Qarabağa ayrılan 2,2 milyardın nə qədəri xərclənib? - "Bizə gəlir gətirən iqtisadiyyat lazımdır"


Bu ilin birinci yarısında dövlət büdcəsində Qarabağın yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin cəmi 16.9 faizi xərclənib.
Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycan bu il sözügedən məqsədlə 2.2 milyard manat xərcləməyi planlaşdırsa da, yanvar-iyun aylarında 372.1 milyon manat sərf olunub. Bəs görəsən buna səbəb nədir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, Qarabağla bağlı hökumətin siyasəti "yeddi dəfə ölç, bir dəfə biç" prinsipinə söykənib: "Həmçinin "Ağıllı şəhər" və "Ağıllı kənd" yalnız layihə deyil. Bu, çox dəqiq detallaşdırılmasını, vizuallaşdırılmasını tələb edir. Biz hər şeyə ehtiyatla yanaşırıq və hətta ən xırda səhvlər belə buraxmaq istəmirik. Hansılar ki, 2000-ci illərdən Azərbaycanda başlamış nəhəng inşaat zamanı buraxılıb".
Komitə üzvü qeyd edib ki, o vaxt yeni tikilən yollar çökürdü, binaların üzlənməsi qaydalara uyğun aparılmırdı: "Çox şey olurdu. Təzə açılmış və beşulduzlu otelə bənzəyən müəssisələr iki-üç ay işləyib bağlanırdı. Bizə isə bu gün qənaətli, gəlir gətirən iqtisadiyyat lazımdır. Bizdə bu gün intensiv inkişaf var. Üstəlik də, Qarabağın bərpasında dünyanın ən müasir texnologiyalardan istifadə olunur".
R.Quliyevin fikrincə, bu məsələdə heç bir tələskənliyə yol vermək lazım deyil: "Fikrimcə, ilin axırına kimi bütün bu ayrılmış vəsaitlər xərclənməyəcək. Yalnız infrastrukturun bərpası üçün – yolların tikilməsinə, qaz, su və işıq xətlərinin çəkilməsinə ayrılmış vəsaitlər xərclənəcək".
"AzPolitika.info"
Tarix: 12-08-2021, 22:32
Xəbəri paylaş





Xəbər lenti