Cavid Qara: “5 min hektara qədər meşə fondu torpağı məhv edilib”


Ətraf mühit siyasəti üzrə ekspert Cavid Qara müsahibəsində ölkədə meşə fondu torpaqları, meşə massivləri, səhralaşma problemindən danışıb.
Ecofront təşkilatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binası qarşısında meşələrin qırılmasına etiraz olaraq aksiya keçirib. Ölkədə meşə massivlərində təxmini hesablamalara görə nə qədər ağac qırılıb?
Söhbət yüz minlərlə ağacdan və milyonlarla kol bitkisindən gedir. Biz məsələyə ağac və kol kimi yanaşmırıq, ekosistem kimi yanaşırıq. Ona görə də bunu hektarlarla ölçmək daha doğru olardı. Son üç ildə, 2017-ci ildən bəri 5 min hektara qədər yaşıllıqlarla örtülü meşə fondu torpağı tamamilə məhv edilib. Bunun təqribən 500 hektara yaxını sıx meşəlik ərazidir. Qalan hissəsi isə seyrək meşəlik və kolluq ərazilərdir. Burada əsas aparıcı qüvvə 2017-ci ildə meşə fondu torpaqlarının icarə müddətinin 10 ildən 49 ilədək uzadılmasıdır. Elə bu uzatmada niyyət meşə fondu torpaqlarını kənd təsərrüfatı məqsədi ilə məhv etməyə zəmin yaratmaq idi. Amma, meşə fondu torpaqlarının icarə qaydalarında heç bir dəyişiklik edilmədi. Meşə fondunun icarə qaydalarında çox açıq şəkildə deyilir ki, meşə bitkiləri ilə örtülü olmayan ərazilər ancaq meşə bərpa məqsədi ilə icarəyə verilə bilər. Bunlar da şəffaflıq şəraitində baş verməlidir.
Şəffaflıq varmı?
Faktiki olaraq şəffaflıqdan söhbət gedə bilməz. Çünki ilkin növbədə meşə fondu torpaqlarının xəritəsi ictimaiyyətə açıq deyil. Bu xəritələr qıfıllı seyflərdə saxlanılır. Hansı ki, orada heç bir məxfi məlumat yoxdur. O xəritələr ortaya çıxsa məlum olar ki, meşə fondu ilə bağlı statistikaların bir hissəsi şişirdilmiş məlumatlardır və meşə fondunda nə qədər zəbtlər, nə qədər təyinatından kənar istifadələr var. Bununla yanaşı, icarələrlə bağlı məlumatlar şəffaf deyil. İcarələrlə bağlı heç bir məlumat ictimaiyyətə açıqlanmır. İctimai iştirakçılıqla həmin ərazilərə baxış keçirilmir. İcarə müqavilələrinin mətnləri və xəritələri ictimaiyyətə açıqlanmır. Ekologiya Nazirliyinə dəfələrlə müraciət etsək də, hətta deputat sorğusu göndərilsə də onlar yalnız abstrakt, ümumi məlumatlar veriblər ki, neçə min hektar torpaq icarəyə verilib. Faktiki olaraq müqavilələr üzrə xəritələri və müqavilələrin mətnlərini açıqlamırlar. Amma, biz iki müqavilənin mətnini şəxsi kanallarımız vasitəsi ilə ələ keçirmişik. Orada göstərilən müqavilə şərtləri ilə baş verənlər arasında böyük bir ziddiyyət var. Faktiki olaraq meşə fondu torpaqlarının hər hektarı illik 25 manata, gülünc bir məbləğə icarəyə verilir. Bu isə o deməkdir ki, bunun arxasında böyük bir korrupsiyanın olduğu ehtimalları var. Çünki, hətta o, 25 manat belə Ekologiya Nazirliyinə yox, dövlət büdcəsinə gedir. Belə bir halda nazirliyin bir qurum olaraq hansı marağı ola bilər ki, öz sərəncamında olan torpağı sahibkara 49 illiyə icarəyə versin. Kiçik sahibkarlara, kiçik kənd təsərrüfatı subyektlərinin hamısının müraciətlərinə imtina verilir. Onlar boş sahələr üçün müraciət etsələr də belə, imtina edilir. Ancaq, bu fürsətdən böyük oliqarx məmurların biznesləri üçün şərait yaradılır.
Xəritələr niyə təqdim edilmir? Azərbaycan qanunvericiliyində xəritələrin ictimaiyyətə açıq olması məsələsi varmı? Ümumiyyətlə, meşə fondu torpaqlarında binalar tikilir, istirahət mərkəzləri var, çoxsaylı restoranlar var. Bunlar qanunidirmi?
Ətraf mühit haqqında, məlumat əldə etmək haqqında qanunlar var və Azərbaycanın qoşulduğu konvensiyalar var. Bunlar bizə imkan verir ki, bütün bu məlumatları Ekologiya Nazirliyindən tələb edək. Ancaq, onlar buna məhəl qoymadan məlumatları ictimaiyyətdən gizlədirlər. Məlumatları açıqlamaq çox sadədir. Niyə gizlədirlər? Bu o deməkdir ki, burada onların gizli maraqları var.
Meşə massivlərində ağacların qırılmasının səbəbləri nədir? Meşə massivlərində ağacların qırılmasında əhali, yoxsa istehsal müəssisələri iştirak edir?
Ağac qırılmasını bir neçə hissəyə bölsək, onda daha dəqiq cavab vermək olar. Qırıntıda əsas məqsədlər, burada birinci odun tədarüküdür. Belə ki, qaz təchizatı olmayan kəndlərdə odun tədarüküdür. Bu da həm kəndlilər tərəfindən baş verir, həm də bu işlə məşğul olan daha mütəşəkkil dəstələr tərəfindən baş verir. Material məqsədi ilə qırıntlar da var. Mebel, xüsusilə taxta yeşik hazırlanması məqsədi ilə qırıntılar var. Bunlar artıq bir qədər böyük miqyasda, sex ölçüsündə baş verir. Bununla yanaşı, kömür hazırlanması məqsədi ilə qırıntılar var. Kəndlilər ağacları qırıb kömür hazırlayır. Bunun alış-verişində daha böyük fiqurlar iştirak edir. Bizim əsas mübarizəmiz meşə fondu torpaqlarının zəbt edilməsinə qarşıdır. Hansı ki, o geri dönüşü olmayan bir prosesdir. Meşədən ağac kəsirlər. Amma bu davamlı şəkildə olmalıdır ki, meşə özünü bərpa edə bilsin. Digər sadaladığım təyinatlar üzrə də meşə kəsiləndə özünü bərpa edə bilir. Amma, meşə tamamilə məhv edilib, fındıq bağı, çay plantasiyası salınanda artıq geri dönüş olmur.
 Meşələrin qanunsuz qırılmasında iştirak edənlərin məsuliyyətə cəlb edilməsi barədə hansı məlumatlara maliksiniz? Belə hallar varmı?
 Məsuliyyətə cəlb edilmə adətən cərimə yazılması səviyyəsində olur. Amma, bir neçə halda həbslər də olub. Sonuncu ən böyük həbs xəbəri Qəbələ rayonunda baş verib. Qəbələ və İsmayıllıda Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatı olub. Bir neçə meşə mühafizə işçisi, direktor səviyyəsində həbs edilmişdi.
 Meşə işçilərinin belə qanunsuz hərəkətlərinə yol açan əsas amillər nədir? Əmək haqqının azlığı, yoxsa təminatın azlığı, yuxarı vəzifəli şəxslərin tələbləri, yoxsa başqa səbəblər də var?
Burada kompleks səbəblər var. İlk növbədə odur ki, ümumiyyətlə ölkənin ekologiya və meşə təsərrüfatına münasibəti biganədir. Onların büdcəsi çox aşağıdır. İşçilərin maaşları çox aşağıdır. Bunlar qanunsuz fəaliyyətə şərait yaradan ilkin amillərdir. Bununla yanaşı, vəzifədə olan məmurların daha çox varlanma həvəsi ola bilər. Burada əsas budur. Büdcənin az olması həm də mühasibatlıq məsələlərini çətinləşdirir. Meşə təsərrüfatı ilə bağlı bütün normativ ödəmələr hamısı köhnə hesablamalara əsasən aparılır. Ən axırıncı dəfə 2004-cü ildə nəzərə alınan rəqəmlər var. Hansı ki, 17 il vaxt keçib və infilyasiya baş verib. O rəqəmlər bazar qiymətlərinə uyğun deyil. İstər cərimələr olsun, istər meşə təsərrüfatının təşkil edilməsi üçün əmək normativləri üzrə ödəmələr olsun, bunların hamısı çox köhnəlmiş rəqəmlərdir. Reallığı əks etdirmir. Bu isə fəaliyyəti təmin etmək üçün korrupsiyaya yol açır.
 Bəs, meşə təsərrüfatlarının təşkili məsələsi necədir? Çünki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi çoxsaylı meşə massivlərində, qoruqlarda, milli parklarda hər il yüz minlərlə ağac əkildiyini bildirir. Bu rəqəmlər nə qədər reallığı əks etdirir? Həmin ağaclar böyüyüb müəyyən səviyyəyə çata bilirmi?
Yenə də eynidir, şəffaflıq olmadığına görə buna bizim nəzarət mexanizmimiz yoxdur. Elə bir informasiya bazası yoxdur ki, deyilsin ki, filan ərazidə on min, filan ərazidiə iki min ağac əkilib. Ümumi rəqəmlər səsləndirilir. Ümumi rəqəmlərə də nəzarət mexanizmi yoxdur. Xəyali olaraq o rəqəmlər hətta doğru olsa da, həmin ağacların böyüyüb başa çatması böyük sual altındadır. Adətən, səhv seçilmiş ağaclar səhv seçilmiş yerlərdə əkilir. Onların da böyük əksəriyyəti quruyur. Ona görə də ekeologiya nazirliyi bu gün nə əkdiyini yox, on il bundan qabaq əkilmiş yaşıllıqları göst’rsə, xəritə, baza yaratsa ki, baxın əkdiyimiz ağaclar budur, sayı budur, iz gedib ona baxa bilərik.
 Azərbaycanda səhralaşmanın qarşısının alınması üçün nə edilməlidir? Ölkə hansı proqramlar yerinə yetirməlidir?
Azərbaycanda səhralaşmanı sürətləndirən bir neçə amillər var. Birinci növbədə meşələrin qırılması və qış otlaqlarının, örüş sahələrinin zəbt edilməsi və əkinə cəlb edilməsidir. Bunlar səhralaşmanı sürələndirən ən böyük
səbəblərdən biridir. Faktiki bir layihə olaraq ən böyük təsir, Oğuz-Qəbələ su kəmərinin mənfi təsirləridir. Bu kəməri su ilə təmin etmək üçün yüzdən artlıq artezan quyusu vurulub. Həmin ərazidə, Oğuz rayonunda faktiki olaraq artıq quraqlıq hiss olunur. Bulaqlar qurumağa başlayıb, çaylarda suyun səviyyəsi azalıb. Hətta, bu, artıq təsərrüfatlara da birbaşa təsir edir. Bu, ildən-ilə kəskinləşən istiqamətdə davam edir. Ona görə də biz bir plan hazırlamalıyıq ki, Oğuz-Qəbələ su kəmərinin su tutmunu azaldaq və qarşıdakı bir neçə ildə bundan asılılığı dayandıraq. Yoxsa bu həmin ərazidə yeni bir səhralaşma ocağı yaradacaq.
Ağac idxalı ilə ölkədəki meşələrdən qırılan ağacların bazar qiymətləri arasında fərq nə qədərdir? Yəni bu amillər də meşələrin qırımasına səbəb olurmu?
Bir qədər çətin sualdır. Çünki, adətən fərqli materiallar gəldiyinə görə müqayisə etmək çətindir. Amma, eyni növ ağaclarda yerli materilalar həmişə idxal materialından bir qədər ucuz olur. Bu daha da cəlb edicilik yaradır. Söhbət bir kubmetr üçün 200-300 manat fərqdən gedir. Nəyə görə yerli materiala bir qədər ucuz qiymət təklif edilir? Yerli materialın emal infrastrukturu olmadığına görə o daha keyfiyyətsiz hesab edilir. Düzgün emal da edilmir. Faktiki olaraq Azərbyacanda yerli materialların qanuni olaraq təminat mexanizmi yoxdur. Yerli material o deməkdir ki, qanunsuzdur. Əgər, söhbət mebel və yaxud tikinti materialından gedirsə. Son illər idxal materialının qiymətinin artması yerli materiala da tələbatı artırıb. Bu isə meşəyə təzyiqləri artıracaq. Ona görə də dövlət idxal rüsumlarında güzəştlərə getməlidir ki, yerli materiala tələbat azalsın.
Amerikanın Səsi
Tarix: 10-07-2021, 08:39
Xəbəri paylaş





Xəbər lenti