“İlin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir” - Natiq Cəfərli


“Uzunmüddətli dövrdə neftin qiyməti 55 dollardan aşağı düşsə belə  ehtimallar çox yüksəkdir”

Manatın yaxın  gələcəkdəki  taleyi hər bir vətəndaşı düşündürən əsas suallardan biridir. Artıq uzun müddətdir ki, manat  dollara qarşı 1.70 məzənnəsi ətrafında sabitlik nümayiş etdirir. Xüsusən də son iki ildə neftin orta illik qiymətinin 60 dolların üzərində olması manatın inzibati qaydada sabit saxlanılması üçün iqtisadi əsaslar yaratdı. Bəs görəsən, ilin sonuna doğru manatla bağlı hansı dəyişikliklər ola bilər?

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ilin sonuna qədər manatın məzənnəsində ciddi bir dəyişikliyin olacağını düşünmür: “Çünki Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Artıq bunu nə Mərkəzi Bank, nə də hökumət gizlətmir. Çünki manat 2 ilə yaxın bir dönəmdə dünyada gedən proseslərə rəğmən dollar qarşısında heç bir dəyişikliyə məruz qalmır. Dolların məzənnəsinin dəyişkən olmasına baxmayaraq Azərbaycan manatı bu dəyişikliklərə heç bir reaksiya vermir. Bu da bir daha onu sübut edir ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir. İlin sonuna qədər də bu inzibati tənzimləmə davam edəcək. Çox gün ilin sonuna qədər ciddi bir dəyişiklik baş verməyəcək. Lakin beynəlxalq aləmdə həm makroiqtisadi göstəricilər baxımında, həm  ticarət müharibələri, valyuta müharibələri baxımından müxtəlif proseslər gedir”.

N.Cəfərli vurğuladı ki, Azərbaycanda institutlaşmış iqtisadiyyat yoxdur deyə, bütün sahələrdə dövlət nəzarəti güclüdür: “Maliyyə sektorunda, maliyyə bazarlarında da dövlət nəzarəti var. Burada bazar iqtisadiyyatı qaydaları işləmir. Baxmayaraq ki, 2016-cı ildə Mərkəzi Bank üzən məzənnə rejiminə keçməyi elan etmişdi. Ancaq artıq 2 ildir ki, bu termin işlədilmir, Azərbaycanda üzən məzənnə rejimindən imtina edildi. Çünki üzən məzənnə rejimi mümkün deyil. Hazırda manatın məzənnəsinə təsir edən yeganə faktor neft qiymətləridir. Bu il neftin ortalama qiyməti 60 dollar civarında, hətta ilin sonuna yaxın 60 dollardan da yuxarı olacaq. Çünki ilin əvvəlində və ortalarında neft qiymətinin yüksəliş dövrünü də yaşadıq. Gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan hesablandı. Bu çox doğru və konservativ yanaşma idi ki, dünyada gedən proseslərə adekvat olaraq addımların atılması mümkün olsun. Gələn il də hökumət inzibati tənzimləmədən əl çəkməyəcək. Çünki Azərbaycan iqtisadiyyatı üzən məzənnə rejiminə hazır deyil. Biz uzun illər bunu söyləşmişik ki, institutsional olaraq buna hazırlıq yoxdur. Ancaq gələn il neftin qiyməti 55 dollardan aşağı düşsə belə bir ehtimallar çox yüksəkdir”.

İqtisadçı onu da vurğuladı ki, bu gün neftin qiymətinin 58-59 dollar olmasının səbəbi iqtisadi səbəblər deyil, siyasi gərginlikdir, müharibə təhlükələridir, İrana qarşı sanksiyalar, Səudiyyə və Yəmən arasında hibrid müharibələrin olmasıdır: “Həmçinin Venesuela ətrafındakı proseslər, Liviyadakı vətəndaş müharibəsi və sair kimi amillər neftin qiymətinin artmasına səbəb olur. Bu səbəblər bir-bir aradan qalxır,  həmçinin həlli ilə bağlı da addımların atılacağı gözlənilir.  Nəticədə neftin qiymətində ucuzlaşmaların olacağı qaçılmazdır. Bizim şimal qonşumuz Rusiyanın iqtisadiyyat naziri, artıq neftin qiymətinin 45-50 dollarlıq həddinə hazırlıq görülməsi ilə bağlı rəsmi bəyanat verdi. Onların iqtisadiyyat naziri belə bir hesablamaların aparıldığını açıqladı. Belə bir hal baş versə, neftin qiyməti 50- 55 dollardan aşağı düşüb, uzun müddət bu həddə qalsa, o zaman Azərbaycanın bütün makroiqtisadi göstəricilərinə, o cümlədən manatın məzənnəsinə ciddi təsiri olacaq. Mərkəzi Bank o zaman məcburən müəyyən addımlara getməyə və manatın məzənnəsini az da olsa yumşaltmağa çalışacaq”.

Ekspert qeyd etdi ki,  Azərbaycanda manatın və ümumilikdə iqtisadiyyatın gələcək taleyini izləmək istəyiriksə, ancaq neft qiymətlərini izləməliyik: “Çox təəssüf ki, bu primitiv və neftdən asılı olan iqtisadi model uzun müddət Azərbaycanda həlledici rol oynayacaq. Manatın indiki qiyməti və məzənnənin uzun zaman inzibati yolla sabit qalması heç də yaxşı məsələ deyil. Hətta Maliyyə naziri də bu ilin ortalarında eyhamlarla bildirmişdi ki, manatın uzun zaman inzibati yollarla sabit qalması həm ixracat potensialına, həm turizmə ziyan vurur. Doğrudan da biz bu təcrübəmizdə də gördük ki, təqribən 10 ilə yaxın, yəni 2006-i ildən 2016-ci ilə qədər manat sabit qaldı, məzənnəsi inzibati yolla saxlanıldı. Amma sonradan iki kəskin devalvasiyaya getməyə məcbur oldular. Bu d iqtisadiyyatımızı kökündən silkələdi. Devalvasiyadan 4 il keçməsinə baxmayaraq hələ də iqtisadiyyat tam özünə gəlməyib. Uzun zaman inzibati yollar məzənnə sabit saxlanılanda sonradan daha kəskin addımların atılmasına ehtiyac yaranır”.

Natiq Cəfərlinin fikrincə, bazar özü tənzimləyəndə və bazarın qaydalarına uyğun olaraq məzənnə tənzimlənməsi həyata keçirildikdə,  bu zaman təlatümləri, dalğalanmaları iqtisadiyyat daha rahat atlada bilər: “Ancaq Azərbaycanda üzən məzənnə rejiminə keçid üçün iqtisadi institutlar  olmadığından bu çətindir. O iqtisadi institutların yaranması üçün bazar oyunçularının, valyuta satanların da, alıcıların da sayı çox olmalıdır ki, sərbəst bazar yaransın. Bizdə valyutanı tək bir orqan Neft Fondu Mərkəzi Bank vasitəsilə  satır, alıcılar da bəllidir. 31 bank var ki, hər dəfə hərraclarda onlar iştirak edir. Alıcı və satıcı, o cümlədən həcm bəlli olanda üzən məzənnə rejiminin olması mümkün deyil. Ona görə də, neftin hazırki qiyməti hələlik inzibati qaydada məzənnəsinin sabit saxlanılmasına imkan verir. Ancaq bu sabitlik uzun müddət saxlanılarsa, növbəti dalğalanmalar daha ağır, daha fəsadlı olacaq”.


Tarix: 10-10-2019, 10:33
Xəbəri paylaş





Xəbər lenti