Hamı yerli mal alsın, bəs xeyir kimə qalsın?


Yerli məhsulların keyfiyyəti suallar doğurur,  ekspert və AQTA nə deyir? 

Keçirilən sorğular nəticəsində belə məlum olur ki, əksər insanlar Azərbaycanda istehsal edilən məhsulların keyfiyyətsiz olmasını düşünürlər.  Zaman-zaman müvafiq qurumlar tərəfindən mağazalarda və sexlərdə aparılan yoxlamalar nəticəsində də sübut olunur ki, ölkədə istehsal edilən bəzi məhsullar keyfiyyətli deyil. Satıcılar bildirirlər ki, insanlar daha çox xarici ölkələrdə istehsal edilən qida məhsullarını alırlar. Onlar hesab edirlər ki, xaricdə istehsal edilən, istifadə müddətinin bitməsinə az qalan qida məhsulu belə, ölkədə yeni istehsal edilən məhsuldan daha keyfiyyətlidir. Məlumatlara görə xüsusilə də mağazalarda Rusiya istehsalı olan mallara tələbat daha çoxdur. 

Musavat.com-a danışan ekspert Eyyub Hüseynov bildirib ki, əslində ölkədə istehsal edilən məhsullar, xaricdən gətirilən məhsullarla müqayisədə daha keyfiyyətlidir: “Bütün ölkələrdə, o cümlədən də Azərbaycanda yerli mallar daha təmizdir. Çünki yerli mallara onların ömrünü uzatmaq, dad vermək üçün bahalı qarışıqlar qarışdırmırlar. Uzaq ölkələrə göndərilən mallara isə bu cür qarışıqlar vurulmur. Bütün hallarda yerli məhsullar ekoloji baxımdan daha təmizdir və üstündür. Lakin bununla belə ölkədə hökumətin biznes qurmaq üçün yaratdığı toxunulmazlıq mühiti var. Bundan biznes qurumlarının hamısı istifadə etdirlər, ancaq onlar üçün yaradılan bu mühitdən düzgün istifadə edə bilmirlər. Üstəlik də uzun müddətdir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti de-yure var, de-fakto isə yoxdur. Bizə gələn və həll edə bilmədiyimiz şikayətləri onlara göndəririk, onlar isə baxmırlar. Təəssüf ki, onun yerində fəaliyyətə başlaması nəzərdə tutulan qurumun yaradılması yubanır. Bir sözlə, bəzən təmiz olmayan, insan həyatına uyğun gəlməyən ərzaq məhsullarının istehsalının səbəbi, ilk növbədə qanunvericilikdir. Qanunvericilik bu məsələdə zəifdir. Bundan əlavə də malların məhv edilməsi prosedurası yoxdur. Xarab mal satışdan çıxarılır, yenidən dövlət orqanları onu istehsalçıya qaytarırlar. İstehsalçı da markanı dəyişir, yenidən istehlakçıya ötürür. 22 ildir ki, cəmi iki dəfə ictimai məhvetmədə iştirak etmişəm. Bundan qalan zamanlarda hansısa kütləvi məhvetmənin şahidi olmamışam. Əhalinin belə bir fikrini də dəyişmək lazımdır. Bəzən efirdə millət vəkilləri belə deyirlər ki, yerli mal yemirik. Bu, çox absurd yanaşmadır. Yerli mallar üstünlük verilməli, problemi olanların da keyfiyyəti qaldırılmalıdır. Bizim iş adamlarına nəzarət zəifdir. Onlar üçün toxunulmazlıq hüququ yaradılıb. Lakin iş adamları bundan sui-istifadə edirlər”.

aqta ile ilgili görsel sonucu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən mövzu ilə bağlı müsavat.com-a  bildirilib ki, ölkə ərazisində istehsal olunan qida məhsullarına dövlət nəzarəti onlar tərəfindən həyata keçirilir:

“"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida təhlükəsizliyi qeydiyyatından keçməlidir. Qida təhlükəsizliyi qeydiyyatı “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı ilə tənzimlənir. Müəssisələr qeydiyyata alınarkən həmin sahibkarlıq subyektlərində ekspertizalar həyata keçirilir, yeyinti məhsullarından nümunələr götürərək laborator müayinələrə cəlb olunur. 

Həmçinin AQTA bu sahədə nəzarət tədbirləri həyata keçirmək üçün öz səlahiyyətlərindən irəli gələn müvafiq tədbirlər planı hazırlayır. Bu tədbirlər planına əsasən, sahibkarlıq subyektləri üzrə risk qiymətləndirilməsi həyata keçirilir, mütəmadi olaraq müxtəlif məhsul qrupları üzrə istehlak bazarında monitorinqlər aparılır. Bundan başqa, vətəndaşlardan daxil olan şikayətlər, eyni zamanda kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsasında da plandankənar yoxlamalar və nəzarət tədbirləri görülür. Məqsəd əhalinin  sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsidir”.

Qurum tərəfindən bildirilib ki, ölkəmizə idxal olunan bütün qida məhsulları AQTA tərəfindən risk əsaslı nəzarətə cəlb edilir:  “Yalnız təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların sərbəst ticarət dövriyyəsinə buraxılmasına icazə verilir. Məqsəd ölkəyə idxal edilən qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin təmin edilməsi, əhalinin sağlamlığının qorunmasıdır.

Yeyinti məhsullarını ölkəyə idxal etmək istəyən sahibkarlar ilk növbədə qida təhlükəsizliyi sertifikatı almaq üçün Agentliyə müraciət edirlər”.

Tarix: 29-10-2019, 21:14
Xəbəri paylaş





Xəbər lenti