1 trilyon dollar itkisi: Kriminal əməliyyatlar kriptovalyuta ilə maliyyələşir?




Çin Mərkəzi Bankı kriptovalyutalar ilə əlaqədar bütün əməliyyatların qadağan edildiyini açıqlayıb.
Çin Mərkəzi Bankı veb saytından etdiyi açıqlamada kriptovalyutalar ilə əlaqədar bütün əməliyyatların qadağan edildiyini, kriptovalyutalar ilə əlaqədar qeyri-qanuni maliyyə fəaliyyətlərinin cəzalandırılacağını bildirib.
Açıqlamada “Bitcoin” də daxil olmaqla heç bir kriptovalyutanın rəsmi pul vahidi olmadığı və dövriyyədə olmamaları qeyd edilib. Xəbərdən sonra “Bitcoin” 4.5% ucuzlaşıb, “Ether” və digər kriptovalyutalar da geriləyib.
Maraqlıdır ki, dünyanın ən böyük iqtisadi bazarının bu addımı virtual pulu ucuzlaşdıracaqmı?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, kriptovalyutlar onsuz da bu tip xəbərlərdən sonra qiymət dəyişmələrinə məruz qalır:

“Əslində Çinin Mərkəzi Bankı daha öncə də belə bir açıqlama yaymışdı. Ancaq bu dəfə məsələyə daha ciddi yanaşaraq, cərimələrin olacağını da bildirdi. Bu açıqlama bazarları silkələdi. Digər kriptovalyutaların qiyməti əsas “Bitcoin”lə bağlıdır. Bu açıqlamadan sonra “Bitcoin”in qiymətin 6-7 min dollar - 44 mindən 38 minə qədər düşdü.Sonra yenidən başqa xəbər axınlarının fonunda 40 minədək qalxdı. Amma bu ciddi siqnaldır ki, böyük ölkələr nəzarətsiz pul dövriyyəsindən narahatdır. Çünki kifayət qədər böyük həcmdə vəsaitin dövriyyəsi baş verir. Söhbət 1 trilyon dollara yaxın vəsaitdən gedir. Bu da dünya ölkələrində narahatlıq yaradır. Çünki qeyri-qanuni əməliyyatların kriptovalyutalar tərəfindən maliyyələşdirilməsi də üzə çıxır. Müxtəlif kriminal əməliyyatların kriptovalyutalar tərəfindən maliyyələşdirildiyi dünya mediasında müzakirə edilir”.
Onun sözlərinə görə, Azərbaycandakı yatırımçılar da bu kimi məsələlərə diqqət yetirməlidir:
“Əgər digər böyük ölkələrin mərkəzi bankları bənzər addımlar atmağa başlasalar, kriptovalyutaların gələcəyi sual altına düşəcək, onların həyatda qalma şansı azalacaq. Çinin atdığı ilkin və çox ciddi siqnallardan biridir. Digər ölkələrin bənzər addım atması ehtimalı da yüksəkdir. Azərbaycanda az sayda fərdi investorlar bu sahəyə yatırım edir. Amma Azərbaycandakı yatırımçılar da diqqətli olmalıdırlar. Çünki həddən artıq dalğalı bazar olduğundan kifayət qədər vəsait itirə də bilərlər”.
Tarix: 27-09-2021, 18:06
Xəbəri paylaş





Xəbər lenti