İri sahibkar müəssisələri iflas edib


Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
İri sahibkar müəssisələrinin 77-si bu ilin 6 ayı ərzində iflas edərək sıradan çıxıb.
Azərbaycanda iri sahibkar müəssisələrinin sayı onsuz da çox az idi: cari ilin əvvəlinə olan vəziyyətə görə cəmi-cümlətanı 678 vahid! Bunların daha 11%-nin sıradan çıxması onsuz da ağır olan vəziyəti daha da ağırlaşdıracaq.
Nəzəri cəhətdən iri imkanlar, iri kollektivlər, böyük yatırımlar, böyük nailiyyətlər, ən yeni texnikalar, ən yeni texnologiyalar başa düşülür iri müəssisə dedikdə. Bütün bu imkanlara sahiblənə bilməkdən ötrü gərək iri, heç olmasa, orta ölçülü müəssisə səviyyəsinə yüksələsən. Lakin bu ilin 6 ayında 257 sayda orta sahibkar müəssisəsi (9%) də sıradan çıxaraq fəaiyyətini bitirib. Sahibkarlara dəyən zərbələr bunlarla sona yetməyib. Son 6 ayda 458 kiçik sahibkar müəssisəsi də iflas edib. Cari ilin yanvar və iyul aylarının əvvəlinə olan vəziyyətə dair DSK-nın açıqladığı rəsmi məlumatların müqayisəsi bu biabırçı mənzərəni üzə çıxarıb.
Belə məlum olur ki, kiçik, orta və iri sahibkarlıq müəssisələrinə maliyyə yardımları göstərilməsinə dair hökumətin qəbul etdiyi qərarlar, atdığı addımlar, cızdığı yol xəritələri suya düşüb. Əks halda nəticələr bu dərəcədə bərbad olmazdı. Nəticələr budursa, sahibkarlığın inkişafına dövlət dəstəyindən danışmağın da mənası qalmır.
Fakt odur ki, sahibkar müəssisələri olduqca ağır sosial-iqtisadi, siyasi, psixoloji, hüquqi şəraitə tab gətirməyərək iflas edirlər. Yalnız “mikro” ölçülərə qədər xırdalanmış sahibkarlıq müəssisələri 5% say artımı verib ki, belə müəssisələrin də əksəriyyətində 2-3 nəfər (maksimum 10 nəfər) işçi çalışır. Bu mikro kollektivlərlə də iri hədəflərə nail olmaq əsla mümkün deyil.
Tarix: 20-08-2021, 08:46
Xəbəri paylaş





Xəbər lenti