İşsizlərin sayı sürətlə artır

Son beş ayda dövlət sektorunda çalışan 18400 nəfər ixtisara salınıb
Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
Dövlət sektorunda çalışan 18 min 400 nəfərin mitili bayıra atılıb.
3800 nəfər tikintidən, 2900 nəfər təhsildən, 2900 nəfər inzibati və yardımçı xidmət göstərən sahələrdən, 2700 nəfər elektrik enerjisi, qaz və buxar istehsal edən müəssisələrdən, 1500 nəfər daşınmaz əmlakla əməliyyat həyata keçirənlərin sırasından, 1300 nəfər mədənçıxarmadan, 1200 nəfər emal sənayesindən iş yerlərini itirib.
Bu ilin 5 ayında ölkədə mövcud 19 iqtisadi fəaliyyət növündən yalnız 3-ü işçi qüvvəsinin ixtisarına məruz qalmayıb. Qalan bütün fəaliyyət sahələrində ixtisarlar həyata keçirilib. “Daşınmaz əmlak” öz işçilərinin 22 faizini, “Tikinti” 12 faizini, “Mədənçıxarma” 10 faizini, “Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı” 9 faizini ixtisar edərək əməkhaqqı yükündən özünü xilas edib. İş yerlərini itirənlərin ümumi sayından 21 faizi tikintinin, 16 faizi təhsilin hesabınadır.
Bütün bunlar ötən il yaşansaydı, bəlkə də anlamaq, ötüşdürmək olardı. Lakin neft və qeyri-neft mallarının bahalaşdığı, habelə yoxsulların və işsizlərin sürətlə artdığı bir şəraitdə hökumətin bu yolu təşviq etməsini sağlam məntiqlə izah etmək mümkün deyil. Dalana aparan yol olduğuna görə bu yoldan və niyyətdən dərhal imtina edilməsi tövsiyyə olunur.
Tarix: 26-07-2021, 22:14
Xəbəri paylaş





Xəbər lenti