Monopoliya Azərbaycanı taxılsız qoyur? - Alsan da budur, almasan da...


Keyfiyyətsiz toxum və əkinçilərə edilməli olan yardımların gecikdirilməsi “Azərbaycanın Ukraynası” adlandırılan Cəlilabadda məhsuldarlığı aşağı salıb. “Moran Aqro” MMC-nin toxumu məhsul verməyib. Ümumiyyətlə, rayonda bu il taxılçılıq üzrə əldə olunan nəticələr ürəkaçan deyil. Rəqəmlərə gəldikdə, keçən ilin payızı rayonda 66 min 570 hektar sahəyə taxıl əkilib ki, bunun da 56 min 500 hektarı buğda, 5 min 200 hektarı arpa və 4 min 870 hektarı vələmirdir. Artıq taxıl biçini başa çatıb. Hər hektardan 24,9 sentner buğda, 21,9 sentner arpa, 17 sentner vələmir götürülüb.

Rayonun Günəşli kənd sakini Ələkbər Abbasov deyib ki, “Moran Aqro” MMC-dən kiloqramı 80 qəpiyə aldığı toxum, demək olar ki, çıxış verməyib. Günəşli kəndinin digər sakini - mülkiyyətçi Ağasahib Ağayev də aldığı toxumun keyfiyyətindən narazıdır. Bildirib ki, hər il əkdiyi sahədən 6-7 ton buğda götürdüyü halda, bu mövsüm vur-tut 1,5 ton məhsul hasilə gətirə bilib. Cəlilabad rayonunda buğda toxumu yetişdirən 7 təsərrüfat var. Salyan Regional Mərkəzi Toxum Analizləri şöbəsinin aqronomu Şakir Babayev məsələyə münasibətini bildirərkən deyib ki, onlar şirkətlərin xətti ilə gətirilən toxumların keyfiyyətinə cavabdeh deyillər.

Qeyd edək ki, Cəlilabad iri kənd təsərrüfatı rayonudur. Xüsusən bu bölgənin taxılı Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Fakt odur ki, bu gün Azərbaycan heç də özünü taxılla tam təmin edə bilmir və müəyyən bir hissəni xaricdən idxal edir. Əgər bu gün fermerlərə keyfiyyətsiz toxum satılırsa, demək ki, biz hələ uzun zaman də idxaldan asılı vəziyyətdə qalacağıq.

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, ölkəmizdə iqtisadiyyatın inkişafını ləngidən, onu boğan, qarşısını kəsən monopoliyadır:

“Əgər toxumçuluq təsərrüfatları, idxal edən sahibkarlar monopolist olmasaydı, hazırda bu sahədə problem olmazdı. Məsələ orasındadır ki, fermer sahibkardan toxum alıb və ziyan görür. Onun manevr etmək imkanları olmalıdır ki, gələn il artıq o sahibkardan almasın, tamamilə başqa sahibkardan alsın. Həmçinin qanuni müqavilə bağlasın ki, onun məhsuldarlığına zəmanət verir. Xarici ölkələrdə bunun təşkilinə gəldikdə, İsrail, Hollandiya, Kanadada toxumçuluq üzrə ixtisaslaşmış fermer təsərrüfatları var və onlar zəmanətlə rəqabətə girirlər.

Fermerə zəmanət verirlər ki, mənim sizə satdığım toxum bu qədər məhsul verəcək. Hətta onlar gedib yerin münbit şəraitini yoxlayırlar ki, bizim toxumumuzdan asılı olmayan səbəbdən məhsuldarlıq aşağı düşə bilər. Vegetasiya dövründə gedib aqrotexniki qaydada qulluq olunmasına nəzarət edirlər. Yəni toxum satan təşkilat nəzarət edir ki, satdığı toxumdan məhsuldarlıq aşağı olmasın. Götürür, yoxlayır, baxır, məhsuldarlıq gözləntisini müəyyən edir, fermerlərlə əlaqə saxlayır, monitorinqlər keçirir, prosesə nəzarət edirlər ki, onun toxum verdiyi fermer zərərə düşməsin ki, növbəti il ondan imtina etməsin”.

Ekspertin fikrincə, bizdə də həmin praktika tətbiq edilməlidir:

“Bu praktikanın da qarşısnı alan inhisardır. İnhisar olmasa, fermerler arasında olan mütəxəssislər toxumçuluq təsərrüfatlarının təşkilində maraqlı olarlar. Çox təəssüflər olsun ki, Azərbaycanda belə toxumçuluq təsərrüfatları yetişdirənə qədər bir qrup inhisarçı xaricdən toxum idxal edir, üzərində Kanada, İtaliya, Hollandiya “emblemləri” olan toxum gətirir və sonunda da toxum yararsız olur. Əslində toxum rəsmi qeydiyyatlı müqavilə əsasında satılmalı, həmin müqavilədə şərtlər olmalıdır. Bu, rəsmi sənədləşməlidir ki, sabah toxum satan təşkilat satdığı toxumdan imtina edə bilməsin.

Digər tərəfdən, qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Məsələn, ötən il sahədə 6 ton məhsul götürən fermer bu il 1 ton götürürsə, məhsuldarlıq 6 dəfə aşağı düşübsə, əlində sənəd olsa, həmin toxum aldığı şirkəti məhkəməyə verə bilərdi. Qanunvericilik də təkmilləşdirilməlidir ki, fermerlər hüquqlarını müdafiə etsin, toxumçuluq institutunun yaranmasına töhfə versinlər. Bizdə toxumçuluq institutunun yaranması üçün ilkin mərhələdə hökumət təkan verməli, qaydalar tətbiq etməli, ən azı kəndliyə yol göstərməlidir”.
Tarix: 14-07-2021, 10:53
Xəbəri paylaş





Xəbər lenti