Yalançı əsasla qaldırılan qaz qiyməti


İqtisadçı Rövşən Ağayev
Qazın qiyməti artımı ilə bağlı Tarif Şurasının əsaslandırmasına dair bəzi qeydlərim
Əvvəla, 1200 kubadək istehlakı olan 51% abonent heç də iddia edildiyi kimi 5 milyon əhali demək deyil. Aşağı istehlakı olan abonentlərdə əhalinin daha az hissəsi yaşayır. O səbəbdən ki, bu kateqoriya kiçik ölçülü evlərdir. Məsələn, rəsmi statistikaya görə, ölkədə mövcud olan bütün mənzillərin (2.2 mln. mənzil) 1 mln-u və ya 45%-i 1 və 2 otaqlı mənzillərdir. Yəni mənzil fondunun az qala yarısını təşkil edən 1-2 otaqlı mənzillərdə əhalinin yarısının yaşaması real deyil. Ona görə də rəsmi əsaslandırma sənədində istifadə olunan fakt etibarlı və dəqiq olmalıdır. Yaxşı olar ki, həmin 51% abonentin real olaraq neçə ailə üzvündən ibarət olması, ümumi qaz istehlakının neçə faizinin onların payına düşməsi ilə bağlı dəqiq faktlardan istifadə edilsin. Digər tərəfdən, aşağı istehlak kateqoriyasına düşən abonentlərin heç də hamısında yaşayış yoxdur. Xüsusilə də Bakı, Xırdalan kimi məkanlarda yeni tililən binalarda sayğaclar qoyulsa da, xeyli sayda mənzil boşdur. Amma statisitaka bu mənzillərin sahibləri aşağı istehlak kateqoriyasında sayı artırır.
Qaz təsərrüfatında zərərin büdcədən qarşılanması ilə bağlı əsaslandırma yetərli arqument və faktlarla göstərilməyib.
Əvvəla, qaz təsərrüfatının maliyyə fəaliyyətilə bağlı ətraflı maliyyə hesabatları yoxdur. Məsələn, Azərsu-nun timsalında məlum oldu ki, zərərin şişməsinin fundamentaı səbəblərdən biri aktivlərin dəyərsizləşməsi və əsas vəsaitlərin amortizasiyası xərclərinin həddən artıq nəhəng məbləğ təşkil etməsidir. Bir sıra peşəkar auditorlar da bu xərc maddələrinin bəzi hallarda subyektiv amillər səbəbindən şişirdilməsi, nəticədə isə zərərin böyüdülməsi üçün münbit imkanlar açdığını qeyd edirlər.
Azəriqaz-ın isə ayrıca hesabatı yoxdur. Əgər olsa idi, satışların maya dəyəri və satışlardan əldə olunan gəlirlər hesabına ümumi mənfəəti, müxtəlif xərc növləri və əməliyyat zərərinin ümumi həcmi, eləcə də zərəri formalaşdıran xərc maddələri barədə məlumatları görmək mümkün olardı. Yalnız görünən odur ki, hər 1000 kubmetr qazın istehsal maya dəyəri 70 manatı ötmür ki, bu da əhaliyə satılan qiymətdən əhəmiyyətli dərəcədə aşağıdır. Güman ki, zərər nəqli sistemində yaranır.
Aydındır ki, qaz təsərrüfatı dövlət büdcəsindən hər il böyük subsidiya alır. Amma nə qədər alır? Niyə ictimaiyyət şəffaf şəkildə bunları görə bilməməlidir – eləcə də zərəri yaradan xərc maddələrini?
İndiki halda qaz nəqli təsərrüfatını təcili olaraq dövlətsziləşdirmək lazımdır. Dövlətdən fərqli olaraq özəl subyekt investisiya xərclərini daha şəffaf idarə edəcək, mənfəət qazanmaq üçün daha effektiv xərcləyəcək, nəticədə zərərini üfürüb şişərdərək vətəndaşın cibinə yükləməyəcək…
Tarix: 1-07-2021, 08:26
Xəbəri paylaş





Xəbər lenti