Azərbaycanın ət bazarında nə baş verir? -araşdırma


Qiymətlər də artır, idxal da...

Azərbaycan hökuməti gələn ildən etibarən heyvan ətinin satışını  ƏDV-dən azad edir. Bununla bağlı  Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.

Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Təklif quş ətinin satışının 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutur.

Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.

Yem bazası daralır, yem bahalaşır

Qəssablarla aparılan söhbətlərdən aydın olur ki, satışın ƏDV-dən azad olunması ətin qiymətində hər hansı ucuzlaşmaya səbəb olmayacaq. Belə ki, qəssablar rayonlardan mal-qaranı getdikcə daha baha qiymətə əldə edə bildiklərini deyirlər. Bundan əlavə, kəsilən ətin sertifikatlaşdırılması üçün çəkilən xərclər də bu ildən etibarən xeyli artıb.

ət bazarı ile ilgili görsel sonucu

Rayonlarda mal-qaranın qiymətində yaranan bahalaşma isə əsasən yem qıtlığı, ot və ot bağlamalarının bahalaşması ilə əsaslandırılır. Əksər maldar fermerlər son illərdə biçənək və yonca əkini sahələrinin azalması üzündən otun qiymətində kəskin bahalaşma olduğunu bildirirlər. Bundan əlavə, heyvandarlıqda istifadə olunan buğda və arpadan hazırlanmış yem də bahalaşıb.

Nəhayət, idxal proseslərinin şəffaflaşdırılması ölkəyə gətirilən mal-qaranın tamamının idxal-gömrük rüsumuna cəlb olunması ilə nəticələnib ki, bu daxili bazardakı satış qiymətinə yüksəldici təsir göstərib.

Nəticə isə budur ki, ölkədə mal və qoyun ətinin qiyməti istisnasız olaraq artım dinamikası nümayiş etdirir. Müntəzəm olaraq mal və quzu əti alan istehlakçı olaraq, hər birimiz cair ilin əvvəlindən bəri mal ətinin qiymətində 1,5-2 manat, quzu ətinin qiymətində isə 2-2,5 manat artım olduğunu müşahidə etmişik.

Diri heyvan idxalında kəskin artım var

Qiymətlərin bahalaşması ilə ət və damazlıq olmayan -  yəni bilavasitə kəsim üçün diri heyvanın, eləcə də ətin idxalının artımı bir-birini müşayiət edən proseslərə çevrilib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycana 83 min 954 baş damazlıq üçün nəzərdə tutulmayan digər diri iribuynuzlu heyvanlar (25 milyon 250.92 min  dollar dəyərində), 131 min 867 baş diri qoyunlar (7 milyon 834.6 min dollar dəyərində) gətirilib.  2018-ci ildə birincinin idxalı 114 min 183 baş (31 milyon 403,53 min dollarlıq), ikincinin idxalı isə 108 min 595 baş(7 milyon 134,01 min dollarlıq) olub. Ötən il idxal olunan diri iribuynuzlu heyvanların 87 min 790 başı Gürcüstandan, 18 min 995 başı Ukraynadan, 6 min 925 başı isə Rusiyadan gətirilib. Diri qoyunların isə 65 min 595 başı Rusiyadan, 42 min 250 başı Gürcüstandan gətirilib.

ət bazarı ile ilgili görsel sonucu

Maraqlıdır ki, bu ildən etibarən Azərbaycan Qazaxıstandan da qoyun idxalını genişləndirib. Belə ki, bu ilin yanvar-avqustunda ölkəyə idxal olunan 99 min 934 baş diri qoyunun 45 min 159-u Rusiyadan, 42 min 962-si Gürcüstandan, 10 min 953-ü isə Qazaxıstandan alınıb. Səkkiz ayda xaricdən alınan 52 min 227 baş diri iribuynuzlu heyvanın 24 min 792 başı Gürcüstandan, 22 min 530 başı Ukraynadan, 4 min 607 başı isə Rusiyadan gətirilib.

Qeyd etdiyimiz kimi, ölkəyə ət idxalında da ciddi artım var. Belə ki, bu ilin 9 ayında 56 milyon 568.77 min dollar dəyərində 37 min 390.31 ton ət idxal olunub. Ötən ilin 9 ayında bu göstərici 49 milyon 283.71 min dollar və 34 min 252.41 ton olub.

Həm diri heyvan, həm ət idxalının artması ölkə üzrə mal-qara sayının azalması ilə müşayiət olunur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 669,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1284,0 min baş inək və camış, 8 milyon 451,9 min baş qoyun və keçi mövcud olub. 2018-ci il oktyabrın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 17,1 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 7,0 min baş (0,5 faiz), qoyun və keçilərin sayı 97,5 min baş (1,1 faiz) azalıb.

Çox maraqlıdır ki, rəsmi statistikaya görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 375,5 min ton təşkil edib. Bu istehsalın hansı həcminin diri idxal olunan heyvanların hesabına əldə olunduğu açıqlanmasa da, mal-qaranın baş sayındakı azalma, idxaldakı sürətli artım getdikcə ət istehsalında idxal payının artdığını göstərir. Ölkənin ərzaq balansında qismən də olsa idxaldan asılılığın artdığı etiraf edilir. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balanslarından aydın olur ki, 2018-ci ildə mal əti ehtiyatlarının həcmi 164 min 328 ton təşkil edib ki, bunun da 135 min 620 tonu ölkədə istehsal olunub, 23 833 tonu isə idxal edilib. Ötən il ölkə üzrə ərzaq məhsullarının istehsalında cəmi 17 min 301 ton mal ətindən istifadə olunub. Həmçinin 2018-ci ildə qoyun və keçi əti ehtiyatlarının ümumi həcmi 84 min 698 ton təşkil edib ki, bunun da 80,8 min tonu ölkədə istehsal edilib, 1700 tonu isə idxal olunub. Qoyun və keçi ətinin 81 min 454 tonu ərzaq məhsulu kimi istehlak olunub.

ət bazarı ile ilgili görsel sonucu

Ətlə özünütəminat səviyyəsi düşür

Ölkədə daxili istehsalın tələbatı təmin etmə səviyyəsi ildən-ilə azalır. Belə ki, bütün növ ət mal-qara və quş əti ilə özünütəminat səviyyəsi 2016-cı ildə 87,9 faiz olubsa, 2018-ci ildə bu, 82,7 faizə düşüb - 5 faizdən yuxarı bir geriləmə var. Bu zaman mal əti və ət məhsulları üzrə özünütəminat 93,5 faizdən 85,1 faizə, quş əti və ət məhsulları ilə təminat isə 79,1 faizdən 75,9 faizə qədər azalıb. Yeri gəlmişkən, hökumət yerli istehsalçıları dəstəkləmək üçün 2016-cı ildən etibarən quş əti və yumurtanın idxalına əlavə rüsumlar təyin edib. Belə ki, Azərbaycana idxal olunan 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar əlavə rüsum müəyyənləşib. Buna rəğmən, ölkəyə quş ətinin və diri quşların idxalında da artım, quş əti ilə özünütəminat səviyyəsində isə sürətli azalma müşahidə olunmaqdadır.

Mal əti ilə özünütəminat səviyyəsinin azalması, həmçinin diri heyvan idxalının artımı bilavasitə ölkədə bitkiçiliyin heyvandarlığın sıxışdırılması hesabına genişləndirilməsinin nəticəsi hesab olunmalıdır. Məlum olduğu kimi, son illərdə xüsusilə pambıq sahələrini genişləndirmək  üçün heyvandarlığın qışlaq və örüş əraziləri əkin altına salınır. Bu isə sənaye üsulu ilə yem istehsalı hələ qurulmadığı bir şəraitdə ölkənin ət idxalından asılılığının artmasına gətirib çıxaran əsas amillərdən biridir. Düzdür, hökumət rəsmiləri diri heyvan və ət idxalının, xüsusilə də quş əti idxalının artmasını ölkəyə gələn turistlərin tələbatını qarşılayacaq məhsulların (xüsusilə kolbasa, sosiska və sair) istehsalındakı artımla əsaslandırırlar. Lakin bu məhsulların istehsalına sərf olunan ətin həcmində ciddi bir artım nəzərə çarpmır.

Bütün qeyd olunanlar göstərir ki, ət satışının ƏDV-dən azad olunması faktiki olaraq Azərbaycanda ətin qiymətində nəinki ucuzlaşmaya gətirib çıxarmayacaq, əksinə, bahalaşma prosesini belə dayandırmayacaq. Məsələ burasındadır ki, rəsmi qurumlar da ət satışının ƏDV-dən azad olunmasının daha çox leqal satış şəbəkələrinə dəstək xarakteri daşıdığını bildirirlər. Hazırda leqal pərakəndə satış şəbəkələrində, daha doğrusu, supermarketlər şəbəkələrində ət satışı ƏDV-yə cəlb olunur, qeyri-leqal satış nöqtələri adlandırılan fərdi qəssabxanalarda isə olunmur. Hesab edilir ki, ət satışının ƏDV-dən azad olunması fəaliyyətini leqal quran, vergidən yayınmayan ticarətçilər üçün bərabər mühitin yaradılmasına xidmət edir. Bu addımın həm də leqal ticarət şəbəkəsində qiymətlərin stabilliyini təmin edəcəyi proqnozlaşdırılır.

Müşahidələrimiz göstərir ki, Vergi Məcəlləsinə olunan dəyişiklik hələ qüvvəyə minməsə də, bəzi supermarket şəbəkələrində mal və quzu ətinin qiymətində müəyyən azalma var. Əməkdaşımızın ucuzlaşmanın səbəbləri barədə suallarına bu şəbəkələrdən birindən verilən məlumata görə, iri şirkətlər diri mal-qaranı özləri xaricdən idxal etməyə başlayıblar. Bundan əlavə, iri ticarət şəbəkələrinin əksəriyyəti özünün ət kəsimi məntəqələrini yaradıblar. Bu isə qiymətlərdə müəyyən ucuzlaşmaya gedilməsinə imkan verib.

Əldə etdiyimiz başqa bir məlumata görə, pərakəndə satış şəbəkələri fərdi sahibkarları ət bazarından çıxarmaq üçün qiymətləri məqsədyönlü şəkildə aşağı salmağa çalışırlar./“Yeni Müsavat”/


Tarix: 30-10-2019, 10:14
Xəbəri paylaş





Xəbər lenti