 337 min 640 kubmetr təbii qaz ixrac edib. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz, həcmi isə 60,1 faiz artıb. Məlumata əsasən, yanvar-avqust aylarında qazın ixracı Azərbaycanın ümumi ixracında 10,51 faiz təşkil edib.

Analitiklər qeyd edirlər ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədən 749 milyon dollar dəyərində 4 milyard 049 milyon m3 qaz ixrac edilib, hər 1000 m3 qaz 185 dollara, yəni 315 manata düşür. 2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1 milyard 262 milyon dollar dəyərində 6 milyard 709 milyon m3 qaz ixrac olunub, hər 1000 m3 188 dollara, yəni 320 manata düşür. Hesablamalar göstərir ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında qaz ixracı 60 faizdən çox artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında hasilat 34 faiz artıb, amma ixrac 60 faizdən çox artıb. İxrac artıran əlavə qaz həcmlərinin haradan tapılması maraq doğurur.

Qeyd edək ki, 2019-cu ilin I rübündə (yanvar-aprel) ölkə üzrə qaz hasilatı 25,1 faiz artıb. SOCAR-dan “Cümhuriyət”ə verilən məlumata görə, rüb ərzində ölkədə 9 milyard m3-dən çox təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz artım deməkdir. Hesabat dövründə neftin hasilatı stabil qalıb. Təbii qaz ixracının dinamikasında rüb ərzində 27 faiz, neft və neft-kimya məhsullarının ixracında isə 10,5 faiz artım qeydə alınıb. 2019-cu ilin II rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,9 milyon tondan çox neft, 1,7 milyard kubmetrə yaxın qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub. Beləliklə, SOCAR cari ilin yanvar-iyul ayları ərzində ümumilikdə 10,7 milyard kubmetrə yaxın qaz hasil edib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Cümhuriyət” qəzetinə bildirib ki, bəzən Gömrük Komitəsinin rəqəmləri ilə SOCAR-ın hesablamaları arasında fərq olur:

“İxracdan daha çox, hasilatın ciddi artması qeyd olunmalıdır. Təbii qaz hasilatının artması “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi ilə bağlıdır. “Şahdəniz” yatağının ikinci mərhələsi əsasən Cənub Qaz Dəhlizi üzərindən Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli nəzərdə tutulub. Hələlik biz Avropa bazarına qaz nəql etmirik. Yəqin ki, bu nəql TAP boru kəməri istismara verildikdən sonra, yəni gələn ildən mümkün olacaq. Amma Türkiyə bazarına tələb üzrə qaz nəqlinə başlanıb. Hasil edilən qazın bir hissəsi əlavə olaraq Azərbaycanın öz tələbatını ödəyir. Beləliklə, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə sayılı şirkətlərə ortaq ixrac imkanı yaradaraq onların marağını, həm də yatağın işlənməsinə cəlb edə bilmişdi. Bunun sayəsində ölkənin enerji təhlükəsizliyini təmin edir. Azərbaycan təbii qaz idxalçısından təbii qaz ixracatçısına çevrilib. Ötən ilə qədər müəyyən istiqamətlərdə istifadə etmək üçün təkrara ixrac etmək məqsədilə təbii qaz idxal edirdik. Çünki ölkənin qaz anbarlarında boş yer vardı. Buna görə də başqa ölkələrdən də təbii qaz idxal edirdik. Ötən illər ərzində ehtiyaclarımız üçün tədarük etdiyimi təbii qaz həcmləri o qədər çoxalıb ki, Azərbaycan həmin idxaldan imtina etməli olub”.

SOCAR rəsmisi bu il qış mövsümü üçün qaz anbarlarına 3,2 milyard kubmetr təbii qaz vurulacağını da deyib: 

“Bu həcm əvvəlki illərlə müqayisədə kifayət qədər böyük rəqəmdir. Ötən il 3 milyard kubmetr vurulmuşdu. Rəqəmlər ilbəil arta-arta gedir. Eyni zamanda ölkənin təbii qaza olan daxili tələbatı da əvvəlki illərlə müqayisədə azalıb. Çünki ölkədə təbii qazdan daha çox, alternativ və elektrik enerjisi istifadə olunur. Təbii qaz həm də elektrik enerjisinin istehsalında daha çox istifadə olunur. Bu istiqamətdə son 3-4 ildə azalma tendensiyası müşahidə olunur. Çünki ölkədə su, günəş və külək enerjinin istehsalı artmağa doğru gedir”.

İbrahim Əhmədovun sözlərinə görə, Azərbaycanda təbii qaz tələbatı ilə bağlı ciddi artım yoxdur: 

“Tələbat əvvəlki illərdə olduğu kimi qarşılanır. Hətta tədarük olunan təbii qazın həcmi daha çox artıb. Yəni Azərbaycan hasil etdiyi təbii qazın böyük hissəsini tam ixrac edə bilmədiyi üçün anbarlarda xeyli qaz yığılıb. Əvvəlki illərdə anbarlara həm yerli, həm də xarici qaz yığılsa da, dolmurdu. Bu illər ərzində isə anbarlara ancaq Azərbaycan qazı yığılıb, xarici qaz yox. Bu onu göstərir ki, ölkənin həm daxilində, həm də ixracında təbii qaz artıb və bu templə də davam edəcək”.

Qurum sözçüsü əlavə edib ki, Azərbaycanın təbii qazı əsasən boru kəmərləri vasitəsilə ötürülür: 

“Ölkənin ən böyük qaz ixracatçısı Gürcüstan və Türkiyədir. Gələn ildən etibarən, Avropa bazarlarına Azərbaycan qazını nəql edə biləcəyik ki, bu da ölkə üçün əlavə gəlir mənbəyi olacaq”./Cebhe.info/


Tarix: 18-09-2019, 21:12
Xəbəri paylaş





Xəbər lenti