QHT Agentliyi yeni yaranmış MMC-ni necə tender qalibi etdi? - BU NƏDİ BELƏ?


Adı son günlər qalmaqallardan əskik olmayan və barəsində çox ciddi ittihamlar səslənən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və onun rəhbərliyi deyəsən, nəhayətdə "silisə çəkilməli" olacaq. Hər halda, aşağıda DİA.AZ olaraq təqdim edəcəyimiz faktı nəzərə alara dövlətin müvafiq qurumları başında deputat Azay Quliyevin dayandığı bu şəbəkənin realda hansı işlərlə məşğul olduğunu diqqətə alıb, gərəkən hüquqi addımı günlərin birində atmalıdır. Beləliklə...

"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bir müddət öncə 2-ci təcrübə və inkişaf proqramının satın alınması ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi “OMNI Travel” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Proqramın keçirilməsinə 47 110,00 AZN xərclənib. Vəsaitin konkret nəyə sərf edildiyi barədə isə heç bir məlumat yoxdur..." Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.

Məlumatda daha sonra bildirilir: "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "OMNI Travel" MMC (vöen: 1007957971) 27 dekabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mir Cəlal, 9A mkr, ev B31, mənzil 18-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılova Aygün Sabir qızıdır.

"OMNI Travel" MMC barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Ümumiyyətlə, dövlət satınalmalarının elektron portalında "OMNI Travel" MMC barədə məlumat tapmaq mümkün deyil. Halbuki belə bir əhəmiyyətli sifarişi həyata keçirən şirkətin peşəkar təcrübəsi olmalıdır. Təəssüf ki, şirkətin adi internet səhifəsi mövcud deyil.

Belə bir sual ortaya çıxır. QHT Agentliyinin yeni yaranmış, heç bir təcrübəsi olmayan MMC-ləri tender qalibi etməkdə məqsədi nədir?"

Bütün bu faktlarla bağlı dia.az olaraq əlaqədar qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...
Tarix: 13-09-2023, 11:22
Xəbəri paylaş





Xəbər lenti