"Hökumət və Mərkəzi Bankın bütün addımları ölkədən daha az valyuta çıxmasına hesablanıb" - NATİQ CƏFƏRLİ

"Amma anlamırlar ki, SSRİ-də belə, pulun qarşısını ala bilmədilər, cinayət məsuliyyəti olsa da valyuta alış-verişi "qara bazar"da mövcud idi"
"Ölkədə bir neçə ildir ki, valyuta alış-satışında məhdudiyyətlər tədbiq edilirdi. Məsələn, il ərzində 20 min manat ekvivalentindən çox istənilən valyuta almağa maneələr yaradılırdı, müxtəlif sənədlər istənilirdi, mənasız kağız-kuğuz işi tələbi var idi. Bu il Mərkəzi Bankın yeni rəhbəri hörmətli Taleh müəllimlə iki dəfə görüşmüşük, müzakirələr zamanı bu məsələ də gündəmə gəlmişdi. İndi Mərkəzi Bank 11 dekabr 2023-cü ildə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” haqqında rəsmi qərar verib. Qərarda deyilir ki, vətəndaşlar 500 dollara qədər dolar (avro, funt və s.) alarkən, 10 min dollara qədər satarkən heç bir sənəd tələb olunmayacaq, il ərzində hər bir vətəndaş 20 min manat dəyərində istənilən valyutanı əsaslandırmadan ala bilər, daha çox almaq istəsə vəsaitin mənbəyi haqqında məlumat verməlidir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
"Əgər bu məsələnin qanun-qayda ilə tənzimlənməsi indi qəbul edildisə, bəs banklar bir neçə ildir vətəndaşlardan hansı əsaslarla bu qaydalara əməl etməyi, onlardan sənəd tələb edirdilər" sualını cavablandıran iqtisadçı ekspertin bildirib ki, hökumət və Mərkəzi Bankın bütün addımları ölkədən daha az valyuta çıxmasına, vətəndaşın daha az valyutaya yönəlməsinə hesablanıb: "Amma anlamırlar ki, SSRİ-də belə, pulun qarşısını ala bilmədilər, cinayət məsuliyyəti olsa da valyuta alış-verişi "qara bazar"da mövcud idi. Yəni, sərt qaydalarla, məhdudiyyətlərlə bu məsələni tənzimləmək, nəzarətdə saxlamaq mümkün deyil, kim milyonlarla dollar ölkədən çıxara bilirdisə, eləcə də çıxardacaq, amma sadə vətəndaşlara başağrısı olacaq. Hətta bu qaydaların özü belə simvolikdir, yanından keçmək, üzərindən atlamaq mümkündür. Yaxşı, niyə o zaman belə qaydaları tədbiq edərək ölkənin, zatən bərbad olan investisiya imicinə daha da zərbə vururlar?! Bax, bu suala cavab üçün addımların məntiqi olmalıdır, bizim hökumətdə isə ən böyük defisit məhz məntiqdir".
Tarix: 27-12-2023, 22:19
Xəbəri paylaş





Xəbər lenti