Neft üzərində siyasi oyunlar: HARA APARACAQ?


Neft üzərində siyasi oyunlar: HARA APARACAQ?

“ABŞ, İngiltərə ilə Səudiyyə Ərəbistanının neft monopoliyası uğrunda mübarizə aparır” - Səudiyyə Ərəbistanının neft məntəqələrinə dron hücumu baş verməzdən bir qədər əvvəl siyasi elmlər doktoru Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə açıqlaması zamanı bu fikri söyləmiş və əlavə etmişdi ki, ABŞ eyni zamanda öz silahlarını satmaq və İngiltərəni bazardan çıxarmaq üçün Səudiyyə Ərəbistanına çox ciddi təzyiqlər göstərir.

Bundan bir qədər sonra Səudiyyə Ərəbistanının neft məntəqələrinə dron hücumu baş verdi ki, bunun da nəticəsində ölkənin neft hasilatı 50 faiz aşağı düşdü. Bu da neft qiymətlərinin müvəqətti olaraq bahalaşmasına təkan verdi. ABŞ başda olmaqla digər bir sıra siyasi qüvvələr bu hücumda İranı ittiham etsələr də, bu da birmənalı qarşılanmadı. Növbəti proseslər neft qiymətlərinin bahalaşmasına yönəlik strategiyanın davam etdiyini göstərir ki, bu strategiyada ABŞ - Səudiyyə Ərəbistanı  birliyi mühüm rol  oynayır. Belə ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ölkəsinin neft emalı zavodlarına pilotsuz təyyarə ilə gerçəkləşən hücumları “axmaqlıq” adlandırıb. 

Şahzadə hücum üçün heç bir strateji ehtiyacın olmadığını xatırladıb: 

“Ancaq tam axmaq adam dünya bazarını neftlə təmin edən obyektə hücum edə bilərdi. Hücum edənlərin yeganə hədəfi axmaq olduqlarını sübut etmək idi”.

Onun fikrincə, dünya İranın qarşısını almalıdır:

“Əgər bu baş verməsə, dünya bazarına neft satmaq çətinləşəcək. Qiymətlər isə fantastik səviyyəyə qalxacaq”. 

Mövzunu  siyasi elmlər doktoru Cümşüd Nuriyevlə davam etdirdik. O, “Cümhuriyət” qəzetinə açıqlamasında bildirdi ki, ABŞ neft qiymətlərinin bahalaşmasında maraqlıdır:

“Çünki ABŞ-ın yanar şelflərindən alınan neftin qiyməti çox yüksək - 55 dollardan yüksəkdir. Dünya bazarında neftin qiyməti 80-100 dollara qalxarsa, onda ABŞ öz neftini rahat şəkildə 60-70 dollardan satacaq. Səudiyyə Ərəbistanı bu işlərdə ABŞ-ın istifadə etdiyi siyasi dəyənəkdir. Heç bir dövlətin, hətta İranın da elə dronları yoxdur ki, bir neçə min kilometr uçsun və  dəqiq səviyyədə oranı vursun. Bunlar hamısı ABŞ tərəfindən hazırlanan yüksək səviyyəli təxribat idi. Eyni zamanda həmin dronları sınaqdan keçirmək lazım idi. ABŞ onların hamısını sınaqdan keçirdi və bunu husilərin “üstünə atdı”. İranda iqtisadi vəziyyət aşağı səviyyədədir,  o dronları hansı vəsaitlə ala bilər? Digər tərəfdən isə, ümumiyyətlə, İranın həmin silahları almaq imkanı yoxdur. Çünki Rusiya da həmin silahları satmır. Yalnız İsraildə və ABŞ-da bu tip silahlar var. ABŞ öz iqtisadi maraqları naminə bu oyunu qurdu. Məlumdur ki, Donald Tramp biznesmendir, onun biznes maraqları var. Bu da onun biznes layihəsi idi ki, dünya bazarında neftin qiyməti qalxsın.  Bu zaman avtomatik olaraq yanar şelfdən alınan neftin bazarı açılacaq və təbii ki, ABŞ bundan yararlanacaq”.

Cümşüd Nuriyev deyir ki, sanksiyalar qoyulan İranın öz neftini sata bilməməsi də ABŞ-ın maraqlarına uyğundur:

“İran neft ehtiyatlarına görə, dünyada üçüncü yerdədir. Yəni burada ABŞ bir güllə ilə iki iqtisadi hədəfini vura bilir. Həm İranı oyundan kənar saxlayır, həm  iki müsəlman dövlət olan Səudiyyə Ərəbistanını İranla qarşı-qarşıya qoyur, həm də öz iqtisadi maraqlarını həyata keçirir”.

Artıq ABŞ-ın Səudiyyə Ərəbistanının neft bazarına, həmçinin də silah bazarına daxil olduğunu deyən Cümşüd Nuriyev bildirir ki,  Boris Consonu hakimiyyətə gətirən İngiltərənin başı “Brexit”-ə qarışıb: 

“Artıq  imperiya çokmək üzrədir. Tarixə nəzər salanda görürük ki, İngiltərə dünyanın ən böyük imperiyası idi, onun ərazisində günəş batmırdı. Gəmiçiləyə üzərində ağalıq 200 il ispanların əlində oldu, sonra isə bunu ingilislər aldı, artıq amerikalılar da onu bir növ özlərinə dövr elədilər. Hazırda bütün dəniz daşımaları, donanmalar ABŞ-ın əlindədir. ABŞ İngiltərəni oyundan çıxardı. Səudiyyə Ərəbistanı İngiltərənin sonuncu qalası idi, dövləti yaradan da, vəhabiliyi bura gətirən də ingilislər idi. Artıq bunun üzərindən 100 il keçib və artıq Səudiyyə Ərəbistanı özünə yeni ağa tapıb. Hər halda, ingilislər də bunu ABŞ-a bağışlamayacaq. Bu, eyni zamanda ABŞ imperiyasının çöküşünün başlanğıcı olacaq. Yaxın 5-10 ildə ingilislər ABŞ-dan bunun əvəzini çıxacaqlar”./Cebhe.info/


Tarix: 1-10-2019, 20:49
Xəbəri paylaş





Xəbər lenti