”Растаможка” ləğv edilməlidir


Elnur Sadıqov
10 milyon əhalisi olan Azərbaycanda avtomobil sayı, əhalisi 3,7 milyon nəfər olan Gürcüstanla təqribən eynidir. “Azadlıq” radiosunun 3 avqust 2021 – ci ildə hazırladığı məqalədə (link şərhdə) bildirilir ki, Azərbaycan Cənubi Qafqaz regionunda əhalinin hər min nəfərinə düşən avtomobil sayına görə ən geridəqalmış ölkədir.
”Amerikanın Səsi” radiosunun Azərbaycan redaksiyasının 19 avqust 2021 – ci ildə hazırladığı məqaləyə (link şərhdə) görə isə Azərbaycanın avtomobil parkı kəskin köhnəlməkdədir. İstismardakı 5 ilədək olan avtomobillər ümumilikdə ölkənin avtomobil parkının 4%-ni təşkil edir.
Bu vəziyyətin yaranmasının səbəbi hakimiyyətin vergi və rüsum siyasətidir. Avtomobil idxalına tətbiq olunan aksiz, ƏDV və gömrük rüsumu avtomobil bazarının böyüməsinin qarşısını alır, həm də avtomobil parkının yaşlanmasına səbəb olur.
Hökumət avtomobil idxalına tətbiq olunan gömrük rüsumunu tamamilə ləğv etməli, aksiz və ƏDV – ni isə azaltmalıdır. Bununla, bazarın böyüməsini və avtomobil parkının yenilənməsini stimullaşdıra bilər.
Gömrük rüsumundan büdcəyə gəlməli olan vəsaiti isə ölkədəki avtomobilləri illik vergiyə cəlb etməklə kompensasiya etmək olar. Avtomobil vergisini isə Qərb ölkələrindəki kimi avtomobilin yaşına, motorun və təbiətə buraxdığı zəhərli qazların həcminə s. görə differensiallaşdırmaq olar. 2019 – cu ildə avtomobil idxalına tətbiq olunan gömrük rüsumundan büdcəyə 131,3 mln manat daxil olub, 2021-ci il üzrə isə proqnoz 91 mln manat təşkil edir. Bu elə də böyük rəqəm deyil.
Statistikaya görə ölkədə 1,334 min avtomobil var. Rüsumun ləğviylə avtomobil sayı qısa müddətdə 2 mln-u ötə bilər. 2 mln avtomobildən illik vergi daxilomaları gömrükdə tutulan gömrük rüsumdan daha çox ola bilər. Gömrük rüsumunun ləğvi bu şəkildə kompensasiya oluna bilər.
Ölkəyə avtomobil idxalının artımının multiplikator effekti olacaq. Sığorta bazarı, yanacaq satışı, avtomobil təmiri bazarı, avtoyuma bazarı və ehtiyat hissələri bazarlarının böyüməsi hesabına vergi daxilolmaları artacaq. Bu bazarların böyüməsi məşğulluğa da müsbət təsir edəcək. İdxalda liberallaşmaya görə itirilən büdcə daxilolmaları dəfələrlə kompensasiya olunacaq.
Yanacağa olan tələbin yüksəlməsi hesabına aksiz vergisindən büdcənin daxilolmaları artacaq. Yanacağın satışının artımından gələcək aksiz vergisinin hesabına avtomobil idxalına tətbiq edilən aksiz vergisini də optimallaşdırmaq mümkündür.
Mənfi təsirlər kimi yol infrastrukturunun yüklənməsi (tıxaclar), ekologiyanın çirklənməsi və avtomobil qəzalarından dolayı səhiyyə və sosial sistemin yüklənməsi nəzərdən keçirilə bilər. Bu sahələrdə müvafiq proqramlar (infrastrutur investisiyaları, yaşıllaşdırma, sürücülük vəsiqəsinin verilməsində rüşvətin ləğvi və s) həyata keçirməklə mənfi təsirləri azaltmaq mümkündür.
Hakimiyyətin avtomobil idxalından qara kassası yaxud başqa korrupsiya maraqları (monopolya) yoxdursa bu sahədə müsbət dəyişikliklər etməsinə maneə yoxdur.
Tarix: 29-08-2021, 21:56
Xəbəri paylaş





Xəbər lenti