Azərbaycan-Rusiya: Münasibətlər getdikcə soyuyur

Azərbaycan-Rusiya: Münasibətlər getdikcə soyuyur Üzeyir Cəfərov: “Prinsipiallıq göstərmədikcə haqqımzı yeyirlər”

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti dəfə görüşünün keçirilməsini təklif edib.Təklif xarici işlər naziri Sergey Lavrovdan gəlib.Lakin Elmar Məmmədyarov erməni həmkarıyla görüşdən imtina edib. Məlumata görə, Məmmədyarov “Konkret nəticə olmayacaqsa belə, bir görüş baş tutmayacaq”-deyib.Uzun zamandır davam edən danışıqlar prosesi nəticəsizdir və prosesin uzadılması yalnız Ermənistanın və ona havadarlıq edən Rusiyanın maraqlarına xidmət edir.Bu baxımdan da Azərbaycan tərəfinin növbəti görüşdən imtina etməsi anlaşılandır.
Azərbaycan-Rusiya: Münasibətlər getdikcə soyuyur

“Cümhuriyət” qəzetinə açıqlamasında hərbi-siyasi ekspert Üzeyir Cəfərov deyib ki, Rusiya Dağlıq Qarabağ məsələsiylə bağlı heç bir konkret addım atmaq fikrində deyil: “Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında belə bəlli oldu ki, artıq Rusiyanın mövqeyi bizim rəsmilərə də tam aydındır. Ona görə də hesab edirəm ki, Sergey Lavrovun Qarabağla bağlı məlum çıxışından sonra Azərbaycan Fransa və ABŞ-dan mövqe tələb etməli idi ki, onlar da Rusiyanın bu mövqeyini bölüşür, yoxsa yox. Azərbaycan çox təəssüflər olsun ki, bu məsələnin üstünə getmədi və sona qədər prinsipiallıq nümayiş etdirmədi.Türkiyənin susmasından belə məlum oldu ki, onlar da Rusiyanın mövqeyini bölüşür. Türkiyənin susması faktiki olaraq bu cür düşünməyə əsas verdi”.

“Vəziyyət kritikdir”

Hazırda Rusiyanın başının digər problemlərə qarışdığına diqqət çəkən Ü.Cəfərov bildirib ki, Məmmədyarovun açıqlamasından belə göründü ki, vəziyyət bizim düşündüyümüzdən də kritikdir:

“Rusiyanın Dağlıq Qarabağla bağlı tutduğu mövqe birbaşa olaraq Azərbaycanın maraqlarına ziddir. Bu da Azərbaycana heç də yaxşı perspektiv vəd etmir.Ona görə də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünün qəti əleyhinəyəm.Bunlar məqsədli şəkildə Azərbaycanı bir karuselə cəlb ediblər.Bu görüşlər mənasız danışıqlar və boş müzakirələrdən başqa bir şey deyil.Azərbaycan hansı danışıqları aparmalıdır?Mən bizim rəsmilərin bəzi addımlarının heç cür qəbul edə bilmirəm.Azərbaycan ultimatum verməlidir ki, şəhid olmuş əsgərin meyidi geri qaytarılsın.Bir aydan çoxdur ki, əsgərimizin nəşi qaytarılmır, biz isə görüşlər keçirməyə, danışıqlar aparmağa çalışırıq.

ATƏT-in Minsk Qrupu, Rusiya öz kefindədir, ABŞ-ın isə Qarabağ məsələsiylə bağlı məşğul olmağa nə vaxtı, nə də həvəsi var. Dağlıq Qarabağ məsələsi sanki bu siyasətçilər üçün bir kazinodur, onlar da gəlib sadəcə vaxt keçirirlər, əylənirlər, yaxşı pul qazanırlar. Dəfələrlə demişəm ki, Azərbaycan çoxdan Anjey Kasprşiki Bakıdan qovmalı idi.Bu cəsus birbaşa ermənilərin xeyrinə işləyir. O, artıq beynəlxalq qurumları da çox yaxşı yemləyir, onlarda Kasprşikin mandatını uzadırlar. Ümumiyyətlə, mən hesab edirəm ki, Elmar Məmmədyarov Rusiyanın təklifinə rədd cavabı veməli və heç bir görüşə getməməlidir.Azərbaycan diplomatiya sahəsində çox ciddi prinsipiallıq göstərməlidir.Bunu etmədikcə bizim haqqımızı yeyirlər.Azərbaycan konkret tələblər irəli sürməlidir ki, işğalçı bəlli, işğala məruz qalan dövlət bəlli.Konkret işə keçmək lazımdır.Beynəlxalq qurumlar, Rusiya və digər ATƏT ölkələri vaxt keçirirlər və zərbə də Azərbaycana və xalqa dəyir”.(Cebhe.info)
Tarix: 3-02-2017, 10:53
Xəbəri paylaş





Xəbər lenti