OVÇU PİRİMə dönən hakimiyyət
Yenə Azərbaycanda “bəy tərifi”dir, yenə köpüklü sözlər, siyasi həyatda “piyada” olan kəslərin Ay gəzintisi, Mars görüşləri. Həqiqət isə ondan ibarətdir ki, bu iqtidar özündə 24 ilin uğursuzluqlarını daşıyır. Elə onu demək kifayət edər ki, torpaqlarımızı işğaldan hələ də azad edə bilmir. Məhz bu baxımdan ərazi bütövlüyümüz dünya üçün adiləşməkdə, köhnəlməkdə ! Qəsb edilmiş torpaqlarımız barədə isə iqtidar nümayəndələri elə bir tərzdə danışırlar ki, guya təcavüzkar tərəf torpaqlarımızı işğal etməyin peşmançılığını çəkir. Dərviş Məstəli Şah demişkən; – Bu qədər də barıt olar… Gəlin, xalqı həqiqətdən azdırmayaq.Bu gün HAYlar Xəzər hövzəsinə çıxış əldə etməyin, neft ölkəsi olmağın yanğısını yaşayır. Onlar heç bir vaxt Azərbaycan dövlətinə acımayacaqlar. Bir xalq kimi bacarıqsızlığımızın səbəbi İDARƏÇİLİYİN DÜŞÜNCƏ LİLİPUTLUĞUndadır. Hakimiyyətinsə günahı “daş”ları yerinə oturda bilməməsindədi. Ölkə daha bir böyük təhlükə ilə üz-üzədir. Azərbaycan xalqı XALQ kimi ölməkdə ! Öldükcə sünni kimi, şiə kimi dirilməkdədir. Cəmiyyətdə baş qaldırmaqda olan bu xəstəlik düşüncələrdə iltihab yarada bilər. İqtidar bu xəstəliyi də dəf etməyə gücsüzdür. Bugünkü Parlamentimiz mənə quldarlıq dövrünün müti adamlarını xatırladır. Adam çörəyi çörək kimi yeyər, yal kimi yox! Elə ona görə də yal yeyənə “yaltaq” deyib babamız.( Təbii ki, BABA dedikdə söhbət Heydər Əliyevdən getmir. Söhbət ad, ayama qoyan babamız Qorquddan gedir.) Kölə, qul xarakterli idarəçiliklə Azərbaycanın kölə, qul sabahından danışmaq olar.
Hakimiyyət o qədər əngəl-kələflik edib, özünə o qədər düyün vurub ki, dar ağacına çəkilməyimi, küçədə qızılı güllənin qurbanı olmağımı istəyərdim. Lakin bu iqtidarda təmsil olunmağımı yox. Çünki bu idarəçilik Azərbaycan tarixinə sadəcə olaraq XRONOLOJİ ARDICILLIQ kimi düşəcək. Mən isə yaşamağı sevirəm ! Bir doğru olanı da xatırlatmaq yerinə düşərdi ki, hakimiyyət OVÇU PİRİMə dönüb. Bir güllə ilə bir torba dovşan vurur. Məsələn: 1993-cü ildən 2016-cı ilə qədər yeni iş yerlərinin açılıb əhalinin işlə təmin olunması ilə bağlı statistik göstəricilərə nəzər salsaq şişirtməni bir az da aydın görmüş olarıq. Bu göstəricilərdən belə nəticə çıxır ki, Azərbaycan Respublikası otuz milyonluq bir ölkədir. Nə danışdığını başa düşməyən iqtidar Azərbaycan xalqının nə dediyini haradan bilsin axı. Nəysə…Bu idarəçiliyin yerində heç qazanda cızhacızla qızaran bişmiş toyuq da olmaq istəməzdi.
Hikmət NİKBİN
Tarix: 1-02-2017, 23:15