Pensiyalar oktyabrın 20-dən tez verilməyəcək... – DSMF hər ay ödəniş tarixini niyə irəliyə doğru “sürüşdürür”?


Oktyabr ayında rayonlarda əhaliyə pensiya və müavinətlərin, o cümlədən güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin təqaüdlərinin hansı tarixdə ödəniləcəyi hələ ki, məlum deyil.
“AzPolitika” xatırladır ki, sentyabr ayında da gecikmə baş vermişdi. Belə ki, sözügedən ayda əhaliyə pensiya və müavinətlərin əvvəlki aylara nisbətən bir neçə gün gec ödənilməsi narazılıqlara səbəb olmuşdu.
Xatırladaq ki, ötən ay Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda ödənişlər sentyabrın 10, rayonlarda və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin təqaüdləri isə 17-də həyata keçirilib. Oktyabrın 10-da paytaxt və Sumqayıt sakinlərinin ödənişləri verilsə də, Dövlət Sosial Müdafiə Fondu (DSMF)bölgələr üçün tarixi müəyyən etməyib.
DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Mehdili bu barədə sorğuları cavablandırarkən bildirib ki, ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir. Onun sözlərinə görə, əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək.
“Qeyd olunanları nəzərə alaraq, hazırda müəyyən edilmiş qrafikə görə, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir”, - o əlavə edib.

R.Mehdili konret tarix açıqlamasa da, bildirib ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir. “Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməmişdir”, - DSMF sözçüsü vurğulayıb.
Rəşad Mehdilinin açıqlamasından bu qənaətə gəlmək olar ki, bölgələrdə yaşayanlar, o cümlədən xüsusi şərtlərlə pensiya hüququ olan şəxslər oktyabrın 20-dən tez ödəniş ala bilməyəcəklər. DSMF yeni qrafik müəyyən edib və vurğulanır ki, ayın 28-nə qədər vətəndaşların pensiya və müavinətləri ala bilməsi normaldır. O, xüsusi olaraq qeyd edir ki, ödənişlər cari ay üçün nəzərdə tutulduğuna görə onun hansı tarixdə ödənilməsini DSMF müəyyənləşdirir. Çünki ödənişlərin verilməsi başqa aya keçirilmir. Amma R.Mehdili bir məqamı unudur ki, vətəndaş pensiya və ya müavinəti avqust ayının 14-də, sentyabrın 17-də alıbsa, oktyabrda isə daha bir neçə gün gecikməsi əhalinin sosial baxımdan həssas olan bu təbəqələrinə problemlər yaradır. Əgər oktyabrda ödənişlər sentyabrdakı tarixdən daha bir həftə gec ödəniləcəksə, bu artıq o deməkdir ki, vətəndaş 37 gündən sonra gəlir əldə edir. Bu da dərman, qida, kredit ödənişləri və s. ehtiyaclarını dövlətin verdiyi bu ödənişlər vasitəsi ilə qarşılayan vətəndaşlar üçün ciddi problemlər deməkdir.
Maraqlı məqamlardan biri odur ki, DSMF pensiya və müavinətlərin qrafikinin hansı səbəbdən hər ay irəli tarixə “sürüşdürülməsinin” səbəbini açıqlamır. Bir halda ki, qurum gəlirlərinin artdığı barədə məlumatlar açıqlayır, o zaman ictimai narazılıq doğuran qrafikdəyişmə əməliyatına hansı zərurət var? DSMF-nin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 139,9 mln. manat və ya 3,5% artım qeydə alınıb. Qeyd olunur ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 111,4 mln. manat və ya 8,6%, qeyri-büdcə təşkilatları üzrə isə 277,3 mln. manat və ya 11,2% artımla olub.
Belə görünür, yığım hər ay artımla olur, maliyyə problemi də yoxdur, o zaman DSMF gecikdirilmənin səbəbləri barədə ictimaiyyətə dolğun məlumat verməyə borcludur.
Tarix: 16-10-2024, 21:45
Xəbəri paylaş





Xəbər lenti