"Dolların iki qat qalxdığı ölkənin bank sektorunda xarici valyutalı kreditlərin ödənişi də çətinləşir" - Ekspert danışır...

"Dolların iki qat qalxdığı ölkənin bank sektorunda xarici valyutalı kreditlərin ödənişi də çətinləşir"
Azərbaycandakı bankların cəmi kredit portfeli 2023-cü ilin sentyabr ayında avqust ayı ilə müqayisədə 467 milyon 697 min manat artaraq 22 milyard 281 milyon 884 min manata çatıb. Mərkəzi Bankın aylıq hesabatında qeyd edilir ki, sentyabr ayında bankların biznes kreditləri portfeli 256 milyon 883 min manat artaraq, 12 milyard 78 milyon 674 min manata, istehlak kreditləri portfeli 147 milyon 599 min manat artaraq, 6 milyard 680 milyon 114 min manata, ipoteka kreditləri portfeli 63 milyon 215 min manat artaraq, 3 milyard 523 milyon 95 min manata çatıb. Diqqətçəkən məqam əhalinin kredit borcunun (istehlak və ipoteka kreditləri) 10 milyard manat səviyyəsini keçərək ilk dəfə 10 milyard 203 milyon 209 min manata çatması olub. Yəni əhalinin kredit alma səviyyəsi artıb.
Bu gün çox insan ehtiyaclarını həyata keçirmək üçün kredit götürür. Bəzən qarşıya qoyulan planları həyata keçirə bilmirik, bəzən işlərimiz alınmır və bu kreditləri ödəyə bilmirik. Sonradan mübahisəmizi məhkəmədə qarşısında müzakirə etməli oluruq.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, problemli kreditlər borc alanın asanlıqla qaytara bilmədiyi kreditlərdir. Bu kreditlər əsasən, borc müqaviləsinin şərtlərinə uyğun olaraq, geri qaytarılma şübhəsi və ya əsas borcun ödənilməsi ehtimalı çətinləşdikdə ortaya çıxır.

İqtisadçının fikrincə, belə məqamlar adətən iki haldan, ya kredit verilərkən aparılan natamam analitik prosedurlar, ya da kredit verildikdən sonra iqtisadi şərtlərin mənfi istiqamətdə dəyişməsindən qaynaqlanır. Pünhan Musayev qeyd edib ki, ikincinin proqnozlaşması çətin olduğundan, banklar daha çox birinci (qeyri-adekvat təhlil) cəhətdən “qınağa” məruz qalırlar. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bank heç bir güzəşt etmədən, yalnız zərərləri minimuma endirməyə çalışsa, faktiki olaraq kredit verilişi və mənfəətinin azalmasına da səbəb ola bilər.

“Ona görə də, banklar bəzi hallarda necə deyərlər “göz yummağa” da məcburdurlar. Bir sözlə, proses varsa problem də hər zaman olacaqdır. Ancaq, məsələ problem səviyyəsindədir ki, bir baxımdan bu da monitorinqin tezliyi və keyfiyyətindən irəli gəlir. Eynilə tibbdə olduğu kimi, xəstənin sağalması ilk növbədə vaxtında və düzgün qoyulan diaqnozdan asılıdır”-deyə Pünhan Musayev əlavə edib. O, qeyd edib ki, aşkarlandıqdan sonra onun həlli borcun başqa yollarla yenidən maliyyələşdirilməsi və ya başqa borc verənə satılması, restrukturizasiyası, vəziyyət düzələnə qədər monitorinqi, girov və ya ləğv ilə nəticələnə bilər. Bu da əlbəttə ki, borcverən və alanın vəziyyətindən də bilavasitə asılıdır.

“Məsələn, problem bankdadırsa və ya bank müflis olubsa, onun aktivləri satılmaqla, əgər müştəridədirsə bəzi ölkələrdə olduğu kimi zəruri ödənişlərinin borca silinməsilə həyata keçirilə bilər”-deyə iqtisadçı vurğulayıb.

Pünhan Musayev bildirib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi bank-kredit sistemində də vəziyyət devalvasiyadan sonra dəyişdi. Dolların kursunun iki qat artması, xüsusən xarici valyutada olan kreditlərin ödənilməsini çətinləşdirdi. Onun sözlərinə görə, digər tərəfdən də ölkəyə idxal mallarının bahalaşması və istehlak bazarında xərclərin artması belə borcların taleyini qeyri-müəyyən edirdi.

“Belə vəziyyətdə əhalini də qınamaq olmurdu, məsuliyyət birbaşa hökumətin üzərində idi. Çünki qərarı hökumət vermişdi, sadə vətəndaş devalvasiyanın nə olduğunu bilmirdi. Yaxşı olardı ki, hökumət qeyri-neft ixracı ilə əlaqələndirdiyi bu qərarı verməzdən öncə ssenarilər hazırlayıb müəyyən kompensasiya və güzəştlər nəzərdən keçirərdi. Bu da olmadığından, bir müddət vətəndaşla bank arasında ilişib qalan problemin həlli, yenə də neft qiymətləri normala qayıdandan sonra büdcə vəsaitlərinə həvalə olundu”-deyə Pünhan Musayev vurğulayıb.

İqtisadçı əlavə edib ki, o vaxtdan indiyə qədər həcmi 3 dəfə azalsa da, yenə də sektorda problemli kredit (500 milyon manat) var. Bu da çox güman ki, devalvasiyadan sonra silinən və ya güzəşt olunan borcların bütün borclara tətbiq olunacağını düşünənlərin, kreditlərin analitikasını aparanların peşəkarlıq səviyyəsi, istehlak kreditləri üzrə cəlbedici reklamlar və bəzi bankların öz maliyyə göstəricilərini yaxşı göstərməyə çalışması kimi başqa nüansların səbəb olduğu vəziyyətdir.

“Sadəcə, tutum baxımından ümumi kredit portfeli və dinamikada o qədər də narahatlıq doğurmur”-deyə ekspert əlavə edib.
Tarix: 13-11-2023, 15:04
Xəbəri paylaş





Xəbər lenti