Deputat: "Dəyişiklik əhaliyə ciddi təsir göstərməyəcək"



"Tarif Şurasının qərarı birmənalı olaraq xərclərin ödənilməsi və təbii qazdan səmərəli istifadənin təmin olunmasına hesablanıb. Enerjidən səmərəli istifadə etmək dövlətin vətəndaşlar qarşısındakı mühüm vəzifələrindən biridir".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Tarif Şurasının təbii qazın qiyməti ilə bağlı etdiyi dəyişiklik barədə danışarkən deyib.
 
Deputat dəyişikliyin əhaliyə ciddi təsir göstərəcəyini hesab etmir: "Son dövrlər təbii qazdan istifadə edənlərin sayında artım müşahidə edilir. Belə olan halda, müəyyən xərclərin ödənilməsi üçün maliyyə vəsaitinə ehtiyac yaranır. Tarif Şurasının yeni qərarı həmçinin təbii qazdan səmərəli istifadə üçün şərait yaradacaq. Aztəminatlı ailələrin təbii qazdan illik istifadə həcmi adətən 1200 m3-i keçmədiyinə görə, dəyişiklik sosial təminatı aşağı olanlara təsir etməyəcək. Lakin illik sərfiyyatı 1200 m3-i keçən istifadəçilər 1 m3 üçün 20-25 qəpik ödəyəcəklər. Ümumiyyətlə qərar birmənalı olaraq xərclərin ödənilməsi və təbii qazdan səmərəli istifadənin təmin olunmasına hesablanıb".
 
Qeyd: Tarif (qiymət) Şurası tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Tarix: 1-07-2021, 18:26
Xəbəri paylaş





Xəbər lenti